Məhkəmə qərarları › İş №2(103)-5115/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5115/2024

27.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5115/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2431/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyanın əvəzi olaraq cavabdehdən 30000 manat, məhkəməyə müraciət üçün ödənilmiş 180 manat, cəmi 30180 manat məbləğində pulun tutlaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(008)- 2431/2024 saylı qərardadı ilə (hakim Adilə Paşayeva) iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərə əvvəlki məhkəmə iclaslarında iştirak etmiş, iştirak edə bilmədikdə ərizə təqdim edərək onun iştirakı olmadan baxılmasını xahiş etmiş, lakin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edə bilməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qərardadın ləğv olunmasını, mülki işin icraatının təzələnməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(008)- 2431/2024 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayəti - qərardadın əsassız olması, prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılması, əvvəlki məhkəmə iclaslarında iştirak etməsi, iclaslara vaxtında gəlməsi, gələ bilmədikdə isə bu barədə məhkəməyə məlumat verməsi və s. kimi əsaslandırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2431/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış, şikayətə baxılması üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Hüquqi məsələlər: Kollegiya şikayəti iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət təmin olunaraq, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları yenidən baxılması üçün göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi «X2rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Birinci instansiya məhkəməsi MPM-in 259.0.7-ci maddəsinə (işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır) istinad etməklə iddianı baxılmamaış saxlamışdır. Halbuki, iş materiallarından görünür ki, iddiaçı tərəf məhkəmənin əvvəlki çağırışlarına gəlmiş, iclaslarda iştirak etmiş və ya gələ bilmədikdə bu barədə məhkəməyə məlumat vermişdir. Belə ki, sonuncu hazırlıq iclası ilə 05 iyun 2024-cü ildə keçirilmiş, iddiaçının nümayəndəsi (vəkili) həmin iclasda üzrlü səbəbdən iştirak edə bilməyəcəyini, iştirakları olmadan məhkəmə iclasının keçirilməsi və işin baxışa təyin olunmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli, 2(008)- 2431/2024 saylı qərardadı ilə işin məhkəmə iclasında baxılması 10 iyun 2024-cü il tarixə, saat 12:10-a təyin olunmuşdur. İlkin olaraq qeyd edilməlidir ki, həmin qərardad elektron qaydada imzalanmamaqla elektron məhkəmə informasiya sisteminə yerləşdirilməmişdir. Halbuki, MPM-in 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. MPM-in 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.[18] Bununla yanaşı, həmin qərardaddan görünür ki, hakim işin məhkəmə iclasında baxılmasını cəmi 5 təqvim gününə təyin etmiş, qərardadı isə ümumiyyətlə tərəflərə göndərməmiş və ya digər qaydada məlumat verməmişdir (işdə bu barədə hər hansı sübut mövcud deyildir). Halbuki, MPM-in 138.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. MPM-in 171-ci maddəsinə əsasən hakim işi kifayət qədər hazırlanmış hesab etdikdə, işdə iştirak edən şəxslərə prosesin vaxtı və yeri haqqında məlumat verməklə, onun məhkəmə iclasında baxılmağa təyin edilməsi haqqında qərardad çıxarır. MPM-nin 173-cü maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında baxıldığı hallar istisna olmaqla, işə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclası barədə həmin iclasa ən azı 5 (beş) iş günü qalmış xəbərdar edilməlidirlər. Göründüyü kimi, sonuncu hazırlıq iclası ilə məhkəmə baxış iclası arasındakı müddət qanunvericliyin qeyd olunan normalarının tələblərinə uyğun olmamaqla, işdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə mane olur. Bununla yanaşı, yuxarıda da qeyd edildiyi kimi, iş materiallarından iddiaçı tərəfin məhkəmə baxışı iclasının vaxtı barədə lazımi qaydada (məhkəmə bildirişi, sms bildiriş və digər formada) məlumatlandırılması da görünmür. Qeyd edilənlərlə yanaşı, iddiaçı tərəfin əvvəlki iclaslarda iştirak etməsi də nəzərə alınmaqla, birinci instansiya məhkəməsi nəyə görə məhz 05 iyun 2024-cü il tarixli məhkəmə iclasında ərizənin baxılmamamış saxlanılmalı olmasını da əsaslandırmamış, məsələyə kifayət qədər formal yanaşmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin mövqeyi işdə olan sənədlərlə uzlaşmır. Həmçinin qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi icraatın təzələnməsi barədə iddiaçı tərəfin ərizəsinə onların iştirakı olmadan baxmış (məhkəmə iclasının yeri və vaxtı barədə ümumiyyətlə iddiaçı tərəfə məlumat verilməmişdir), bununla da həmin tərəfin dinlənilmə hüquqları pozulmuşdur. Halbuki, MPM-nin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş ərizəyə (vəsatətə) yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2431/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 2431/2024 saylı qərardadı ləğv olunsun, mülki iş ərizəyə (vəsatətə) yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar