Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5123/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi”nə dair Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2103/2021 saylı iş üzrə qəbul etdiyi 25 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh maddi zərərin əvəzi olaraq 15000 manat, eyni zamanda ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 15030 manat pulun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh yeni mağaza tikməsi üçün torpaq sahəsi almaq məqsədilə 15000 manat pul vermişdir. Cavabdeh tanışı X5 vasitəsilə ona yeni torpaq sahəsi alacağını bildirmişdir. Lakin hazırki günədək nə torpaq sahəsini almamış, nə də alınan pulu geri qaytarmamışdır. Qeyd olunan nüanslarla bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsində araşdırma aparılmış, 25.04.2020-ci il tarixdə cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu qərardan Yasamal Rayon Məhkəməsinə şikayət edilmişdir, rədd qərarı ləğv edilmişdir. Lakin buna baxmayaraq 12.10.2020-ci il tarixli cinayət təqibinin başlanmasının rədd edilməsi barədə qərarla mülki xarakterli olduğundan təkrarən cinayət işinin başlanması rədd edilmişdir. Rədd qərarındada cavabdeh pulu aldığını etiraf etmişdir. Cavabdeh ödənişin edilməsilə bağlı hər-hansı bir addım atmamışdır. İddiaçı hesab edir ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Buna görə də o, öz risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2103/2021 saylı iş üzrə qəbul etdiyi 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclası protokolunda “X12 xanımdan 15 000 manat pulu alıb X7 vermişəm” fikri həqiqəti əks etdirmir. Həmçinin birinci instansiya məhkəməsi iş üzrə əsl cavabdehin X9 olması barədə onun vəsatətinə də qiymət verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şiakyətinin məzmununa uyğun uzahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan 12.10.2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının izah olunması qərara alınmışdır. Həmin qərarda Cavabdeh Əlövsət oğlunun izahatı ilə müəyyən edilir ki, Cavabdeh Əlövsət oğlu X1 on mağaza tikdirmək üçün torpaq sahəsi almaq məqsədilə verdiyi 15000 manat pulu tanışı X7 verdiyini, sonuncunun onu aldadaraq pulu ələ keçirdiyini bildirmişdir. İş materiallarında olan Cavabdeh Əlövsət oğlunun məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, İddiaçı 15000 manat məbləğində pul götürüb, X7 vermişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin iddiaçıdan iddia edilən məbləğdə pul vəsaitini aldığını etiraf etməsini əsas götürərək iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Cavabdehin apellyasiya şikayətində məhkəmə iclası protokolunda onun izahatının təhrif edilməsi barədə şikayətini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin 08 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh məhkəmə iclas protokoluna verdiyi qeydlər təmin edilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Мəhkəməsinin 2(011)-2103/2021 saylı iş üzrə qəbul etdiyi 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5123/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5123/2021
09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver