Məhkəmə qərarları › İş №2(103)-5119/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5119/2020

29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5119/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1292/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əhmədov Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1562/2018 saylı xx xxxxxx 2018- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılması və Əhmədov Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Əhmədzadə Şəmsnur Cavabdeh qızının saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin artırılaraq hər ay uşağa 170 manat miqdarında aliment tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2017-ci ildə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları ləğv edilmiş və 2(010)-1045/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnamə ilə xx.xx.2016-ci il təvəllüdlü Əhmədzadə Şəmsnur Cavabdeh qızı himayəsində saxlanılmışdır. Cavabdeh Əhmədov Cavabdeh xx xxxxxx 2018-ci il tarixdən başlayaraq hər ay uşağa 155 manat miqdarında alimentin tutularaq uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün ona ödənilməsi qət edilmişdir. Hazırda maddi vəziyyəti ağırdır və uşağın saxlanmasını lazımı səviyyədə təmin edə bilmir. Cavabdeh əvvəllər Ekologiyada işləyirdi, hazırda isə sığorta şirkətində işləyir və əmək haqqı yüksəkdir. Belə ki, cavabdeh 300 manat əmək haqqı alır və əlavə olaraq 300 manatdan çox bonus verilir. Lakin cavabdehin həmin gəlirlərə malik olması barədə əlində heç bir rəsmi sübut yoxdur. Ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artdığına görə hesab edir ki, cavabdehdən tutulan alimentin miqdarı da artmalıdır. Belə ki, uşaq azyaşlı olduğu, həm də xəstələndiyi üçün işindən çıxmaq məcburiyyətində qalmışdır və uşağın xəstəliyinə görə 150 manatdan çox həkimlərə pulu çıxmışdır. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1292/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçıapellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini vəiddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Əhmədov Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Cavabdeh Əhmədov Cavabdeh məhkəmə kollegiyasının iclasında üzürlü səbəb olmadan iştirak etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1292/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1562/2018 saylı xx xxxxxx 2018- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Əhmədov Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Əhmədzadə Şəmsnur Cavabdeh qızının saxlanılması üçün 170 manat miqdarında aliment tutulmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1562/2018 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Əhmədov Cavabdeh qarşı "aliment məbləğinin artırılması” tələbinə dair iddiası iddiası qismən təmin edilərək, Suraxanı rayon məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(010)-1045/2017 saylı qətnaməsi əsasında cavabdeh Əhmədov Cavabdeh İddiaçı xeyrinə xx xxxxxxx 2016-cı il təvəllüdlü Əhmədzadə Şəmsnur Cavabdeh qızının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində tutulan alimentin məbləğinin artırılması, xx xxxxxxx 2016-cı təvəllüdlü Əhmədzadə Şəmsnur Cavabdeh qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Əhmədov Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən hər ay 155 (bir yüz əlli beş) manat miqdarında alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi, cavabdeh Əhmədov Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinə görə, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Məcəllənin 22.2-ci maddəsinə görə isə, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, həmçinin uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 78.2ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən qanunvericliyin yuxarıda qeyd olunan normalarına istinad etsə də, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, alimentin miqdarının müəyyən edilməsi zamanı ilk növbədə uşağın mənafeyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edildiyini də nəzərə aldıqda iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına tam diqqət yetirmədən, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1292/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməli, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1562/2018 saylı xx xxxxxx 2018- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Əhmədov Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü Əhmədzadə Şəmsnur Cavabdeh qızının saxlanılması üçün 170 manat miqdarında aliment tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1292/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1562/2018 saylı xx xxxxxx 2018- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq Əhmədov Cavabdeh xx.xx.2016cı il təvəllüdlü Əhmədzadə Şəmsnur Cavabdeh qızının saxlanılması üçün 170 manat miqdarında aliment tutulsun. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar