Məhkəmə qərarları › İş №2(103)-5100/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5100/2023

08.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5100/2023 08.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Fidan Əhmədlinin iştirakı ilə, iddiaçı "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" KB QSC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçı (kredit verən) ilə cavabdehin (kredit alan) arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1xx/xx/122660/14 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 995,70 manat, faiz borcu kimi 844,76 manat, cərimə kimi 1.045,40 manat, borcun qaytarılmasının gecikdirilməsinə görə faiz kimi 311,36 manat, cəmi 3.197,22 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia rədd olunsun. Birinci instansiya məhkəməsi iddianı ona görə rədd edib ki, iddia müddəti keçib, cavabdeh isə iddia müddətinin tətbiqi barədə ərizə verib. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" KB QSC-nin nümayəndəsi Fidan Əhmədli apellyasiya şikayətinin əsaslı oluğunu bildirdi. Cavabdeh məhkəmə iclsında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. Müəyyən olunur ki, iddia müddəti keçib. Belə ki, kredit müqaviləsi xx.xx.2014-cü ildə bağlanıb, kredit müddəti 24 ay – xx.xx.2016-ci ilədək müəyyən edilib. Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı xx.xx.2016-cı ildə başlayıb, xx.xx.2019-cu ildə bitib. İddiaçı 2 dəfə iddia ərizəsi verib. Birinci iddia ərizəsi xx.xx.2019-cu ildə, yəni iddia müddətinin bitməsinə 13 gün qalmış verilib. Bu iddia ərizəsi Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılıb. Məhkəmə ona əsaslanıb ki, hazırkı kredit müqaviləsinə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanı tətbiq oluna bilər, lakin iddiaçı pretenziya qaydasına riayət etdiyini, yəni kredit məbləğinin restrukturizasiya olunması təklifi ilə kredit alana müraciət etdiyini təsdiq edən hər hansı sənəd təqdim etməyib. Fərmana görə, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzətli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu müddəti xx.xx.2019cu ildə bitib. İddia ərizəsi baxılmamış saxlanıldıqdan 3 il 3 ay sonra - xx.xx.2023-cü ildə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Ötən 3 il 3 ay ərzində iddiaçı hazırkı kredit münasibətdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmanın icrası ilə bağlı heç bir tədbir görməyib. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar