Məhkəmə qərarları › İş №2(103)-5117/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5117/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5117/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(005)-769/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri 51 nömrəli Notariat Kontoruna və X5 qarşı “borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, cavabdeh Türkiyə Respublikasının vətəndaşı Cavabdeh2 ona qarşı borc tələbi üzrə iddia ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iş üzrə məhkəmənin gedişatı zamanı, Cavabdeh2 olğu iddia tələbinin dəlili olaraq, Bakı şəhəri 51 nömrəli Notarial Kontoru tərəfindən təsdiq edilmiş 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsini məhkəməyə təqdim etməklə, guya ona 145.780 (bir yüz qırx beş min yeddi yüz səksən) manat pul borclu olduğunu bəyan etmişdir. Göstərilən müqavilə barədə əvvəllər onun hərhansı məlumatı olmayıb və həmin müqavilə barədə o, yanız Şamaxı rayon Məhkəməsində cavabdeh qismində iştirakı zamanı məlumat alaraq bu müqavilənin surətini əldə edə bilmişdir. Göstərilən müqavilədə mövcud imzanın isə ona ümumiyyətlə aidiyyatı yoxur. Hər şeydən öncə, o Cavabdeh2 cəmi bir dəfə Bakı şəhərində təsadüfən görmüş və qısa tanışlıqları olmuşdur. Onunla xüsusilə geniş tanışlığa malik deyil və hər-hansı şəxsi işgüzar münasibətlərdə olmamışdır. Bildiyi qədər o özü Bakıda cəmi bir neçə gün olmuşdur. Tanımadığı adamın ona belə yüksək məbləğdə borc verməyi hec cür real olan bir hal deyildir. Bütün bunlara rəğmən, hətta əgər belə bir şey olmuş olsaydı belə, bu fakt ilk növbədə tərəflər arasında borc müqaviləsi ilə rəsmiləşdirilmiş olardı. Çünki, bu hal hər şeydən öncə məhz borc verənin (Cavabdeh2) mənafeyinə cavab vermiş olardı. Belə ki, təsadüfi bir adama borc vermək ən azından böyük riskdir. Lakin, belə bir borc münasibəti olmadığından, ortada borc müqaviləsi də heç bir vaxt mövcud olmamışdır. Çünki, borc müqaviləsinin bağlanması zamanı müqavilə predmetini təşkil edən borc məbləğinin ortada real olması vacibdir. Belə ki, formal yanaşma olmasın deyə, borc pul əksər hallarda notariuslar tərəfindən tələb etdilərək müqavilə rəsmiləşdirilməsi zamanı, notariusun depozit hesabına yerləşdirilməsi şərti mütləq irəli sürülür. Başqa sözlə, formal borclanmaya yol verilmir. Yəni, ortada real pul olmadan, müqavilənin formal rəsmiləşdirilməsi mümkünsüz olur. Deməli tərəflər arasında borc hüquq münasibətinə dair real müqavilə mövcud olmadığından, onun kimsəyə borcu təsdiq olunmur. Bela olan halda isə, Cavabdeh2, onun xəbəri və iradə olmadan, hansısa yolla real olmayan və formal xarakter daşıyan borc etirafı müqaviləsinin tərtib və təsdiq edilməsinə nail olmuşdur. Hesab edir ki, həmin 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsi, onun iradə ifadəsi olmadan qanunvericiliyin tələblərinə zidd formada bağlandığından etibarsız hesab edilməlidir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(005)-769/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tam olaraq ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, Cavabdeh2 Azərbaycanda cəmi bir gün olması faktının araşdırılmamasına, ekspert rəyinin məhkəmə üçün məcburi olmamasına, ekspert rəyi alındıqdan sonra məhkəmə iclasında iştirakının təmin edilməməsinə istinad etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli, 2(103)- 12245/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(005)-769/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında Cavabdeh1 16 may 2014-cü il tarixdə bağlanmış borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2019-cu il tarixli, 2(103)-12245/2019 saylı qətnaməsi ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması qət olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, tərəflər arasında olan borc münasibətləri 16.05.2014-ci il tarixli “borcun etirafı müqaviləsi” ilə təsdiq olunur. İddiaçı müqavilənin onun tərəfindən imzalanmadığını iddia etsə də, keçirilmiş ekspertiza nəticəsində mübahisələndirilən müqavilənin məhz iddiaçı tərəfindən imzalanması müəyyən edilmişdir. Müqavilənin etibarsız olması barədə məhkəməyə başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, notarial qaydada təsdiq edilmiş bu müqavilə iddiaçının mülahizələrinə əsasən qeyri-mötəbər hesab oluna bilməz. Bundan başqa, məhkəmənin nəzərinə çatdırır ki, artıq 3 ildən artıq müddətdir ki, tərəflər arasında məhkəmə mübahisələri gedir. Belə ki, 07.10.2016-cı il tarixdə iddiaçı Cavabdeh2 İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmədə işə baxılarkən İddiaçı müqavilədə göstərilən pulu Cavabdeh2 aldığını inkar etsə də, sözügedən müqaviləni bağladığını və müqavilənin notariat kontorunda təsdiq edildiyini bildirmişdir. Hazırkı işdə isə o, ümumiyyətlə, müqavilənin bağlanılmasını da inkar edir. Göründüyü kimi, İddiaçı öz izahatlarında və mövqeyində ardıcıl deyil, irəli sürdüyü dəlillər isə əsassız və qeyri-səmimidir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, İddiaçı borc öhdəliyi ilə əlaqədar Cavabdeh2 07.10.2016-cı il tarixdə məhkəmədə iddia qaldırmış və Şamaxı rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı 145.780 ABŞ dolları məbləğində pulun iddiaçı Ali Erşənə verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən hazırkı iddianı qaldırılmış və İddiaçı vəsatəti əsasında bu iddia mahiyyəti üzrə baxılıb qurtaranadək həmin iş üzrə apellyasiya icraatı dayandırılmışdır. Hesab edir ki, bu iddianın irəli sürülməsi məhz Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan işin uzadılmasına, yekun məhkəmə aktının qəbulunun və icraya göndərilməsinin yubadılmasına yönələn məqsədli hərəkətlərdir. Odur ki, işə baxılarkən iddiaçı tərəfindən prosessual hüquqlardan sui-istifadə hallarının qarşısı alınmalıdır. Digər tərəfdən iddiaçının mübahisələndirdiyi əqd - “borcun etirafı müqaviləsi” 16.05.2014-cü il tarixdə bağlanmışdır. Bununla yanaşı sözügedən əqdlə bağlı tərəflər arasında üç ildən çoxdur ki, məhkəmə mübahisələri gedir. Belə ki, Cavabdeh2 07.10.2016-cı il tarixdə İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Şamaxı rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı rayon Məhkəməsində iddia tələbinin təmin olunması barədə 01.10.2018-ci il tarixli, 2(074)-14/2018 nömrəli qətnamə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı iddianı müqavilənin bağlanılmasından 5 il, Ali Erşənin borc tələbinə dair Şamaxı rayon Məhkəməsinə müraciət etməsindən isə 3 il keçdikdən sonra vermiş və qanunla nəzərdə tutlmuş müddəti ötürmüşdür. Halbuki, Mülki Məcəllənin 354.1-ci maddəsinin tələbinə görə, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Xahiş etdi ki, iddia rədd edilsin. Kollegiya ilk olaraq qeyd edir ki, işin baxılması 09 iyun 2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə teleqram göndərərək, işin baxılmasının təxirə salınmasını xahiş etmiş, məhkəmə kollegiyası həmin xahişi nəzərə alaraq, işin baxılmasını təxirə salınmışdır. Bundan sonra işin baxılması 30 iyun 2021-ci il tarixə təxirə salınmış, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş iddiaçı tərəf məhkəməyə gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək, səhhəti ilə bağlı işin baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin üzürlü səbəb kimi səhhəti ilə bağlı heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materillarında olan 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsinin surətindən görünür ki, X8 145.780 ABŞ dollar məbləğində pulu İddiaçı borc vermiş, İddiaçı göstərilən məbləği 30.10.2016-cı il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Müqavilə Cavabdeh1 xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş, müqaviləni tərəflər notariusun yanında şəxsən imzalamışlar, tərəflərin şəxsiyyəti müəyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2019-cu il tarixli 14238 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 3M-472 nömrəli notariat işinin 3-cü vərəqəsində X4 adından İddiaçı İntiqam oğlunun adına bağlanmış olan 16 may 2014-cü il tarixli, 3M-472 reyestr nömrəli “borcun etirafı müqaviləsində” İddiaçı İntiqam oğlu” qrafasında “Məmmədov ” yazısı və həmin yazının qrafasındakı imza- İddiaçı tərəfindən icra olunmuşdur. Kollegiya qeyd edir ki, məhkəmə iddia tələbini iki əsasla rədd etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-MM) 337.1-ci maddəsinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. MM-nin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. MM-nin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; MM-nin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. MM-nin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirilə bilər. Belə miibahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. MM-nin 339.3-cii maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. MM-nin 339.5-ci maddəsində göstərilir ki, əgər 339.1. 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən sui-istifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsinə əsasən borcverən X8 145.780 ABŞ dollar məbləğində pulu İddiaçı borc vermiş, İddiaçı göstərilən məbləği 30.10.2016-cı il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində “müqavilə barədə əvvəllər onun hər-hansı məlumatının olmamamasını, həmin müqavilə barədə o, yalnız Şamaxı rayon Məhkəməsində cavabdeh qismində iştirakı zamanı məlumat alaraq bu müqavilənin surətini əldə edə bilməsini” göstərsədə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyun 2019-cu il tarixli 14238 nömrəli ekspert rəyi 16 may 2014-cü il tarixli 3M-472 reyestr nömrəli borcun etirafı müqaviləsində” İddiaçı İntiqam oğlu” qrafasında “Məmmədov ” yazısı və həmin yazının qrafasındakı imza-İddiaçı tərəfindən icra olunması göstərilmişdir. Beləliklə iddiaçı iddia ərizəsində göstərdiyi halları məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülkihüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllənin 339-cu maddəsində əqdin etibarsız sayıla bilməsinin altı müxtəlif əsasları müəyyən edilmişdir. Bu müxtəlif əsasların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır və belə əqdlər mübahisə edilən əqdlər qrupuna aid edilir. Ağır vəziyyətə düşmüş şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqdlər də mübahisələndirilən əqdlər kateqoriyasına aiddir. Belə əqdin etibarsız sayılması üçün digər tərəfin həmin şəxsin ağır vəziyyətə düşməsini bilməsi və bu haldan istifadə edərək əqdin bağlanmasına nail olması tələb olunur və belə əqdin bağlanması nəticəsində ağır vəziyyətə düşmüş şəxsin həm iradəsi, həm də mənafeyi ciddi şəkildə pozulmuş olur. Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələblərində göstərilən halların məhkəmə araşdırmasında heç bir sübutla öz həqiqi təsdiqini tapmamışdır. Həmin əqdin bağlandığı tarix (16 may 2014-cü il) iddiaçıya bəlli olmuşdur. Lakin, buna baxmayaraq hazırki iddia tələbi ilə həmin tarixdən 05 ilə yaxın müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinin tələbləri baxımından hüquqi nəticə etibarı ilə borc müqaviləsinin etibarsızlığını mübahiləndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qərarında kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı iddia ərizəsində və birinci instansiya məhkəməsində işə baxılarkən tələbinin faktiki əsası kimi yalnız mübahisələndirilən müqaviləni imzalamadığına istinad etmiş və onun bu dəlili ekspert rəyi ilə təkzib edilmişdir. Apellyasiya məhkəməsində isə iddiaçı iddia tələbinin faktiki əsasını dəyişib, həmin müqavilənin “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə olan işgüzar münasibətinə görə görünüş üçün bağlandığını bildirmiş və bununla bağlı apellyasiya instansiyasına yeni sübutlar təqdim etmişdir. Göründüyü kimi, iddiaçı birinci və apellyasiya instansiyalarında birbirinə zidd olan fərqli faktiki əsaslara istinad etmişdir. Lakin apellyasiya məhkəməsi bu ziddiyyətə aydınlıq gətirməmiş, əksinə, apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 371.1-ci maddəsinin ziddinə olaraq iddiaçının təqdim etdiyi yeni sübutları qəbul edib, onlara qiymət verməklə iddianı təmin etmişdir. Halbuki yeni sübutları apellyasiya instansiyası məhkəməsi o halda qəbul etməlidir ki, işdə iştirak edən şəxs həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hazırki işdə isə apellyasiya instansiyası iddiaçının qeyd edilən sübutları özündən asılı olmayan hansı səbəblərə görə birinci instansiya məhkəməsinə təqdim etməməsini müəyyən etmədən, həmin sübutları qəbul etməklə, prosessual hüquq normasını pozmuşdur. Üstəlik, apellyasiya instansiyası qəbul etdiyi yeni sübutları da MPM-in 80 və 88-ci maddələrinin tələblərinə uyğun gəlməyən şəkildə qiymətləndirmiş, tərəflərin biri-birini tanımamasına istinad etsə də, Şamaxı rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsində iddiaçının cavabdehi tanımasına dair əks olunmuş izahatını araşdırmadan kənarda saxlamış, “Elvin-G MMC” ilə “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti arasında bağlanmış 05.05.2013-cü il tarixli müqavilənin hazırki işin tərəflərinə hüquq münasibətinə nə dərəcədə əlaqəsi olduğunu qətnamədə göstərməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi mübahisələndirilən əqdə müddətin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, müddətin ötürülməməsini qeyd etsə də, gəldiyi bu nəticəni kifayət qədər əsaslandırmamış, iddiaçının Bakı şəhəri 51 nömrəli Notariat Kontoruna və Cavabdeh2 qarşı “16 may 2014cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair analoji iddiasının baxılmamış saxlanması barədə Səbail rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərardadına müddətin axımı kontekstində qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən qeyd edir ki, iddiaçı Şamaxı rayon Məhkəməsinin 01 oktyabr 2018-ci il tarixli qətnaməsində qeyd olunmuş izahatında cavabdeh Ali Erşənlə birlikdə işləməsini, onunla 2014-cü ildə müqavilə bağlamasını, müqaviləni notariusda təsdiq etdirməsini, lakin pulu almadığını qeyd etmişdir. Bundan əvvəlki apellyasiya mərhələsində isə iddiaçı iddia tələbinin faktiki əsasını dəyişib, həmin müqavilənin “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə olan işgüzar münasibətinə görə görünüş üçün bağlandığını bildirmiş və bununla bağlı apellyasiya instansiyasına yeni sübutlar təqdim etmişdir. Kollegiya hesab edir ki, iddiaçının əvvəlki apellyasiya mərhələsində “X1 Dış. Tic. A.Ş.” (Yumurcak dünyası) şirkəti ilə bağlı təqdim etdiyi sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 371.1-ci maddəsinə əsasən yeni sübutlar olduğu üçün qəbul oluna bilməz. Belə ki, iddiaçı iddia ərizəsi və qətnamədən apellyasiya şikayəti verərkən, yeni sübutlara istinad etməmiş, həmin sübutların vaxtında təqdim olunmamasının üzürlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmişdir. Kollegiya yuxarı instansiya məhkəməsinin göstərişlərinə əsasən qeyd edir ki, iddiaçının Bakı şəhəri 51 nömrəli Notariat Kontoruna və Cavabdeh2 qarşı “16 may 2014-cü il tarixli borcun etirafı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair analoji iddiasının baxılmamış saxlanması barədə Səbail rayon Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərardadı olmuşdur. MM-nin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Kollegiya qeyd edir ki, iddiaçının iddiası baxılmamış saxlanılması halında, müddətin axımı kontekstindən yanaşdıqda da, iddiaçı əqdi mübahisələndirmək üçün 1 ilik kəsici müddəti ötürmüşdür. Kollegiya apellyatorun Cavabdeh2 Azərbaycanda cəmi bir gün olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında Cavabdeh2 16 may 2014-cü ildə Azərbaycandan çıxışı olmuşdur. Qeyd olunan hal, əqdin etibarsızlığına dəlalət etmir. Kollegiya apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, ekspert rəyi digər sübutlarla birlikdə tədqiq edilərək, mötəbər sübut kimi qəbul olunmuşdur. İddiaçı bunun əksini təsdiq edən sübutları təqdim edə bilməmişdir. Kollegiya apellyatorun məhkəmədə iştirakının təmin olunmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, iddiaçı “SMS” xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə Bildiriş vasitəsi ilə xəbərdar olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2(005)- 769/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar