Məhkəmə qərarları › İş №2(103)-511/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-511/2021

27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-511/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı “xxxx” Kommersiya Bankı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 4.408,80 manat məbləğində əsas, 190,80 manat məbləğində faiz, 114,21 manat məbləğində cərimə, cəmi 4.713,81 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən xx.xx.2018-ci il tarixli, 2467nkBANK/18 saylı kredit və bank hesabı müqaviləsi üzrə 4.408,80 manat məbləğində əsas, 190,80 manat məbləğində faiz, 50 manat məbləğində cərimə, cəmi 4.649,60 manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə əvvəllər ödəmələri vaxtında həyata keçirmiş, sonradan həbs edilməsi ilə əlaqədar ödəmələri edə bilməmiş, hesab edir ki, bank tərəfindən əsas və faiz borcu düzgün hesablanmamış, bu qədər borcunun olması absurddur. Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən hissədə ləğv edilməsi, əsas və faiz borcunun real məbləğinin müəyyən edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Materiallarda olan iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018- ci il tarixli kredit və bank hesabı müqaviləsinə əsasən iddiaçı cavabdehə 50 ay müddətinə, illik 12% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 5.401 manat məbləğində kredit vermişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətə əsas kredit borcunu, faizləri ilə birlikdə banka qaytarmağı, habelə gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qayda icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehin xx.xx.2019-cu il tarixinə 4.408,80 manat əsas, 190,80 manat faiz, 114,21 manat cərimə, cəmi 4.713,81 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğin tutulmasını cavabdehdən tələb edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4273 nömrəli ekspert rəyindən məlum olur ki, cavabdehin banka olan borcu xx.xx.2019-cu il tarixə (iddia ərizəsi verilən tarixə) əsas borc üzrə 4375,02 manat, 184,37 manat faiz borcu olmaqla, ümumi borcu 4559,39 manat təşkil edir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da, sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh qətnaməni əsas və faiz borc hissəsində mübahisələndirərək real borc məbləğinin müəyyən edilməsini xahiş etmişdir. Bununla əlaqədar, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6523/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2020-ci il tarixli, 9/4273 nömrəli ekspert rəyindən məlum olur ki, cavabdehin banka olan borcu xx.xx.2019-cu il tarixə (iddia ərizəsi verilən tarixə) əsas borc üzrə 4375,02 manat, 184,37 manat faiz borcu olmaqla, ümumi borcu 4559,39 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 4375,02 manat, 184,37 manat faiz borcu tutulmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən əsas və faiz borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 4375,02 manat, faiz borcu üzrə 184,37 manat tutulmalı və qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2(001)-2248/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi əsas və faiz borcuna aid hissədə dəyişdirilsin. Cavabdeh iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin xeyrinə əsas borc üzrə 4375,02 (dörd min üç yüz yetmiş beş manat iki qəpik) manat, faiz borcu üzrə 184,37 (bir yüz səksən dörd manat otuz yeddi qəpik) manat tutulsun. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh tutularaq ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar