Məhkəmə qərarları › İş №2(103)-5117/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5117/2023

28.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5117/2023 28.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının (bundan sonrakı mətndə ləğv prosesində olan QSC "xxxx" KB) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 574,45 manat əsas, müqavilə müddəti üçün hesablanmış 432,49 manat faiz, 531,83 manat cərimə, müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 174 manat borc, ümumilikdə 1712,77 manat məbləğində borcun və 37,20 manat dövlət rüsumunun Cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə tutulmasına dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2023-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı QSC "xxxx" KB 16 iyun 2023-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayətində işin halları, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və apellyasiya şikayəti verən şəxsin tələbi adlı bəndlər əlavə 2-də göstərilən formadakı kimi cədvəlin (çərçivənin) içərisində verilməmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, verilmiş apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 1265/2023 saylı, xx.xx.2023-cü tarixli qərardadı ilə apellyasiya şikayəti vermək hüquqları süni şəkildə məhdudlaşdırmışdır. Belə ki, verilən apellyasiya şikayətində Əlavə 2-də göstərilən formaya uyğun olaraq, apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilmiş və həmin məlumatlar Elektron Məhkəmə sistemi tərəfindən təqdim edilən cədvəlin içində verilmişdir. Lakin apellyasiya şikayətinin Elektron Məhkəmə sistemində məhkəməyə hansı tərzdə yanaşması barədə məlumatları yoxdur. Bugünədək ölkə üzrə birinci instansiya məhkəmələrinin qərarlarından verilmiş bütün apellyasiya şikayətləri Mülki Prosessual Məcəllədə Əlavə 2-yə uyğun olaraq Elektron Məhkəmə sisteminə eyni qaydada əlavə edilmiş və bütün məhkəmələr tərəfindən qəbul edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayətində işin halları, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər və apellyasiya şikayəti verən şəxsin tələbi adlı bəndlər əlavə 2-də göstərilən formadakı kimi cədvəlin (çərçivənin) içərisində verilməmişdir. Halbuki, Əlavə 2-də göstərilən forma dedikdə apellyasiya şikayəti verən şəxs, barəsində şikayət olunan məhkəmə qətnaməsi və ya qərardadı haqqında məlumat, işin halları, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər və s. göstərilməsi və həmin məlumatların Əlavə 2-də göstərilən formadakı kimi cədvəlin içərisində verilməsi başa düşülür. Göründüyü kimi iddiaçı QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə 2-də göstərilən formada verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmaqla istinad edilən prosessual normanın tələbləri pozulmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Prezidentinin 16 iyul 2021-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli 363-VİQD nömrəli Qanunu 2021-ci il oktyabrın 1dən qüvvəyə minmişdir. Həmin Qanunun 2.2-ci bəndində qeyd olunmuşdur ki, bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə “MPM-ə əlavə 2”-də göstərilən formada olmamaqla cədvəlin (çərçivənin) içərisində verilməmişdir. Digər tərəfdən apellyasiya şikayətinin “MPM-ə əlavə 2”-də göstərilən formaya riayət edilməklə verilməsi Mülki Prosessual Məcəlləyə edilmiş və 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən məcburidir. Ona görə də məhkəmənin mövqeyi iddiaçının apellyasiya şikayəti vermək hüququnun süni şəkildə məhdudlaşdırması və onun hüquqlarının pozması kimi qiymətləndirilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi – Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli iş üzrə qəbul etdiyi 17 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı QSC "xxxx" KB tərəfindən verilmiş apellyasiya şikayəti onu vermiş şəxsə geri qaytarılması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1265/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar