Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5123/2020 12.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının və cavabdehin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-8790/2019) ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat, xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün isə 180 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismət təmin edilməsini, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-8790/2019) ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını, cavabdehdən hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində xx.xx.2010-cu il təvəllüdlü Röyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat, xx.xx.2012-ci il təvəllüdlü Nurəlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün isə hər ay 180 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Lakin işə baxmış Rayon Məhkəməsi qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, onun baxışının predmeti olan iddia tələbi uşağa görə 180 manat, cəmi 360 manat məbləğində alimentin tutulmasından ibarətdir. Göründüyü kimi, işə baxmış Rayon Məhkəməsi, onun baxışının predmeti olmuş iddia tələbini düzgün müəyyən etməmiş, faktiki iddia tələbinin bir hissəsinə qiymət verməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Belə olan halda Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə əsaslı hesab edilə bilməz, Rayon Məhkəməsi yuxarıda qeyd edilən prosessual hüququ normasının tələbini pozmuşdur. MPM-nin 385.1.1-ci maddəsinin mənasına görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxan Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə qarşı irəli sürdüyü iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə xx.xx.2006-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. Nikahdan 2 övladları var: Röya və Nurəli. Uşaqların olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuş və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə (İş № 2(001)-455/2019) əsasən nikaha xitam verilməsi, uşaqların ananın (hazırki iş üzrə iddiaçının) yanında saxlanılması və sabit pul məbləğində hər uşağa görə 160 manat, cəmi 320 manat məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-8790/2019) ilə cavabdehin apelyasiya şikayəti qismən təmin edilərək, qətnamə aliment hissəsində qismən ləğv edilmiş və hər uşağa görə hər ay 80 manat olmaqla, cəmi 160 manat müəyyən edilmişdir. Cavabdeh tərəfindən ödənilən aliment uşaqların maddi tələbatlarını ödəmək üçün həddən artıq az olduğundan, uşaqların təhsili, sağlamlıq qayğısına qalması üçün xeyli vəsait tələb olunur. İddiaçının təkbaşına bütün maddi tələbatları ödəməyə imkanı yoxdur. İddia tələbinə qarşı cavabdehin etirazını özündə əks etdirən apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəsmi və daimi iş yeri olmayan, günəmuzd olaraq fəhləlik ilə məşğul olan cavabdehin maddi vəziyyəti həmin məbləğdə alimenti ödəməyə imkan vermir. Bundan başqa cavabdehin səhhətində bir sıra problemlər var. Hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat məbləğində alimenti çətinliklə də olsa ödəyir, lakin daha artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur. Cavabdeh apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. İş materiallarında olan “Doğum haqqında şəhadətnamələrdən”, işdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərindən görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2006-cı il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Nikahdan onların 2 övladları var: Röya və Nurəli. Uşaqların olmasına baxmayaraq iş üzrə tərəflərin münasibətləri pozulmuş və onlar ayrılmışlar. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iş üzrə tərəflərin nikahlarının pozulması, nikahın pozulmasında sonra uşaqların ananın (hazırki iş üzrə iddiaçının) yanında saxlanılması və sabit pul məbləğində hər uşağa görə 160 manat, cəmi isə 320 manat alimentin tutulması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(103)- 8790/2019) görünür ki, qətnamə ilə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin qismən, yəni alimentin miqdarının müəyyən olunması hissəsində qismən ləğv edilməsi, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə, hər ay sabit pul məbləğində tutulan alimentin miqdarı hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, “Uşaq hüquqları haqqında” Bəyannaməyə görə, uşaq, qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi və sosial baxımdan sağlam və normal yolla, azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunun 19-cu maddəsinə görə, valideynlərin uşağın tərbiyəsində bərabər hüququ və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. X1 “Uşaq hüquqları haqqında Konvensiyasının” 18-ci maddəsinin tələbinə görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin “cavabdehin maddi imkanının ağır olması səbəbindən iddianın rədd edilməsi barədə” iddianın rədd edilməsi üçün əsas ola bilməz, lakin qismən təmin edilməsi üçün əsaslıdır. Belə ki, son vaxtlar Azərbaycan Respublikasında yaşayış minimumunun məbləği hər il ölkə üzrə, o cümlədən uşaqlar üçün artmaqda davam edir. Bununla əlaqədar, sabit pul məbləğində müəyyən edilmiş alimentin miqdarının artırılmasına dair iddiaların sayı da artır. Məhkəmələr tərəfindən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu əsas götürülməklə bu cür iddialar demək olar ki, əksər hallarda təmin olunur. Aliment ödəyən şəxslər isə maddi vəziyyətlərinin buna imkan vermədiyini əsas gətirərək alimentin bu qaydada artırılmasına etiraz edir, həmçinin bu cür artırmalar nəticəsində məhkəmə aktlarının icrası çətinləşir, bəzi hallarda isə məhkəmə aktının icrası qeyri-mümkün olur. Ailə Məcəlləsinin 78.2-ci maddəsində sabit pul məbləğinin miqdarının müəyyən edilməsinin 4 meyarı (maddi vəziyyət, ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar, əvvəlki təminatın səviyyəsi) göstərilsə də, bu meyarlar ümumi xarakterli olduğundan vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına imkan vermir. Bununla əlaqədar, bu sahədə vahid məhkəmə təcrübəsinin formalaşdırılmasını təmin etmək üçün konkret işdə olan sübutlar həmin 4 meyarı konkretləşdirməyə imkan vermədikdə, alimentin miqdarı “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hər il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün məbləğ və uşaqların sayı əsas götürülməklə Ailə Məcəlləsinin 76cı maddəsinə müəyyən edilmiş nisbətdə müəyyən edilməsi daha düzgün olardı. Bu qayda müəyyən edilərkən 2 meyar əsas götürülür. Yaşayış minimumunun ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş məbləği və Ailə Məcəlləsinin 76-cı maddəsində nəzərdə tutulmuş nisbət. İşdə başqa sübutlar yoxdursa və aliment ödəyən şəxsin qazancını və digər gəlirlərini müəyyən etmək mümkün deyilsə bu qeyd olunan meyar əsas götürülməklə bu təcrübədən istifadə edilə bilər. Bu qayda həm də obyektiv göstərici ola bilər. Çünki məhkəmə təcrübəsində sabit pul məbləğində aliment müəyyən edilərkən hər il “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Qanunda göstərilən (artan) minimumu uşaqların sayına vurularaq müəyyən edilir. Bu təcrübə isə çoxuşağı olan aliment ödəyicilərinin maddi vəziyyətinə təsir etdiyinə görə məhkəmə aktlarının icrasını çətinləşdirir və süni surətdə hüquqi məsuliyyətə (inzibati və cinayət məsuliyyətinə) cəlb edilən şəxslərin sayını durmadan artırır. Bu cür vəziyyət isə digər neqativ nəticələr yaratmaqla yanaşı bəzən aliment ödəyən şəxslərin haqlı narazılığına da səbəb olur. Əlbətdə ki, bu qayda “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarının 8.2-ci bəndindəki məhkəmələrə etdiyi tövsiyəsinə və “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarındakı formalaşdırdığı hüquqi mövqe ilə dolayı da olsa uzlaşmaya bilər. Lakin sözügedən qərarlarda da, 2, 3 və daha artıq uşağa görə aliment müəyyən edilərkən, mütləq ki, hər uşağa görə yaşayış minimumunu adi qaydada üst-üstə toplanılmalı olması nəzərdə tutulmamışdır. Çünki 2, 3 və daha artıq uşağa görə aliment ödəyən şəxslərin aylıq qazancının və digər gəlirlərinin artım dinamikasının hər il artan yaşayış minimumunun dinamikası qədər olmasına dair aliment tələb edən şəxslər tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim olunmur. Odur ki, Məhkəmə, cavabdeh tərəfindən 2 uşağa görə ödədiyi alimentin məbləğinin artırılmasına ehtiyacın olmasını, lakin bununla yanaşı cavabdehin işləməməsini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-8790/2019) ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı və alimentin məbləği, xx.xx.2010-cu il təvəllüdlü Röyanın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat, xx.xx.2012-ci il təvəllüdlü Nurəlinin yetkinlik yaşına çatanadək saxlanılması üçün isə 180 manat deyil, hər birinin yetkinlik yaşına çatanadək saxlanılması üçün 113,5 manat, cəmi isə 227 manat məbləğində müəyyən edilməlidir. Beləliklə göstərilənləri, MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması tələbi barədə” iddiası qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü Yusifzadə Röya Sarvan qızının və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(103)-8790/2019) ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın və hazırki qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər uşağa görə 113 (yüz on üç) manat 50 (əlli) qəpik məbləğində aliment tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər (imza) Məmməd Məmmədov (imza) Şeyda Məhərrəmova (imza) Rəşad Həsənov “Əsli ilə düzdür” Hakim Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5123/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5123/2020
12.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver