Məhkəmə qərarları › İş №2(103)-5110/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5110/2025

10.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5110/2025 10.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “maddi ziyanın ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə barədə iddiasına dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1462/2025 nömrəli 08 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı və Cavabdeh öz imzaları ilə təsdiq etdikləri “tərəflərin razılığına əsasən görüləcək iş üçün götürüləcək məbləğə dair” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı 11000 manat məbləğindəki pulu Cavabdeh vermiş, Cavabdeh göstərilən məbləği İddiaçı almışdır.

2. İddiaçı və Cavabdeh öz imzaları ilə təsdiq etdikləri qəbzdən görünür ki, İddiaçı dostu Cavabdeh görəcəkləri işlə bağlı 11000 manat məbləğində pulu təhvil vermişdir.

3. 042545 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli ərizələrin surətlərindən görünür ki, iddiaçı cavabdehin onun 22000 manat pulunu mənimsədiyini qeyd edərək bu barədə dövlət orqanlarına şikayət etmişdir.

4. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardan görünür ki, araşdırma nəticəsində toplanmış materiala əsasən iddiaçının cavabdehə 22000 manat pul verdiyi, lakin sonuncunun pulu qaytarmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ümumilikdə 35000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ərazidə Şahlar Əsgərov küçəsində ev alqı-satqısı ilə məşğul olan Cavabdeh dələduzluq yolu ilə 22.000 manatını və sonradan Bankdan başqa şəxsin adına rəsmiləşdirdiyi 13.000 manat pulu mənimsəyib və onu maddi ziyana salmışdır. 2023-cü ilin yanvar ayında bir tanışı onunla görüşmək istədi və söhbət əsnasında bildirdi ki, Oaradağ Rayon İcra Hakimiyyətində Qarabağ əlillərinə və Şəhid ailələrinə “Jurnalistlərin binasında ” Novruz bayramına kimi ev veriləcək. Əsas şəri kimi özünün seçəcəyin mənzil, mərtəbə, mebelli mənzillər götürülür və uyğun qiymətlər (pullar)verilir. Lazım olan sənədləri xx.xx.2023-cü ildə Cavabdeh vermişdir (şahidlərin iştirakı ilə) və akta imza atdırdı. O, onun yalan danışdığını hiss etmişdir və eyni zamanda övladlarının kirayələrdə qaldığına görə bu işə getməyə məcbur olmuşdur. Bu günə kimi nə ev var nə də pul qaytarılır. Bu işlə bağlı səs yazıları və yazışmalar mövcuddur.

7. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1462/2025 nömrəli 08 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 22000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X3)

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab etmişdir ki, mülki iş üzrə sübutlara, o cümlədən izahatlara, şahidlərin ifadələrinə, yazılı qəbzlərə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən müəyyən edildi ki, cavabdeh iddiaçıdan onu evlə təmin etmək adı altında 22000 manat məbləğində pul almış, sonradan nə ev məsələsi həll olunmuş, nə də pul qaytarılmış, bununla da iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində həmin məbləğdə maddi ziyana məruz qalmışdır. Cavabdeh tərəf həmin məbləği qaytardığını bildirsə də, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda, iddiaçı 22 min manat puldan əlavə cavabdehə 13 min manat pul verdiyi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 21.1 ci, 21.2-ci, 1096-cı, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 119.1-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, köçürmə yolu ilə ödənilmiş 8500 manat məbləğində pulun qəbzləri mövcuddur və digər ödənişlərin ödənilməsinin sübutları cavabdehin iddiaçıya etibarının nəticəsində əldə olunmamışdır. İddiaçıisə bu etibardan sui-istifadə edərək cavabdehə pul iddiası qaldırmışdır. Əgər iddiaçı əvvəllər cavabdehin ona pul qaytarmasını qəbul etmiş, qarşılığında hər hansı etiraz etməmiş və sübut tələb etməmişdisə, daha sonra bu əvvəlki davranışına zidd şəkildə pul iddiası qaldırması hüququn sui-istifadəsi kimi qiymətləndirilə bilər. Yəni iddiaçı cavabdehin etibar etdiyi, razı qalındığını düşündüyü vəziyyəti sonradan inkar edərək hüquq tələbini irəli sürür. Bu hal 560.3.4-cü maddədə qadağan edilən davranışa uyğundur və belə tələbin təmin olunması qanunvericiliyə zidd hesab edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək onunla əsaslandırmışdır ki, cavabdeh özü də şikayətinin məzmununda həqiqətən tələb olunan vəsaiti ondan aldığını etiraf edir, lakin bununla yanaşı pulu guya qaytardığını və qəbz almadığını iddia edir. Bu tamamilə cəfəng bir ifadədir, yalnız özünü müdafiə xarakteri daşıyır. Cavabdeh pulu qaytardığını iddia edirsə, bunu sübut etmək onun üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. O, cavabdehin ona borclu olması barədə məhkəməyə sübutlar təqdim etmişdir. Lakin cavabdeh apellyasiya şikayətini formal mülahizələrlə əsaslandırmışdır. Bu da qətnamənin icrasını gecikdirməkdən başqa bir addım deyil cavabdehin vermiş olduğu apellyasiya şikayətinin heç bir hüquqi əsası yoxdur. Odur ki, qeyd etdiklərinin nəzərə alınmaqla Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir. Kollegiya işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırki apellyator qətnamənin iddianın təmin edilmiş hissəsinin ləğv edilməklə iddianın tam rədd edilməsini xahiş etdiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyərək аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırıb, hеsаb еdir ki, birinci instansiya məhkəməsi yalnız dəymiş ziyanın məbləğinin tutulması hissəsində səhv nəticəyə gələrək, düzgün hesablama aparmamışdır. Bu səbəbdən dəymiş maddi ziyanın məbləğinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməlidir.

21. Hazırkı işin faktiki hallarına əsasən cavabdeh iddiaçıdan onu evlə təmin etmək adı altında 22000 manat məbləğində pul almış, sonradan nə ev məsələsi həll olunmuş, nə də pul qaytarılmış, bununla da iddiaçı cavabdehin hüquqazidd əməli nəticəsində həmin məbləğdə maddi ziyana məruz qalmışdır. Hazırda isə iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.

22. Cavabdeh isə apellyasiya şikayətində iddiaçıdan götürdüyü puldan hamısını qaytarmış, lakin 8500 manat məbləğində ödənilən pulun qəbzləri mövcuddur, qalan hissəsinin isə nağd şəkildə versə də, etibar etdiyindən bununla bağlı hər hansı sənəd almamışdır.

23. Göründüyü kimi, cavabdehin bu mövqeyi hüquqi nəticə etibarı ilə iddiaçını qeyd edilən məbləğin verilməsini sübut etmək vəzifəsindən azad edir və cavabdehin həmin məbləğin qaytarılmasını sübut etmək vəzifəsini yaratmış olur. Başqa sözlə, qeyd edilən məbləğin qaytarılmasını sübut etmək yükü artıq cavabdehin üzərinə düşür.

24. Məhkəmə kollegiyasının iclasında cavabdeh yuxarıda qeyd edilən 8500 manmat pulun qaytarılmasına dair qəbzləri təqdim etməklə müvafiq ödənişlər etdiyini sübut etmişdir. Cavabdeh göstərilən məbləğlərin cəminin 8500 manat təşkil etdiyini qeyd edir. Cavabdeh tərəfindən təqdim edilmiş və ödənişləri əks etdirən bütün qəbzlərdə (2.000 manat, 2000 manat, 2000 manat, 1000 manat və 1500 manat ödənişlərə dair qəbzlər nəzərə alınmaqla) göstərilən ümumi məbləğ 8500 manat təşkil edir. Həmin qəbzlərdə pul göndərilən və alan şəxsin adı qeyd edilməklə də (məsələn, köçürülmə uğurla tamamlandı qeyd edilmişdir) həmin qəbzlərdə alanın kart nömrəsinin iddiaçıya aid olduğu müəyyən edilir. Qəbzlərlə bağlı məhkəmə kollegiyasının iclasında dindirilən şahid X2 da həmin pulların məhz Rafiqin göstərişi ilə iddiaçının kartına göndərdiyini bildirmişdir.

25. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçıya qaytarılmış məbləğ qismində məhz təqdim edilmiş qəbzlər üzrə ümumi məbləğ təşkil edən 8500 manat əsas götürülməli və həmin məbləğ 22.000 manatdan çıxılmaqla qalan (22.000 – 8500 = 13500) 13500 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1462/2025 nömrəli 08 iyul 2025-ci il tarixli qətnaməsi maddi ziyanın məbləği hissəsində dəyişdirilməli, Cavabdeh 13500 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1462/2025 nömrəli 08 iyul 2025ci il tarixli qətnaməsi Cavabdeh maddi ziyanın tutulması hissəsində dəyişdirilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 13500 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar