Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5120/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayon Məhkəməsinin 2(010)-1771/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə, cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin artırılması və hər uşaq üçün 180 manat olmqla cəmi 360 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2016-ci il tarixli qətnaməsi ilə onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin qətnamənin tələbinə əsasən, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər biri üçün 117 manat olmaqla 234 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qət edilmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-1964/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş və xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək hər biri üçün 154 manat olmaqla 308 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qət edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)1771/2019 saylı xx xxxxx 2019-ci il tarixli qətnaməsi ilə onun Cavabdehna qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilmiş və xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək hər biri üçün 160 manat olmaqla 320 manat miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Hal-hazırda azyaşlı övladları onun himayəsindədir və onların təlim-tərbiyəsi ilə o, məşğul olur. Bununla yanaşı, övladları böyüdükcə onların qayğıları, saxlanma xərcləri də artır. Baxmayaraq ki, o, Heydər Əliyev adına Hava Limanında agent vəzifəsində çalışmaqla 800 manat əmək haqqı alır, lakin yenə də uşaqlarının saxlanması üçün xərclər tələb edildiyindən və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, birgə nikahlarından olan övladlarının saxlanması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Cavabdeh də onunla eyni müəssidə işləyir və 740 manat əmək haqqı aldığını deməsinə baxmayaraq daha artıq əmək haqqı əldə edir. Çünki ailəli olan zamandan bu yana cavabdehin əmək haqqı artmışdır. Sadəcə olaraq, cavabdehin məhkəmə prosesində yalan deyəcəyini fikriləşmədiyi üçün cavadehin əmək haqqı barədə sübut əldə etməmişdir. Bununla yanaşı, Prezidentin Qanunu da var ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artmış və 170-180 manat aralığında olmuşdur. Buna görə də aliment miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, cavabdehin daha çox əmək haqqı aldığını irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə yanaşı bildirmişdir ki, onun özünün əmək haqqı 814 manat, cavabdehin əmək haqqı isə 1200 manatdan çoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək izahatında göstərmişdir ki, onun əmək haqqı 740 manat təşkil etsə də, bəzən əmək haqqına əlavələr olur. Hazırki alimenti gecikdirmədən ödəyir və buna görə də iddia tələbi əsassızdır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)1771/2019 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması” tələbinə dair iddiası təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1964/2019 saylı, xx.xx.2018ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarı artırılaraq, xx xxxxxx 2012-cu il təvəllüdlü X5 və xx xxx 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx xxxxxx 2019-cu il tarixdən hesablanaraq Cavabdeh hər ay hər uşağa 160 manat olmaqla cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi, alimentin tutulmasının xx xxxxxx 2019-cu il tarixdən başlanılması və Cavabdeh 30 manat məbləğində dövlət rüsumubub dövlət büdcəsinin xeyrinə tutulması qət edilmişdir. Beləliklə hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü bu hallar alimentin məbləğinin artırılması üçün əsas ola bilməz; çünkü alimentin hər uşağa görə 160 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırkı işin materiallarından, cavabdehin həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək dəyişiklik olmadığı aydın olur. İş materiallarından görünür ki, cavabdeh Heydər Əliyev adına Hava Limanında agent vəzifəsində çalışır 800 manat əmək haqqı alır. Bu səbəblə kollegiyanın qənaətinə görə, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin ailə və ya maddi vəziyyətində baş vermiş və müvafiq olaraq alimentin miqdarının artırılmasını zəruri edən dəyişiklik kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun müəyyən olunmuş miqdarının dəyişdirilməsi zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən kollegiya, birinci instansiya məhkəməsinin mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəldiyini, apellyasiya şikayətinin dəlillərinin qətnamənin ləğvi üçün əsas yaratmadığını hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1525/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Valeh Ağayev Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5120/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5120/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver