Məhkəmə qərarları › İş №2(103)-5120/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5120/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5120/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Məhərrəmova Şeyda Ədalət qızı və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(011)-2603/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 04.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 7000 manat, 31.08.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6000 manat olmaqla, cəmi 13000 manat borcun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(011)-2603/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı ilə onun arasında həqiqətən də pul söhbəti olmuşdur. Ona bir illik müddətinə kredit kimi pul verməsini xahiş etmişdir. İddiaçı X1 bununla razılaşdı və ona bildirdi ki, bu borcu notariat qaydasında rəsmiləşdirsin. Notariusda onunla 6 000 manat məbləğində borc müqaviləsi bağladı, pulu bankdan götürərkən ona 2 000 manat pul verdi və bildidi ki, başqa müqavilə bağlayarlar və o zaman bu pulun da qalığını verəcək. Bundan bir neçə gün əvvəl onlar Yasamal ərazisində yerləşən “Karaca” mağazasına getmişdilər və o, öz bağ evi üçün həmin dükandan onun adına 4 000 manata yaxın qiyməti olan yemək dəsti (servis) götürmüşdü. Daha sonra onlar Xətai ərazisində yerləşən “Bizim ev” mağazasından 2 000 manata yaxın qiyməti olan divan və yay üçün dəniz lejankası götürmüşdü. Bundan sonra, Nadir ona bildirdi ki, onun bağı üçün 4 ədəd palma ağacları lazımdır. O, Astara rayonundan olan tanışı ilə Nadiri və onun tanışı olan Xanım adlı bir qadını tanış etdi. Həmin adamla bütün pul danışıqlarını onların özləri aparmışlar. Həmin adamlar ağacları gətirdikdə onlar ağaclara görə verməli olduqları 4 000 manat pulun 1000 manatını verdilər və qalanını daha sonra verəcəklərini bildirdilər. Daha sonra 800 manat verdilər və həmin 2200 manat da qaldı onun boynunda. Daha sonra baş verən və uzun sürən narazılıqlardan sonra pulun 200 manatını çıxdılar və onların həmin ağaclara görə 2 000 manat borcu qaldı. Sonradan ona məlum olmuşdur ki, Nadir həmin adama 2 000 manatın ona verildiyini və bu pulu ondan almalı olduqlarını bildirib. Halbuki ağacların pulunun notariusda 6000 manatlıq borc müqaviləsi bağlanarkən ona verdikləri 2 000 manata heç bir aidiyyəti yox idi. Onların aralarında olan 2 000 manat pul haqq-hesabı borc istəməyilə bağlı idi. Bundan sonra Nadir başladı həmin adamlardan qaçmağa, o adamlar ona bildirdilər ki, onu tanıyırlar və polis orqanlarına şikayət edəcəklər. Məsələni belə gördükdə adamları apardı Nadirin evinə, bununla da Nadir ondan guya onun evini göstərdiyinə görə incidiyini bildirdi. Daha sonra həmin şəxslər 102-yə şikayət etdilər və Xəzər rayon 2-ci Polis Bölməsində məsələ araşdırılarkən Nadir və Xanım adlı həmin qadın onun üzünə durdular ki, həmin 2 000 manat elə müqavilə bağlanarkən ona verdikləri puldur. Halbuki həmin müqavilə bağlanarkən ağac haqqında söhbət belə yox idi. Polis bölməsində araşdırma aparılarkən də Nadir onu kənara çəkdi və 2 000 manatı Astaradan gələn adamlara verəcəyi təqdirdə onunla olan borc müqaviləsini ləğv etdirəcəyini bildirdi. Nəticədə həmin borc onun Nadirə olan borcuna yönəldildi, hazırkı vaxta o həmin adamlara olan 2 000 manat borcun 1 600 manatını ödəmiş və 400 manat borcu qalmışdır. Lakin, daha sonra ona məlum oldu ki, Nadir məhkəmədə ona qarşı pul tələbinə dair hazırki iddianı qaldıraraq 13 000 manat pul tələb edir. Bir daha qeyd edir ki, Nadir bu müddət ərzində ona cəmi 2 000 manat pul vemişdir ki, onun da 1 600 manatını bağı üçün alınmış ağacların pulunu ödəmişdir. İddiaçı ilə onun arasında yalnız 6 000 manat borcla bağlı bir müqavilə bağlanmışdır. Hər hansı bir ikinci müqavilə bağlanmamışdır və məhkəməyə təqdim edilən həmin müqavilə saxta olmaqla onun tərəfindən imzalanmamışdır. Məhkəmədə dəfələrlə 7 000 manat borcu əhatə edən müqavilənin onun tərəfindən imzalanmadığını bildirməklə ekspertiza təyin edilməsini xahiş etsə də, məhkəmə bu istiqamətdə heç bir addım atmamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı ümumiyyətlə nəzər-diqqətdən kənarda qoymuşdur.İddiaçı onun adına kreditə götürdüyü 3 600 manat dəyərində servis, 2 198 manat dəyərində olan divan və şezlonqun (dəniz üçün lejanka) krediti onun boynunda qalmaqla tərəfindən aylıq olaraq ödənilir. Hazırda da həmin kreditlər üzrə ödənişlər tərəfindən aparılır. Belə olan halda məhkəmə araşdırma aparmalı, ən azından 7 000 manatı əhatə edən ikinci müqavilənin onun tərəfindən imzalanıb- imzalanmadığı aydınlaşdırmalı idi. Məhkəmə ən azından tələb edilən məbləğin həmin müqavilələr əsasında tələb edildiyini nəzərə alaraq o müqavilələrin saxta olmadığını müəyyən etmək məqsədi ilə müvafiq ekspertizası təyin etməklə düzgün nəticəyə gələ bilərdi. Həmçinin də məhkəmə onun məhkəmə prosesində yuxarıda qeyd etdiklərinə uyğun etdiyi çıxışını çıxarmış olduğu qətnamədə tamamilə qeyd etməmişdir. Məhkəmə onun danışdığı o qədər sözdən yalnız bir nəticə çıxarmışdır ki, guya onun həmin 13 000 manat pulu qaytarmadığı təsdiq edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil bildirdi ki, cavabdeh savadsız şəxs deyil, uzun müddət SOCAR-ın işçisi olub. Borc müqaviləsi mövcuddur. Son dövrlərdə olan praktikaya əsasən müqavilə bağlanarkən videoçəkiliş olur. Cavabdeh pulu almadığını iddia edirdi, lakin onlar sübut təqdim etdilər ki, pul depozitə yerləşdirilib. Notarius pulun depozitə yerləşdirilməsi və pulu götürmə barədə qəbz olmadan müqaviləni təsdiqləmir. Qarşı tərəf hazırki borc müqaviləsini və pulu götürdüyünü inkar edirsə, iddiaya etirazını özü sübut etməlidir. İşə baxılması vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh teleqramla məhkəməyə müraciət edərək sağlamlığı ilə bağlı prosesdə iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasını 15 gün ara ilə başqa vaxta təxirə salınmasını xahiş etsə də müraciətinə sağlamlığı ilə bağlı hər hansı bir sübut əlavə etməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 31.08.2020-ci il və 04.09.2020-ci il tarixli kredit müqavilərinə əsasən borc verən birinci müqaviləyə əsasən borc alana 30.12.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 6000 manat, ikinci müqaviləyə əsasən isə 04.10.2020-ci il tarixinədək qaytarmaq şərti ilə 7000 manat, borc vermişdir( nəzərdə tutulan pul məbləğləri notariusun bankda açılan depozit hesabına ödənilmişdir). Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. İşin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında 31.08.2020-ci ildə 6000 manata dair kredit müqaviləsi bağlanmış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə cavabdehin 31.08.2020-ci tarixli kredit müqaviləsi üzrə iddiaçının ona 6000 manat deyil, 2000 manat verdiyini, 04.09.2020-ci il tarixli kredit müqaviləsinin isə onun tərəfindən imzalanmadığını bəyan etməsidir. Belə olan vəziyyətdə, apellyasiya instansiya məhkəməsi hesab edir ki, hazırki iddia tələbi üzrə işin mübahisəli hallarına dair sübut etmə yükünün tərəflərdən hansının üzərinə düşməsini müəyyən etməklə mübahisənin maddi və proseesual hüquq normalarının tələblərinə uyğun düzgün həllinə nail olmaq zəruridir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər, həmçinin analoji işlər üzrə işdə iştirak edən şəxslər öz aralarında müxtəlif xarakterli mülki hüquq münasibətlərindən yaranmış münasibətlərin nəticələrini gələcəkdə məhkəmə müstəvisində mübahisələndirəcəklərinin hüquqi mexanizmini yaratmaq (sübut toplamaq, təminat almaq və s.) və möhkəmləndirmək məqsədilə aralarındakı münasibətləri rəsmiləşdirmək üçün notariat orqanlarına müraciət edərək mövcud borcun etirafı yaxud borc(kredit) müqavilələri adı altında müxtəlif xarakterli müqavilələr bağlayırlar. Bu müqavilələri bağlayan zaman isə könüllü olaraq müqavilənin şərtləri ilə tanış olduqdan sonra imza edirlər. Lakin sonradan aralarında yenə də hər hansı bir səbəbdən, məsələn uğursuz biznes və ticarət əməliyyatları nəticəsində maliyyə vəziyyətlərinin pisləşməsi ilə əlaqədar bir-birinə qarşı iddia ilə məhkəməyə müraciət edirlər. Bu cür vəziyyətlərdə tərəflərdən biri notariat qaydasında təsdiq edilmiş müqaviləyə əsasən digər tərəfdən pul tələb etdiyi halda digər tərəf isə buna etiraz edərək qarşı tərəfdən hər hansı bir məbləğdə pul məbləğini almadığını, yaxud hazırki işdə olduğu kimi kredit müqaviləsində nəzərdə tutulan məbləği tam almadığını və müqavilənin onun tərəfindən imzalanmadığını bəyan etməsidir. Belə vəziyyətdə isə mübahisənin ədalətli həlli üçün məhkəmə tərəflərin qarşılıqlı münasibətlərini tam, hərtərəfli və obyektiv araşdırmaqla düzgün nəticəyə gəlməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, tərəflər arasında yaranmış hazırki mübahisə də məhz yuxarıda qeyd olunan xarakterli olduğundan, bu məsələyə də tərəflərin əvvəlki münasibətlərinə uyğun hüquqi qiymət verilməlidir. Bu mənada hazırki iş üzrə tərəflər arasında həqiqətən kredit müqaviləsi bağlansa da cavabdeh birinci müqavilə nəzərdə tutulan məbləğdən 2000 manat aldığını, ikinci müqaviləni isə imzalamadığını bildirir. Lakin cavabdehin mövqeyini əsaslı hesab etmək olmaz. Çünki, cavabdeh də, notariat qaydasında bağlanmış müqavilənin əslində hansı münasibətlərin nəticəsi olaraq bağladıqlarını kifayət qədər inandırıcı və ağlabatan şəkildə məhkəmənin nəzərinə çatdıra bilməmiş yaxud da çatdırmaq istəmir. Yalnız, birinci müqavilədə nəzərdə tutulan məbləğdən 2000 manat aldığını, ondan da 1600 manat ödədiyini, 400 manat qaldığını, ikinci müqaviləni isə ümumiyyətlə imzalamadığını qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmir. Buna görə də, həm qeyd olunan halları, həm də notariat qaydasında bağlanmış birinci kredit müqaviləsi üzrə 2000 manat aldığını və bunun da 1600 manatını qaytarmasını yaxud da ikinci müqaviləni imzalamadığını sübut etmək vəzifəsi, artıq cavabdehin üzərinə düşsə də, o, bu halı sübuta yetirə bilməmişdir. Cavabdehin bu barədə şikayətinin dəlilləri isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, belə bir sübut da onun tərəfindən təqdim edilməmişdir. Əksinə iddiaçı tərəfindən həmin məbləğlərin “xxxx” ASC-nin Nərimanov fililalında notariusun depozit hesabına mədaxil etməsi işdə olan mötəbər sübutlarla təsdiq olunur. Apellyasiya instansiya məhkəməsi vurğulayır ki, cavabdeh 04.09.2020-ci il tarixli kredit müqaviləsinin onun tərəfindən imzalanmadığını bəyan etsə də, iş üzrə məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsinə əsas və zərurət yoxdur. Çünki, qeyd olunan müqavilənin onun tərəfindən imzalanmaması barədə apellyasiya şikayətinin dəlilləri açıq-aşkar əsassız olmaqla işə düzgün və tezliklə baxılmasına və həll edilməsinə maneçilik törətmək, bununla da işə baxılması müddətini süni surətdə uzatmaq məqsədi daşyır. Əgər belə olmasaydı ən azından birinci instansiya məhkəməsində də ikinci müqavilənin onun tərəfindən imzalanmadığını bəyan edərdi. Lakin etməmiş izahatında ancaq kredit müqavilələrinin formal bağlandığını göstərmişdir. Bu cür vəziyyətdə, yəni ikinci kredit müqaviləsini imzalamamasının apellyasiya mərhələsində xatırlaması isə əlbətdə ki, inandırıcı və ağlabatan deyildir. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(011)- 2603/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar