Məhkəmə qərarları › İş №2(103)-5110/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5110/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5110/2024 25.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X2 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 və cavabdehin nümayəndəsi (anası) Nümayəndə2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 iyun 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 sentyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2009-cı il təvəllüdlü Ömər və xx.xx.2012-ci il təvəllüdlü Fatimə adlı övladları anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7747/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində alimentin tutulması, həmçinin X3 müalicəsi ilə bağlı əlavə xərclərin ödənilməsinə görə hər ay sabit məbləğdə 50 manat miqdarında pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsini, tərəflərin birgə nikahından doğulmuş övladları - xx.xx.2009-cı il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat mediasiya xərcinin, eyni zamanda X3 müalicəsi ilə bağlı əlavə xərclərin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2713/24 saylı iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim V.Hacıyev) iddia qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-7747/2017 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə təyin edilmiş hər ay hər uşaq üçün 137 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş mediasiya xərcinin əvəzi olan 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, uşaqların minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı dəyişdirilərək, həy ay hər uşaq üçün 200 manat müəyyən edilməlidir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

2. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, iddianın tam təmin olunmasını xahiş etmişdir.

3. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə xəstəliyin müalicəsinin nədən ibarət olması, ümumiyyətlə icbari tibbi sığorta tərəfindən müalicə paketinə daxil olub-olmaması barədə hər hansı araşdırma aparmadan, iddia tələbini həmin hissədə təmin etməmişdir. Cavabdeh uzun müddətdir ki, Kanadada yaşayır və daimi iş yeri vardır. Sadəcə Kanada ilə ölkəmiz arasında qarşılıqlı hüquqi yardım haqqında müqavilənin olmaması və qanunvericilikdə olan boşluqlardan faydalanaraq, cavabdeh bu gün uşaqlarının saxlanmasından yayınır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

6. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikası Ailə Məcəlləsi

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

8. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

Apellyasiya baxışının hədləri

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

10. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən, qətnamənin əsaslılığı iddianın təmin olunmayan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

12. Məhkəmə kollegiyası ailə qanunvericiliyinin normalarını və mülki işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, azyaşlı uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini və diqqətəlayiq olan digər halları nəzərə alaraq uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarını 137 manatdan 200 manata artırmışdır.

13. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə Kollegiya hesab edir ki, iddiaçı baxılan iş üzrə cavabdehin daimi iş yeri və aylıq sabit gəlirləri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

14. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.

15. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Digər tərəfdən, hazırkı mübahisə qanunvericiliklə müəyyən edilmiş əsaslar yaranarsa, iddiaçını alimentin miqdarının artırılmasına dair tələblə gələcəkdə məhkəməyə yenidən müraciət etmək hüququnu istisna etmir.

16. Ona görə də şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Məhkəmə kollegiyası izah edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

18. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar