Məhkəmə qərarları › İş №2(103)-5116/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5116/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5116/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin və yaranmış debitor borcun ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1670/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Sabunçu rayonu, Mehdiyev küçəsində yerləşən 23 saylı ev Cavabdeh (bundan sonra cavabdeh) istifadə və sahibliyindədir. Onunla İddiaçı (bundan sonra iddiaçı) arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən maye qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla həmin evə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonent barədə məlumatlara əsasən həmin evdə təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsindən (PQ-4) (1/1), 2 ədəd Samovardan (2/2) istifadə edilir. xx.xx.2023-cü il tarixdə həmin evə quraşdırılmış qaz sayğacı yeni “ZENNER G4T SMART” markalı sayğacla əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçının əməkdaşları tərəfindən bu ünvanda təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuş və qeyd edilən əsasla xx.xx.2021-ci il tarixdə “Təbii X6nın pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı qaz işləricilərindən PQ-2-nin maksimal saatlıq qaz sərfi 0,6 m3/saat, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabat nəticəsində 6.912 m3 həcmində ziyanın vurulması və bu həcmdə qazın dəyərini təşkil edən 691,20 manat məbləğində pulun iddiaçıdan tutulması barədə xx.xx.2021-ci il tarixdə qərar qəbul edilmişdir. Qeyd edilən akt iddiaçının nümayəndələri tərəfindən imzalanmış, həmçinin aktda abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş debitor borcu da qalmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçınə vurulmuş 691,20 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 872,54 manat və 35,64 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 1.599,38 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad etməklə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X6”nın tələblərinə əməl etmək) və “X6”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X6nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 691,20 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2021-ci ilin sentyabr-dekabr ayları üzrə 183,62 manat sərfiyyat borcu və limitdən əlavə 18,32 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 323,44 manat sərfiyyat borcu və limitdən əlavə 1,76 manat sərfiyyat borcu, uçotu pozulmuş qaz sərfin 23,80 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-noyabr ayları üzrə 426,65 manat sərfiyyat borcu və limitdən əlavə 25,35 manat sərfiyyat borcu, cəmi 1002,94 manat sərfiyyat borcu qalmışdır. Həmçinin, Azəriqaz İB-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə istehlakçının iştirakı ilə sayğaca baxış keçirilmiş və sayğac çıxarılan zaman, sayğacın mexaniki göstəricisində 12421 m3 təbii qaz sərfiyyatı aşkar edilmiş, lakin onun dəyərinin ödənilmədiyi müəyyən edilmişdir. Bu fakt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktla İddiaçı İB nümayəndələrinin və istehlakçının imzaları ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, sayğacın mexaniki göstəricisinə əsasən iddia üzrə cavabdeh tərəfindən dəyəri ödənilməyən 69,60 manat məbləğində qaz sərf etməsi müəyyən edilmişdir (1002,94+69,60=1072,54 manat). 2021-ci ilin sentyabr ayından 2023-cü ilin oktyabr ayına qədər cavabdeh 200 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 872,54 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 1.563,74 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-nə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1670/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 848,74 manat debitor borcunun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim X5)

5. Məhkəmə iddia tələbinin zərər məbləği ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında ona 691.20 manat məbləğində zərər vurulduğunu iddia etsə də, istinad etdiyi hala, yəni həmin borcun cavabdehin hüquqazidd hərəkətləri nəticəsində yaranmasına dair məhkəməyə sübut təqdim etməmişdir. Göründüyü kimi, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında ona 691.20 manat məbləğində zərər cavabdehə deyil, digər şəxsə məxsus qaz sayğacının göstəricisinə əsasən hesablanmışdır. Belə olan halda, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında 691.20 manat məbləğində borcun Cavabdeh tutulması barədə iddiaçının tələbi əsassızdır. Başqa sözlə, iddiaçı xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə tələb olunan borc məbləğinin Cavabdeh aidiyyətini sübut edə bilməmişdir. Odur ki, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında cavabdehin abunə koduna hesablanmış 691.20 manat zərərin tutulması hissəsində iddia tələbi əsassızdır.

6. Məhkəmə debitor borcun tutulması hissəsində iddia tələbini qismən əsaslı hesab edərək qeyd etmişdir ki, cavabdehin 2023-cü ilin noyabr ayına 1.563.74 manat borcu vardır ki, həmin borcun 691.20 manatı xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında, 23.80 manatı isə 2022-ci ilin aprel ayında akt əsasında yaranmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə tələb olunan borc məbləğinin Cavabdeh aidiyyətini sübut edə bilməmiş, həmçinin, 2022-ci ilin aprel ayında hesablanmış 23.80 manat borcun yaranma səbəbi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, debitor borc qismən, 848.74 manat (1563.74-691.2- 23.80=848.74) hissəsində əsaslıdır və həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş 35.64 manat məbləğində dövlət rüsumunun 30 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 560cı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 88-ci, 119.1-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6” nın 1.3-cü, 1.4-cü, 3.4.1-ci, 6.5-ci, 6.6-cı, 6.7-ci, maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən cavabdehə məxsus ünvanda quraşdırılmış və Birliyin abonent bazasında qeydiyyatda olan sayğacın çıxarılaraq yerinə həmin ünvanda qeydiyyatda olmayan qaz sayğacının quraşdırıldığı və həmin sayğac vasitəsilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmiş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii X6nın pozulması haqqında” Aktla rəsmiləşdirilmiş və fotoşəkilləri çəkilmişdir. Tərtib edilmiş həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, cavabdeh qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni ünvanında qeydiyyatda olan sayğacı qeydiyyatda olmayan sayğacla əvəz etməklə təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə böyük məbləğdə ziyan vurmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də məlum olur ki, cavabdeh istifadə etdiyi təbii qazın dəyərini ödəməkdən yayınmaq üçün ünvanında qeydiyyatda olan qaz sayğacını çıxararaq yerinə başqa ünvanda quraşdırılmış və Birliyin abonent bazasında digər şəxsin adına qeydiyyata alınmış qaz sayğacını quraşdıraraq təbii qazdan qanunsuz istifadə etmişdir. Bildirmək istəyirəm ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş aktın bir nüsxəsi abonentə təqdim edilmişdir və abonentin həmin aktı imza etməkdən imtinası həmin aktın qanunsuz olduğuna dəlalət etmir. Belə olan halda, İddiaçı İB-nin ona vurulmuş maddi zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun olmasına, həmçinin istehlakçı tərəfindən qaz sayğacının qanunsuz olaraq digər sayğacla əvəz edilməsinə dair sübutların olmasına baxmayaraq, Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma özözlüyündə sayğacla təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı məhz istehlakçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq aktla qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən İddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun: 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X6 ilə tənzimlənir. X6 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

15. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir; 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X6”nın: 5.2-ci maddəsinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.6-cı maddəsinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir; 6.5-ci bəndinə əsasən (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar etdikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.7-ci maddəsinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

19. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

20. Hazırkı apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv olunması və iddianın həmin hissədə təmin edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən, yəni iddianın təmin edilməyən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

22. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoğulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) iddiaçının səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz iddiaçının üzərinə qoyulmuşdur. Bu səbəbdən istehlakçının təbii qazdan qanunsuz qoşulma yolu ilə istifadə edilməsi aşkar edildikdə, iddiaçının əməkdaşları bu halların rəsmiləşdirilməsini, o cümlədən istehlakçının iştirakı ilə pozuntu halının qeydə alınmasını təsdiq edən müvafiq aktın tərtib edilməsini təmin etməlidir. Belə ki, istehlakçının iştirakının təmin edilməsi bu prosedurun şəffaflığı ilə bağlı olmaqla, istehlakçının məlumatlandırılması və məsələyə dair onun münasibətinin öyrənilməsi məqsədini daşıyır.

23. İddiaçı ilə cavabdeh arasında bağlanmış müvafiq müqaviləyə əsasən həmin ev iddiaçı tərəfindən təbii qazla təchiz edilmiş və qaz xəttinin üzərində sayğac quraşdırılmaqla cavabdehə **********00000 nömrəli abonent kodu verilmişdir. Abonentin saldosuna əsasən həmin fərdi yaşayış evində təbii qazla işləyən cihaz qismində 1 ədəd 4 gözlü qaz plitəsinin (PQ-4) və 2 ədəd samovarın olması göstərilsə də, xx.xx.2021-ci il tarixli, ******* nömrəli aktda və onun əsasında qəbul edilmiş qərarda təbii qazla işləyən 2 cihaz, o cümlədən PQ-2 və kombi qeyd edilmişdir.

24. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Bununla belə, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).

26. Nəzərə alınmalıdır ki, həmin akt xx.xx.2021-ci il tarixdə tərtib edilsə də, onun əsasında qəbul edilmiş qərarla zərər məbləği 90 gün əvvəli əhatə etməklə hesablanmışdır. Müddət etibarı ilə iddiaçı qanuna zidd əməlin əvvəli kimi xx.xx.2021-ci il tarixini, sonu kimi isə xx.xx.2021-ci il tarixini əsas götürür. Bu baxımdan ilk öncə cavabdehin qanunsuz qoşulmasının həqiqətən də aktın tərtib edildiyi, yəni xx.xx.2021-ci il tarixdən 90 gün əvvəl baş verdiyi və bütün həmin müddət ərzində davam etdiyi müəyyən edilməlidir. Lakin iddiaçı qanunsuz qoşulmanın xx.xx.2021-ci il tarixdən əvvəl baş verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir.

27. Ümumiyyətlə iddiaçı həmin aktda keçirilmiş baxış zamanı başqa ünvanda qeydiyyatda olan qaz sayğacının aşkarlandığını qeyd etmiş və sayğacın çıxarılması barədə qərar qəbul edilmişdir. Lakin hamıya məlum olan bir haldır ki, sayğaclar məhz iddiaçı tərəfindən quraşdırılır və ünvan (abonent) üzrə qeydiyyata alınır. Belə olan halda, qeyd edilən məsələ, o cümlədən həmin sayğacın quraşdırıldığı real ünvan və abonent, sayğacın hansı qaydada və hansı şəraitdə cavabdehin ünvanına quraşdırılması, habelə təbii qazdan real olaraq sayğacdan kənar istifadə edilib-edilməməsi müəyyən edilməlidir. Belə ki, cavabdehin ünvanında başqa ünvanda qeydiyyatda olan sayğacdan istifadə edilməsi hələ özü-özlüyündən cavabdehin təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə edilməsini təsdiq etmir. Hər bir halda, qanunsuz qoşulma halının mövcudluğu sübuta yetirilməli, bu halı təsdiq edən fotoşəkillər və video görüntü olmalıdır. Buna baxmayaraq, belə bir sübut da təqdim edilməmişdir. Nəticə etibarı ilə cavabdehin nəinki xx.xx.2021-ci il tarixdən əvvəl, ümumiyyətlə təbii qazdan qanunsuz xətt vasitəsi ilə istifadə etdiyi öz təsdiqini tapmır.

28. Aktda göstərilən qaz sayğacının laboratoriya şəraitində yoxlanıldığı, bu sayğacda hər hansı qüsurun olduğu müəyyən edilmir.

29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, aktda və abonentin saldosunda göstərilən cihazlar eyni sayda olsalar da, eyni cihazlar deyil və cavabdehin ünvanında həqiqətən də bu cihazların olması öz təsdiqini tapmır. Bundan başqa aktda göstərilən iki cihazdan hər biri üçün hesabat 24 saat üzrə aparılmışdır. Halbuki, bu cihazların hər birinin həm adi şəraitdə, həm də müxtəlif səbəblərdən (məsələn, sakinlərin 24 saat ərzində evdə olmaması, habelə gecə vaxtlarında yatmaları səbəbindən cihazları söndürməsi və sair), həm də təyinatına görə (məsələn, qaz plitəsinin təyinatı yemək hazırlamaq və ya qızdırmaq, su qaynatmaqdan ibarətdir, buna ehtiyac olmayanda qaz plitəsinin istifadəsinə də hər hansı ehtiyac yoxdur) 24 saat işlək vəziyyətdə saxlanılması mümkün deyil.

30. Bu səbəbdən məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən tərtib edilmiş akt və onlar əsasında qəbul edilmiş qərar hər hansı mötəbərliyə malik deyil, hüquqi nəticə etibarı ilə etibarsızdır və cavabdehə məxsus olan ev üzrə təbii qazdan qaz sayğacından kənar istifadə edilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Həmin sənədlərdə göstərilən məbləğ isə cavabdehdən tələb edilə bilməz. Bu da öz növbəsində hazırki vəziyyətdə iddianın bu hissədə rədd edilməsini, həmçinin bu sənədlər əsasında müəyyən edilmiş və ziyan məbləği qismində cavabdehin abonent hesabına daxil edilmiş məbləğin silinməsini şərtləndirir.

31. Məhkəmə kollegiyası debitor borcun silinməsi hissəsində də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bu hissədə də apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir. Faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

33. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-385-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(008)- 1670/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar