Məhkəmə qərarları › İş №2(103)-5104/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5104/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5104/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı "xxxx" ASC-nin prosessual hüquq varisi "xxxx" QSC BOKT-un nümayəndəsi Nümayəndə, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2395/2007 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 35.000 ABŞ dolları məbləğində əsas, 5.248 ABŞ dolları məbləğində faiz, 7.875 ABŞ dolları məbləğində cərimə, cəmi 48.123 ABŞ dolları məbləğində borcun, ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2395/2007 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 35.000 ABŞ dolları məbləğində əsas, 5.248 ABŞ dolları məbləğində faiz, 7.875 ABŞ dolları məbləğində cərimə, cəmi 48.123 ABŞ dolları məbləğində borc (ekvivalenti Milli Bankın kursuna müvafiq olaraq manatla), habelə ödənilmiş 19,80 manat məbləğində dövlət rüsumu tutulmuşdur. Həmin qətnamədən Cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 5104/2024 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bundan sonra məhkəmə kollegiyası qeyd edilən kredit müqaviləsi üzrə tələb hüququnun "xxxx" QSC-yə güzəşt edilməsini nəzərə alaraq, iddiaçı "xxxx" ASC-ni onun hüquqi varisi "xxxx" QSC BOKT-la əvəz etmişdir. Apellyasiya şikayətinə əsasən işə baxılan zaman əldə edilmiş sənədlərdən apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5104/2024 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2395/2007 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, 2007-ci ilin digər mülki işləri kimi hazırki mülki iş də ekpertiza olunaraq, məhv olunmuş və həmin ilin yalnız yekun məhkəmə aktları saxlanılmışdır (bu hal Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq olunur). Müraciətinə əsasən iş üzrə qətnamə xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim edilmiş və bundan sonra cavabdeh xx.xx.2024cü il tarixdə qətnamədən apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Həmin işin materialları məhv edildiyindən və hazırda iş yalnız bir neçə sənəddən, o cümlədən qətnamədən, apellyasiya şikayətindən və xx.xx.2024-cü il tarixli arayışdan ibarət olduğundan iş üçün əhəmiyyət kəsb edən sənədlərin əldə edilməsi üçün məhkəmə kollegiyası tərəfindən aidiyyəti üzrə sorğular göndərilmişdir. Bu zaman müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən qətnamə üzrə verilmiş icra sənədinin əsli itirildiyindən Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin müraciətinə əsasən onun dublikatı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən yenidən icraya yönəldilmiş və şöbə tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmiş “İcraata başlamaq haqqında” qərarla icra sənədi üzrə icraata başlanılmışdır. Həyata keçirilmiş icra tədbirləri nəticəsində tutma cavabdehin əmək pensiyasına yönəldilmiş və xx.xx.2022-ci il, habelə sonrakı tarixlərə aid inkasso sərəncamlarına əsasən artıq bir neçə ildir ki, bu qaydada icra olunur. Bu da öz növbəsində cavabdehin ən azı 2022-ci ilin dekabr ayından həmin qətnamə barəsində məlumatlı olmasını və bu baxımdan onun tərəfindən apellyasiya şikayətinin mülki prosessual qanunvericiliklə müəyyən edilmiş müddətlər buraxılmaqla verildiyini təsdiq edir. Bu da öz növbəsində apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün əsas yaradır və bununla bağlı aidiyyəti prosessual hərəkətlərin yerinə yetirilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5104/2024 saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2395/2007 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 360-cı, 363-cü, 384-cü, 400-cü, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5104/2024 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2-2395/2007 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar