Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5115/2023 10.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi, vergi ödəyicisi kimi adına açılan ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayı ərzində aparılmış sahibkarlıq fəaliyyətinin cavabdeh tərəfindən həyata keçirildiyinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin sahibkarlıq fəaliyyəti ilə bağlı apardığı əməliyyatlar nəticəsində ödədiyi 5.205 manat pulun, həmçinin cavabdehin saxtakarlıqları və cinayəti nəticəsində 50.000 manat ona vurulmuş mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin vergi ödəyicisi kimi adına açılmış ********** saylı VÖEN üzrə 2020-ci ilin avqust ayından 2021-ci ilin sentyabr ayı ərzində aparılmış sahibkarlıq fəaliyyəti ilə bağlı əməliyyatların cavabdeh tərəfindən həyata keçirildiyinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3619/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və sair” tələbinə dair 2(060)-3619/2023 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3276/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin ödənilməsi və sair” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmışdır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə həmin qərardaddan şikayət verərək, qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırki qərardad qanunsuz, birtərəfli olaraq işə səthi yanaşılmaqla və səlahiyyət hədlərini aşmaqla qərəzli olaraq bu mərhələdə çıxarılmışdır. Belə ki, yaranmış zərurətlə əlaqədar mülki iş baxılması üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Lakin həmin məhkəmənin hakimi mülki işin tələblərindən kənara çıxaraq, həmçinin səlahiyyət həddini aşaraq xx.xx.2023-cü il tarixdə iddianın geri qaytarılması barədə qərardad çıxarmışdır. Halbuki, bu mərhələdə belə bir qərardadla sənədlərin geri qaytarılması qanunsuzdur və qanunvericiliyə zidd olaraq yolverilməz haldır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3276/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır; 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması üçün əsas olan halların qəti siyahısı Mülki Prosessual Məcəllədə təsbit edilmiş və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin təqdim edilməməsi də bu hallara aid edilmişdir. Eyni zamanda, bu prosessual hərəkətin yerinə yetirilməsi üçün 5 günlük müddət müəyyən edilmişdir. Həmin müddət ərzində də iddia ərizəsi qaytarılmayıbsa və ya onun qəbul olunmasından imtina edilməyibsə, o, qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra, növbəti, yəni məhkəmədə baxılmağa hazırlıq mərhələsində onun yalnız iddiaçının vəsatəti ilə qaytarılması mümkündür. Başqa sözlə, bu mərhələdə iddia ərizəsinin dövlət rüsumunun ödənilməməsi və ya tələb olunan məbləğdə ödənilməməsinin müəyyən edilməsi, onun bu əsasla geri qaytarılmasını deyil, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq prosessual hərəkətlərin yerinə yetirilməsini şərtləndirir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı iddia ərizəsinin məhkəmə icraatı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 3619/2023 saylı qərardadı ilə mümkün hesab edilmiş və işin məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə, saat 10:45-ə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında çıxarılmış qərardada əsasən isə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Belə olan halda, iş icraatına verilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi bu işə hazırlıq mərhələsindən baxmağa davam etməli, dövlət rüsumunun tələb edilən məbləğdə ödənilməməsini müəyyən etdiyi halda isə onun sədrliyi ilə keçirilən hazırlıq iclasında Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinin tələblərinə uyğun olaraq prosessual hərəkətlər yerinə yetirməli idi. Lakin yerinə yetirməmiş və nəticədə məsələyə hər hansı aidiyyəti olmayan maddələrə istinad etməklə bu mərhələ üçün nəzərdə tutulmamış bir prosessual hərəkət etmişdir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin həmin qərardadının ləğv edilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, habelə dövlət rüsumunu qaytarmaqda haqlı olmamışdır. Bu səbəbdən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5115/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5115/2023
10.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver