Məhkəmə qərarları › İş №2(103)-5126/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5126/2021

03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5126/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbrahimli İbrahim Adil oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xaliq qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh3 və X1 iştirakı ilə, İddiaçı "İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3, Cavabdeh1, X3 qarşı "kredit müqaviləsi üzrə mübahisələr" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı – cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 28066,45 manat əsas, 2027,17 manat faiz borcu olmaqla, cəmi 30093,62 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 “xxxx” İKB ASC-dən 09.08.2019cu il tarixli baş kredit müqaviləsinə əsasən, 100.000 manat kredit limiti ayrılmışdır. X5 09.08.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, “xxxx” İKB ASC-dən illik 20 faizlə, 36 ay müddətinə 35.000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 09.08.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 01.10.2020-ci ilədək Cavabdeh1 banka 09.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə 28.066,45 manat əsas, 2.027,17 manat faiz borcu olmaqla, cəmi 30.093,62 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021-006 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun məhkəmə prosesinin keçirilməsindən xəbəri olmamış və buna görə də, sübut və vəsatətlərini məhkəməyə təqdim edə bilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi hər cavabdehin nə qədər pul verməli olduğunu müəyyən etməmişdir. Cavabdeh3 zaminliyə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və X6 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Belə ki, iş materiallarından görünür ki, “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında 09.08.2019-cu il tarixdə bağlanmış baş kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 120 ay müddətinə, illik 30%-lə 100000 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh1 arasında 09.08.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 20 faiz geri ödənilmək şərti ilə 35000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh3 arasında bağlanmış 09.08.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu borclu Cavabdeh1 “xxxx” İKB ASC ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün bank qarşısında zamin durmuşdur. İş materiallarında olan “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 09.08.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, sonuncu borclu Cavabdeh1 “xxxx” İKB ASC ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün bank qarşısında zamin durmuşdur. İşin materiallarında olan 01.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 qeyd edilən müqavilə üzrə “xxxx” İKB ASC-yə 28066,45 manat məbləğində əsas, 2027,17 manat faiz olmaqla, cəmi 30093,62 manat məbləğində kredit borcu vardır. İşin materiallarında olan “xxxx” İKB ASC tərərfindən 28.09.2020-ci il tarixdə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, “xxxx” X9 Səhmdar Cəmiyyətinin hazırkı adı İddiaçı Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır . Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Adı çəkilən Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 462-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2. maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı icranı tələb etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir. Belə ki, mübahisələndirilən qətnamə apellyasiya şikayətinin dəlilləri əsasında yoxlanılarkçən müəyyən edilir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, apellyator şikayətində işə onun iştirakı olmadan baxılmasını qeyd etsə də, iş materiallarından görünür ki, cavabdehlərə qanunvericiliyin tələblərinə uyğun surətdə yazılı bildirişlər, həmçinin elektron hökümət portalı vasitəsilə SMS bildirişlər göndərilmişdir. Bundan başqa, apellyator hər bir cavabdehin ödəməli olduğu pul məbləğinin məhkəmə tərəfindən müəyyən edilmədiyini bildirsə də, məhkəmə kollegiyası izah edir ki, Mülki Məcəllənin 472.1-ci maddəsinin tələblərinə görə, bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bu isə o deməkdir ki, cavabdehlər iddiaçıya olan borc məbləğini birgə şəkildə ödəməlidirlər və bu zaman hər bir cavabdehin ödəməli olduğu məbləğin müəyyən edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası apellyatorla bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi ilə bağlı apellyasiya şikayətinin dəlilini də əsassız hesab edir. Belə ki, apellyator zaminlik müqaviləsinin ləğv edilməsinə əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17.02.2021-ci il tarixli, 2(011)-1024/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: İbrahim ibrahimli Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar