Məhkəmə qərarları › İş №2(103)-5107/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5107/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5107/2025 25.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə qarşı iş üzrə (Açar sözlər: maddi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızı və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-115/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 noyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanda yerləşən, 943,8 kv. metr sahədən ibarət əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli dövlət reyestrdən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan 943,8 kv. metrdən ibarət olan daşınmaz əmlakın Xəqani küçəsi, 93 ümvanda yerləşən “C” tikilisinin 200 kv.metr sahəsi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("xxxx" İctimai Birliyi) qanunsuz istifadəsində olmuşdur. Cavabdeh həmin sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə etmişdir.

2. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 saylı qətnaməsi ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("xxxx" İctimai Birliyi) İddiaçı məxsus həmin 200 kv.metr sahədən çıxarılması qət edilmişdir.

3. Həmin qətnamə xx.xx.2024-cü il tarixdə icra olunmuş və cavabdeh iddiaçıya məxsus 200 kvm qeyri-yaşayış sahəsindən çıxarılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinə qarşı “maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən ("xxxx" İctimai Birliyi) 108000 manat icarə haqqı borcunun, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 300 manat ekspert xərcinin, 31 manat sifarişli poçt xərcinin və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 109168,66 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən, 943,8 kv. metr sahədən ibarət əmlak kompleksi kimi müəssisə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli dövlət reyestrdən çıxarışa əsasən onun mülkiyyətindədir. Mülkiyyətində olan, 943,8 kv. metrdən ibarət olan daşınmaz əmlakın Xəqani küçəsi, 93 ümvanda yerləşən “C” tikilisinin 200 kv.metr sahəsi “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin ("xxxx" İctimai Birliyi) qanunsuz istifadəsində olmuşdur. Cavabdeh həmin sahədən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə etmişdir. 08 avqust 2019-cu il tarixdə və 22 may 2022-ci il tarixdə cavabdehə yazılı surətdə müraciət edərək, mülkiyyətindəki qeyri-yaşayış sahəsinin boşaldılmasını tələb etmiş, lakin müraciətlərinə cavab verilməmişdir. Cavabdehin qanunsuz hərəkətindən və mülkiyyətində olan sahənin boşaldılması və vurulmuş ziyanın ödənilməsinə dair 10 iyun 2022-ci ildə iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Bu iddia üçün 437,66 manat dövlət rüsumu ödəmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 saylı qətnaməsi ilə “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi ("xxxx" İctimai Birliyi) İddiaçı məxsus olan sahədən çıxarılması qət edilmişdir. Məhkəmə qətnaməsi xx.xx.2022-ci il :arixində qüvvəyə minmiş və xx.xx.2022-ci il tarixində icra vərəqəsi verilmişdir. Lakin, cavabdeh müxtəlif bəhanələrlə icra hərəkətindən yayınmış, Səbail rayon icra şöbəsinin icra məmuru ilə icra hərəkətlərini icra etmək üçün getdikdə obyekti bağlamış və icradan yayınmışdır. Bunu həmin gün tərtib edilmiş aktlar, fotoşəkillər və video görüntülər təsdiq edir. Dəfələrlə Birliyin sədri Füzuli Əşrəfova, onun vəkili və nümayəndəi ilə görüşmüşdür. Mülkiyyətindən qanunsuz istifadəyə son qoymasını, obyektdən istifadəyə görə icarə haqqı ödəməyi, yaxud obyekti boşaltmağı tələb etmişdir. Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 saylı qətnaməsinin icrasını əngəlləmək məqsədi ilə cavabdeh ona və icra məmuruna qarşı müxtəlif əsassız iddia ərizələri verməklə mülkiyyətindəki sahəni boşaltmamışdır. 01 aprel 2024-cü ilə kimi cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “C” tikilisinin 200 kv. metr sahəsindən qanunsuz şəkildə istifadə etmiş və gəlir götürmüşdür. Mülkiyyətindəki qeyriyaşayış sahəsinə dair iddiaçı ilə hər hansı müqaviləsi yoxdur və ümumiyyətlə olmamışdır. Halbuki, başqasının mülkiyyətindəki olan sahədən istifadə edilməsi üçün mütləq şəkildə icarə müqaviləsi olmalıdır və icarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Bakı şəhərinin Xəqani küçəsi ticarət və xidmət fəlaiyyəti üçün ən gəlirli yerlərindən hesab edilir. Bu ərazidə 1-ci mərtəbədə yerləşən obyektlərinin 1 Kv.metrinin icarə qiymətləri 30- 50 manat arasında dəyişir. Onun mülkiyyətində olan və cavabdeh tərəfindən istifadə edilən qeyri-yaşayış sahəsinin 1 kv. metr sahənin icarə qiymətinin müəyyənləşdirilməsi üçün tərəfindən Azərbaycanda tanınmış qiymətləndirmə şirkəti olan "xxxx" MMC-yə müraciət etmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ƏEM/M 73-199/24 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən hüquqi ünvanı ünvan 2 Səbail rayonu, Xaqani küçəsi, 93 ünvanında yerləşən “C” tikilisinin 200,0 kv.metr sahəsinin 1 kv.metr üzrə orta aylıq icarə haqqı 27 mart 2024-cü il tarixinə 30,0 (otuz) manat/1 kv.metr (vergi və digər xərclər xaric) təşkil edir. Beləliklə də, cavabdeh hər ay ona ən azı 6000 (altı min) manat ziyan vurmuşdur. Belə olan halda, 01 oktyabr 2022-ci il tarixindən 01 aprel 2024-cü il tarixinə qədər olan müddət 18 ay təşkil edir və riyazi hesablamalara əsasən ona 108.000 manat (18 ay x 6.000 manat (hər ay üçün icarə haqqı) məbləğində maddi zərər vurulmuşdur. Bundan əlavə 2022-ci ildə Səbail Rayon Məhkəməsinə cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia verilən zaman 438 manat dövlət rüsumu ödəmişdir. Bir neçə dəfə poçt vasitəsi ilə sifarişli xəbərdarlıqlar göndərmişdir. Mülkiyyətində olan daşınmaz əmlaka cavabdehin qanunsuz sahibliyi nəticəsində ona xeyli miqdarda ziyan dəymişdir. Tərəfindən 15 mart 2024-cü tarixdə cavabdehə vurulmuş zərərin könüllü surətdə könüllü surətdə odəlməsinə dair pretenziya məktubu göndərilsə də, heç bir nəticəsi olmamışdır. Cavabdehin qanunsuz hərəkətindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, qeyd edir ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul deyil və adına VÖEN yoxdur. Bu səbəbdən də mübahisə kommersiya mübahisəsi hesab edilmir. Vurulmuş zərərin ödənilməsinə dair iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, Səbail Rayon Məhkəməsinin 10 may 2024- cü il tarixli, 2(009)-1168/2024 saylı qərardadı ilə vergi ödəyicilərinin məlumatına əsasən cavabdehin hüquqi ünvanı ünvan 4ni və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Eyni zamanda həmin qərardadda izah edilmişdir ki, cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi üzrə müraciət etməlidir.

6. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən ("xxxx" İctimai Birliyi) 108.000 manat vurulmuş ziyanın, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, 300 manat ekspert xərcinin, 31 manat sifarişli poçt xərcinin və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 109.168,66 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyindən ("xxxx" İctimai Birliyi) 108.000 manat vurulmuş ziyanın, 2022-ci ildə 437,66 manat məbləğində ödənilmiş dövlət rüsumunun, "xxxx" MMC-yə ödənilmiş 300 manat qiymətləndirmə xərcinin, 31 manat sifarişli poçt xərcinin, ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun, "xxxx" MMC-yə ödənilmiş 300 manat və “X1 Mərkəzi” MMC-yə ödənilmiş 400 manat, ümumilikdə 109.868,66 manat pulun alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-115/2025 saylı, 01 iyul 2025-ci il tarixli qətnaməsi ilə (hakim A.Oruclu) iddia qismən təmin edilərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən 99000 (doxsan doqquz min) manat, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı “X1 Mərkəzi” MMC-nin hesabına ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 387 (üç yüz səksən yeddi) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə sadalanan qanunvericilik normalarını rəhbər tutmaqla, işin faktiki hallarını, cavabdehin qüvvədə olan məhkəmə qətnaməsinin icrasını gecikdirdiyini nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4.1, 14.2, 77.1, 82.3, 106.1, 217.4-cü maddələri və Konstitusiya Məhkəməsinin plenum qərarlarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bir halı diqqətdən qaçırmışdır ki, ünvan 5 ünvan və orada yerləşən tikililər müxtəlif ölçülərdə ola bilər. O cümlədən, adı çəkilən “C” tikilisi 200 kv.m. ola bilər. Cavabdehin həmin ünvandan və ya C tikilisindən çıxarılması ilə bağlı məhkəmə qətnaməsi, həmin ünvanda və ya C tikilisinin mövcud olduğu bütün sahələrin cavabdehin istiafsdəsində olması anlamına gəlmir. Məhkəmədə müəyyən edilən və tərəflərin mübahisə etmədiyi hallara görə cavabdehin istifadəsinə verilmiş və onun faktiki istifadəsində olan sahə tikilinin 1-ci mərtəbəsində yerləşir. C tikilisinin isə faktiki olaraq 2-ci mərtəbəsi də vardır və ora giriş tikilinin arxa tərəfindəndir. Bundan başqa "xxxx" İB adı keçən mübahisəli sahəni özbaşına zəbt etməmiş, "xxxx" ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli icarə müqaviləsi əsasında, qanuni əsaslarla həmin ünvanda cəmi 120 kv.m. sahəni istifadəsinə almışdır. İddiaçının təqdim etdiyi mülkiyyət sənədi, Daşınmaz Əmlakın Reyestrindən Çıxarış onun adına xx.xx.2017-ci il tarixdə verilmişdir. Yəni, mülkiyyət sənədi onun adına verildiyindən iki il əvvəl həmin sahə cavabdehin icarəsinə verilmişdir. İcarədə olan 120 kv.m. və eləcə də iddiaçının adına olan çıxarışda qeyd edilmiş 943,8 kv.m., həmçinin həmin ərazidə mövcud digər tikili kompleksləri bütövlükdə "xxxx" ASC-nin mülkiyyətində olduğu işin mübahisə olunmayan haldır. İddiaçı "xxxx" ASC-nin 97 səhmdarlardan biridir. O, ASC-nin 100.530 ədəd səhmin sahibi olmaqla, ümumi səhmlərə nisbətdə 18,8501% malikdir. İddiaçı iddia qaldırılanda, iddiaya məhkəmədə baxılanda və qətnamə qəbul edilən tarixdə səhmdarların sırasında olmaqda davam etmişdir. Həm ASC-nin səhmlərinin 18,8501% səhmdarı olmaqla, həmdə eyni faizdə əmlakın onun mülkiyyətində olduğu əsasdan, cavabdehə qarşı tələbirəli sürə bilməz. Bundan başqa "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ciil tarixli icarə müqaviləsinə əsasən cavabdehin icarə sahəsindən çıxarıldığı təqdirdə, ona başqa sahə verilməsi ASC üçün öhdəlik kimi şərtləndirilmişdir. İddia ərizəsində tələbin əhatə etdiyi müddətlər ərzində tərəflər arasnda mövcud icarə müqaviləsi qüvvədə olmuş və ona xitam verilməmişdir. Məhz bu baxımdan "xxxx" İB-in ASC-nə qarşı idiası təmin edilmişdir və bununla bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli,e2-2(113)-873/2024 nömrəli qətnaməsindən sonra ASC tərəfindən "xxxx" İB başqa ünvanda yerləşdirilməsi təmin edilmişdir. Ona görə də ASC tərəfindən "xxxx" İB başqa ünvanda yerləşdirilənə kimi, mübahisəli icarə sahəsinin qanunsuz zəbt edilməklə, yaraqlayıb onun üzərinə öhdəlik qoyula bilməz. Adı çəkilən icarə sahəsi ilə bağlı iddiaçı məsələsini ASC ilə həll etməli idi. Bununla bağlı nəzərə alınmalıdır ki, iddiaçı adı çəkilən əmlakaın istifadəsi iləbağlı ona ziyan vurulması tələbini həmin əmlakın əvvəlki mülkiyyətçisi ASC tərəfindən ona təhvil verildiyi və əməli istufadəsinəaldığı gündən irəli sürə bilər. Həmin əmlakın ASC tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə təhvil verildiyi iş üzrə mübahisə olunmayan haldır. Ona görə də həin tarixə kimi onun cavabdeh "xxxx" İB-nə qarşı adıçəkilən sahə ilə bağlı ziyan vurma ilə bağlı tələbi əsassızdır. Digər tərəfdən, nəzərə alınmalı idi ki, vurulmuş ziyana görə mülki məsuliyyətin yaranması üçün mülki delikt və ortada real ziyan olmalıdır. Hazırkı iddiada cavabdeh "xxxx" İB tərəfindən törədilmiş deliktdən söz gedə bilməz. Çünki adı çəkilən icarə sahəsi ona icarə müqaviləsi əsasdan təhvil verilmişdir. İcarə ilə bağlı müqavilənin şərtinə görə də İcarədar tərəfindən başqa ünvanda yerləşdiyi gün icarə sahəsini boşaldıb, icarəyə verənə təhvil vermişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

15. İddiaçı isə apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi.

16. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsa da, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saydı.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi:

4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

23. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 943.8 kv.m olan əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət kimi İddiaçı adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmış, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyi iddiaçıya məxsus olan daşınmaz əmlakın “C” tikilisinin 200 kv.m. sahəsindən 2017-ci ildən ovçuluq məhsullarının satışı üçün istifadə etmişdir. Halbuki, onların arasında icarə müqaviləsi bağlanmamış və cavabdeh tərəfindən həmin qeyriyaşayış sahəsi ilə bağlı ona heç bir icarə haqqı ödənilməmişdir. İddiaçı həmin qeyriyaşayış sahəsinin boşaldılması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. Daha sonra iddiaçı cavabdehə qarşı “cavabdehin qanunsuz sahibliyində olan daşınmaz əmlakdan çıxarılması və dəymiş maddi zərərin ödənilməsi” tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1504/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmiş, qətnamə 16 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmiş və icra vərəqəsi 24 oktyabr 2022-ci il tarixdə verilmişdir. Məhkəmənin qətnaməsinin 2022-ci ilin oktyabr ayından qanuni qüvvəyə minməsinə baxmayaraq, cavabdeh həmin qeyri-yaşayış sahəsindən çıxmamış, xx.xx.2024-cü il tarixli akta əsasən cavabdeh 31 mart 2024-cü il tarixdə həmin sahəni boşaldaraq tərk etmişdir. Hazırda İddiaçı cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti" İctimai Birliyindən ("xxxx" İctimai Birliyi) 108.000 manat vurulmuş ziyanın ödənilməsini tələb edir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyriəmlak xarakterli olur. Zərərin əvəzinin ödənilməsinin mütləqlik xarakteri şəxsiyyət və mülkiyyət toxunulmazlığı haqqında Konstitusiya müddəalarına əsaslanır. Şəxsiyyət və mülkiyyət toxunulmazlığı hüquqlarını pozan hər cür hərəkətin qarşısı qətiyyətlə alınmalı və onun nəticəsində dəymiş zərərin əvəzi mütləq ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir. Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulduğu kimi hüququ pozulmuş şəxsə dəyən zərərin tərkibinə həm onun faktiki itkiləri, həm də əldən çıxmış faydası daxildir. Real zərər adlanan faktiki itkilərə zərər çəkmiş şəxsin öz pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnəmsi aiddir. Əldən çıxmış fayda dedikdə şəxsin hüququ pozulmayacağı halda adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olması anlaşılır.

25. Mülki hüquq ziyanın iki növünü: əmlak ziyanı və mənəvi ziyanı fərqləndirir. Əmlak ziyanı əmlak itkiləri formasında baş verir. Buraya şəxsin öz əmlakından məhrum olması, onun zədələnməsi, əldə edəcəyi gəlirlərdən məhrum olması və onun üçün digər əlverişsiz əmlak nəticələrinin yaranması və s. daxildir. Əmlak itkiləri mülki hüquqda zərər adlandırılır. Beləliklə, zərər öz növbəsində ziyanın nəticələrinin pulla dəyərləndirilməsidir. Mülki qanunvericiliyin tənzimlədiyi münasibətlərin əsas hissəsini əmlak münasibətləri təşkil etdiyindən, mülki-hüquqi məsuliyyətdə əsasən əmlak xarakteri daşıyır. Zərərin əvəzinin ödənilməsi də məhz əmlak xarakterli mülki hüquq sanksiyasıdır.

26. Göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-1504/2022 nömrəli qətnaməsi ilə cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 92 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən 943,8 kv.m. sahədən ibarət olan əmlak kompleksi kimi müəssisənin “C” tikilisinin 200 kv.m. qeyriyaşayış sahəsindən çıxarılmasının qət edilməsinə, həmin qətnamənin 16 oktyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minməsinə və icra sənədinin 24 oktyabr 2022-ci il tarixdə verilməsinə baxmayaraq, cavabdeh yalnız 31 mart 2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsini boşaldaraq tərk etmişdir. Belə olan halda, cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan qanunsuz olaraq iddiaçıya məxsus əmlakdan istifadə edilməsinə görə iddiaçının hüququ pozulmuş və adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Məhkəmə hesab edir ki, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən (xx.xx.2022-ci) həmin qeyri-yaşayış sahəsinin boşaldıldığı tarixədək (31 mart 2024-cü il) müddətdə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsindən istifadə edilməsinə görə icarə (kirayə) haqqı hesablanaraq, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsinin bununla bağlı qənaəti əsaslıdır.

27. Birinci instansiya məhkəməsi iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspert rəyinə əsasən 1 kv.metrin icarə dəyəri 2022-ci il üçün 27 manat, 2023-cü il üçün 29 manat, 2024-cü il üçün 31 manat müəyyən edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)- 1504/2022 nömrəli qətnaməsinin 2022-ci ilin oktyabr ayından qanuni qüvvəyə minməsini və cavabdehin 31 mart 2024-cü il tarixdə həmin qeyri-yaşayış sahəsini boşaldaraq tərk etməsini nəzərə alsaq, 2022-ci ilin noyabr və dekabr ayları üçün 10800 manat (200 kv.m*27 manat*2 ay), 2023-cü il üzrə (200 kv.m*29 manat*12 ay) 69600 manat, 2024-cü ilin yanvar, fevral, mart ayları üçün 18600 manat (200 kv.m*31 manat*3 ay) olmaqla, cavabdeh tərəfindən iddiaçıya cəmi 99000 manat məbləğində maddi zərər vurulmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia maddi zərərin əvəzinin ödənilməsi hissəsində qismən təmin edilməli, 99000 manat məbləğində pul cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyindən tutularaq İddiaçı ödənilməlidir.

28. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi maddi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir.

29. Apellyatorun apellyasiya şikayəti dəlillərinə münasibətdə isə Kollegiya qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız və formal xarakterlidir. MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

30. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq apellyasiya şikayətinin dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi işin həqiqi hallarını müəyyən etməklə iş üzrə düzgün nəticəyə gəldiyindən qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh “Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti” İctimai Birliyinin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar