Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5127/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-56/2021 saylı, 25.02.2021-ci il tarixli, qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bank Aktivlərinin X1 MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-56/2021 saylı, 25.02.2021-ci il tarixli, qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı qeyd olunan qərardaddan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən həmin qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 14 aprel 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. 4 saylı bakı Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.12.2015-ci il tarixli AZ-İ № 788716 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 20.12.2015-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 25.12.2015-ci il tarixdə 1628 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. e-justice.gov.az elektron informasiya sistemindən 25.02.2021-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Cavabdeh1 vərəsələrinin olub-olmaması barədə məlumat aşkar edilməmişdir. İddiaçı mövcud iddia ərizəsi ilə 11.09.2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Qeyd edilən Məcəllənin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, məhkəmə iş üzrə icraata xitam verir. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçı 11.09.2019-cu il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl Cavabdeh1 20.12.2015-ci il tarixdə vəfat etmişdir. Belə olan halda, iddiaçı mövcud iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman Cavabdeh1 ölmüş olduğundan, rayon məhkəməsi iş üzrə icraata cavabdehin vəfat etməsi əsası ilə xitam verməli idi. Rayon məhkəməsi Cavabdeh1 vəfat etməsi və vərəsələrinin olması barədə məlumatın aşkar edilməməsi əsasına görə iş üzrə icraata xitam vermişdir. Bununla belə, Kollegiya qeyd edir ki, rayon məhkəməsi iş üzrə icraata xitam verməklə mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəldiyindən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinin tələbinə görə də, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qərarı formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan əlavə Kollegiya qeyd edir ki, cavabdeh qismində zaminə qarşı da iddia verilmiş, rayon məhkəməsi isə iş üzrə icraata ümumilikdə xitam vermişdir. Bununla bağlı isə Kollegiya bildirir ki, Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 470.1, 471, 472.1 və 472.2-ci maddələrinin tələblərinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477-ci maddəsində zaminliyə xitamın əsasları təsbit olunmuşdur ki, onlardan biri də zaminliklə təmin olunmuş öhdəliyin xitam olunmasıdır. Hazırkı halda əsas öhdəliyin tərəfi, eyni zamanda əsas öhdəliyə xitam verilibverilməməsi də müəyyən edilmədiyindən rayon məhkəməsi iş üzrə icraata ümumilikdə xitam verməkdə haqlı olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, əsas öhdəliyin tərəfi və əsas öhdəliyə xitam verilibverilməməsi müəyyən edildikdən sonra iddiaçıya əsas öhdəliyin tərəfinə və zaminə qarşı yenidən hazırkı tələblərlə iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bank Aktivlərinin X1 MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-56/2021 saylı, 25.02.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçıya əsas öhdəliyin tərəfi və əsas öhdəliyə xitam verilib-verilməməsi müəyyən edildikdən sonra əsas öhdəliyin tərəfinə və zaminə qarşı yenidən hazırkı tələblərlə iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5127/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5127/2021
26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver