Məhkəmə qərarları › İş №2(103)-5126/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5126/2022

29.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5126/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3296/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Sonradan münasibətlər korlanmış və hal-hazırda ayrı yaşayırlar. Azyaşlı uşağı onun yanındadır. Bildirir ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370 saylı qətnaməsinə əsasən, xx.xx.2014-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 70 manat alimentin tutulması müəyyən edilmişdir. Qətnamə icra edilməsi üçün Bərdə rayon İcra Şöbəsinə göndərilmişdir. Hazırkı dövrdə o, övladına qulluq etdiyi üçün işləmir və övladının dolanacaq xərclərini tam təmin edə bilmir. Məhz bu səbəbdən yetkinlik yaşına çatmayan övladının saxlanılması üçün xərclər tələb edildiyindən, uşağının gündəlik xərcləri artıdığından və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, birgə nikahdan olan Aminin saxlanması üçün cavabdeh də, valideynlik vəzifələrini həyata keçirərək aliment ödəməlidir. Belə ki, övladı məktəblidir, onun qidası, məktəb və.s xərclər pul tələb edir. Əlavə olaraq bildirir ki, xx.xx.2009-cu il təvəllüdlü X9 “Astiqmatizm, OU-mürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” xəstəliklərindən əziyyət çəkir. Bəllidir ki, onun sağalması, müalicə üçün kifayət qədər vəsait lazımdır. Lakin, cavabdeh öz övladının müalicəsi üçün heç bir yardım etmir. Cavabdehin ödədiyi 70 manat pulla o, həm övladının maddi məsrəflərini, həm də müalicə xərclərini qarşılamalıdır. Bəllidir ki, bu qeyri-mümkündür. Məhz bu səbəbdən xx.xx.2009-cu il təvəllüdlü X5 müalicəsi üçün əlavə xərc də tutulmalıdır. Əlavə olaraq bildirir ki, cavabdeh işləyir və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Bununla yanaşı, cavabdeh elə münasibət sərgiləyir ki, sanki valideyn olaraq uşağı maddi cəhətdən təmin etmək, onun müalicə xərclərini qarşılamaq ancaq onun xərcidir. Buna görə də, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370 saylı qətnaməsi ilə cavabdehlə faktiki nikahlarından doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və hər ay 175 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi, xx.xx.2009-cu il təvəllüdlü X5 müalicəsi üçün hər ay 60 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3296/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 16 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli 2(104)-1370/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 16 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutulub, İddiaçı verilməsi, Cavabdeh, İddiaçı 16 sentyabr 2009-cu il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 (əlli) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumunun ondan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (sədrlik edən: Qumru Əliyeva).

4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbinin xx.xx.2021-ci il tarixli, 101 saylı məktubdan da göründüyü kimi xx.xx.2009-cu il təvəllüdlü X9 2017-ci il tarixdən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alır. Müəssisədə təhsil aldığına görə hər ay dövlət tərəfindən 50 manat müvinət alır. Arayışdan görünür ki, Amin adlı uşaqları dövlət vəsaitindən təhsil alır və bununla yanaşı hətta 50 manat dövlət tərəfindən müavinət də alır. Cavabdeh uşağından boyun qaçırmır. Ancaq uşağa heç bir qayğı göstərməməsi bir yana, Aminə görə verdiyi alimenti də özü üçün xərcləyir və cavabdehə qarşı qərəzli iddia qaldırır. İddiaçı Ləman Allahveriyeva şoubiznes nümayəndəsi olmaqla, Türkiyədə, Rusiyada və Azərbaycanda mügənniliklə məşğuldur. Şou verililərində və toylarda gününü keçirir. İnstaqram və tvitter sosial şəbəkələrinə baxılsa şənliklərdə iştirak etməsi öz təsdiqini tapır. Cavabdeh isə kənddə yaşamaqla, birtəhər dolanır və əvvəlki aliment öhdəliyini yerinə yetirir. Uşağına heç bir qayğı göstərməyən birinin iddia tələbi təmin edilməməlidir. Tərəflərin izahatları:

6. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

7. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

9. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi:

10. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİİ seriyalı, 196276 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 sentyabr 2009-cu il tarixdə doğulmuşdur, bu barədə Bərdə rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 25 may 2011-ci il tarixdə, 944 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır;

11. Bərdə rayon icra şöbəsinin icra məmuru X7 tərəfindən qəbul edilmiş 14 noyabr 2014-cü il tarixli, 2383/04 saylı icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2014 saylı, 05 sentyabr 2014-cü il tarixli icra sənədinə əsasən, Cavabdeh 1 uşağın saxlanması üçün 03 aprel 2014-cü il tarixdən etibarən hər ay 70 (yetmiş) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir;

12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 19 saylı Uşaq Poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan çıxarışın surətindən və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 24 oktyabr 2019-cu il tarixli tibbi rəyindən görünür ki, xx.xx.2009cu il təvəllüdlü X6 “Astiqmatizm, OU-mürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” diaqnozu qoyulmuşdur;

13. ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X9 “Astiqmatizm, OU-mürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” diaqnozu qoyulmuş və o, sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmışdır;

14. X4 18 saylı Ərazi Məşğulluq filialının 22 oktyabr 2021-ci il tarixli, **********0 saylı arayışının surətindən görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Yoxlamalar” altsistemində hazırda qüvvədə olan aktiv əmək müqaviləsi aşkar edilməmişdir;

15. AZ-İ seriyalı, 919917 saylı nikah haqqında şəhadətnamənin və AZ-İİİ seriyalı, 374044 saylı doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh ilə X3 22 yanvar 2014-cü ildə Bərdə rayon Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar, birgə nikahdan 21 iyun 2014-cü il təvəllüdlü X10 adlı uşaqları doğulmuşdur;

16. Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 15 noyabr 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh şəhər poliklinikasının nevroloji kabinetində “Nevrosteniya, vegetativ damar distoniyası” diaqnozu ilə dispanser qeydiyyatındadır. Hüquqi dəyərləndirmə:

17. İşin mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh faktiki nikah münasibətində olmuşlar, tərəflərin birgə münasibətindən 16 sentyabr 2009-cu il təvəllüdlü X9 doğulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2014 saylı, 05 sentyabr 2014cü il tarixli icra sənədinə əsasən, Cavabdeh 1 uşağın saxlanması üçün 03 aprel 2014-cü il tarixdən etibarən hər ay 70 (yetmiş) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin vaxtdan sonra alimentin miqdarı dəyişdirilməmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, o cümlədən xəstəlikdən əziyyət çəkən uşağının müayinə və müalicəsinə çəkdiyi xərcə görə cavabdehdən pul alınmasını xahiş edir.

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

19. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

20. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

21. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər;

22. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

23. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

24. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.

25. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış”minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində müəyyən edilmişdir.

26. “Azərbaycan” Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

27. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun”28 mart 2016-cı il”tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.”””

28. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

29. Kollegiya Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşrı və belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləği ilə uşağı saxlamaqda çətinlik çəkir.

30. Kollegiya həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə münasibətindən doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasına dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

31. Kollegiya dəyişdirilərək artırılmalı olan aliment məbləğinin həcmi ilə bağlı qeyd edir ki, iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyi, işin faktiki hallarını nəzərə alındıqda aliment məbləğinin 175 manat müəyyən edilməsinə dair iddia tələbinin qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsi haqlı olmuşdur.

32. Belə ki, nəzərə alınmalıdır ki, hazırki mübahisədə tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir.

33. Kollegiya iddiaçının ərizəsində cavabdehin fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla tələb olunan alimenti ödəməyə kifayət qədər yaxşı maddi imkanının olması barədə göstərdiklərinə münasibətdə isə qeyd edir ki, Cavabdeh “Nevrosteniya, vegetativ damar distoniyası” diaqnozu ilə dispanser qeydiyyatında olması, qüvvədə olan əmək müqaviləsinin mövcud olmaması, qeyri-müntəzəm gəlir əldə etməsi və digər hallar da nəzərə alınmaqla, iddiaçının göstərdikləri cavabdehin maddi vəziyyətində əhəmiyyətli dəyişikliyin baş verməsini təsdiq edən sübut qismində qəbul edilə bilməz. Bu zaman kollegiya onu da nəzərə alır ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçının tələb etdiyi miqdarda alimentin tutulması barədə iddianın təmin edilməsi gələcəkdə qətnamənin icrasının mümkünsüzlüyünə, ədalətli məhkəmə araşdırmasının xəyali hüquqa çevrilməsinə səbəb ola bilər.

34. Bununla yanaşı, kollegiya qeyd edir ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamasına baxmayaraq, cavabdehin həmin uşaq qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşaqlarının maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. O cümlədən, qeyd edilməlidir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2014-cü ildə müəyyən edilmiş 70 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir, yaşayış minimumu məbləği hər il artırılsa da, iddiaçı alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etməmişdir.

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il”tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

36. Ona görə kollegiya hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalı olmasına dair məhkəmənin gəlidiyi nəticə qanunu olmuşdur.

37. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur;

38. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli Qərarına əsasən Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər.”Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər - digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

40. İş materiallarından görünür ki, azyaşlı X9 “Astiqmatizm, OU-mürəkkəb miopatik astiqmatizm, yanaşı olaraq binokulyar ağır görmə pozğunluğu, müştərəf xarici çəpgözlük, perigerik retinal degenerasiya” diaqnozlu xəstəliklərdən əziyyət çəkir, tibbi müəssisələrdə müayinə və müalicə olunmuşdur, hazırda da müayinə və müalicələri davam edir, xəstəliklərinə görə o, sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmışdır. Bütün bu müayinə və müalicələrin pulunu iddiaçının özü ödəyir, cavabdeh buna görə iddiaçıya heç bir maddi kömək göstərmir ki, qeyd edilənlər cavabdehin çəkilən xərcləri ödəməsi barədə iddia tələbini əsaslı edir.

41. Kollegiya qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda azyaşlı X2 xəstəlikdən əziyyət çəkməsini, bu xəstəliyə görə sağlamlıq imkanları məhdud uşaq kimi qeydə alınmasını, onun mənafeyini, habelə işin faktiki hallarını nəzərə almaqla yanaşı həmçinin cavabdehin də mənafeyini nəzərə alır. İddiaçı cavabdehdən hər ay 60 manat sabit məbləğdə əlavə xərc tələb etsə də, cavabdehin həmin məbləği ödəyə biləcək kifayət qədər maddi imkana malik olmasını təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Belə olan halda, kollegiya qeyd edilənləri, o cümlədən cavabdehin həmin uşağın yetkinlik yaşına çatanadək aliment ödəməli olmasını nəzərə alaraq, belə qənaətə gəlir ki, 60 manat məbləğində əlavə xərcin tutulması ilə bağlı iddia tələbinin qismən təmin edilməsi tərəflərin və uşağın mənafeyi baxımından ədalətli olmuşdur.

42. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, 16 sentyabr 2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Gəncə Apellyasiya Məhkəməsinin 05 sentyabr 2014-cü il tarixli 2(104)-1370/2014 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı verilməsi, bundan başqa, Cavabdeh, İddiaçı 16 sentyabr 2009-cu il tarixdə doğulmuş X6 çəkilən əlavə xərclərə cəlb edilməsi və ondan, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, əlavə xərclərə görə hər ay sabit pul məbləğində 50 manat İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

44. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.

45. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Nəticə:

46. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

47. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3296/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar