Məhkəmə qərarları › İş №2(103)-5127/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5127/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5127/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh; iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə (Açar sözlər: müqavilənin lazımi qaydada icra edilməməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X7 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X1, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “mübahisə predmeti olan əşyanın dəyərinin müəyyən edilməsi və pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1455/2024 saylı, 17 may 2024-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə görə parket çəkən avadanlığı 20.000 (iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Alıcı həmin pulun 2000 (iki min) manatını notariusun depozit hesabı vasitəsi ilə ödəmiş, qalan 18000 (on səkkiz min) manatı iki ay ərzində satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin qeyd hissəsinə əsasən satılan əmlakın yararlıq vəziyyəti aktla müəyyənləşdirilə bilər.

2. Lənkəran rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə aralarında xx.xx.2022-ci ildə bağlanmış müqaviləyə əsasən aldığı Parket çəkən avadanlığa görə 2 ay müddətinə ödəmək şərti ilə 18.000 (on səkkiz min) manat borc pulunun 8.000 (səkkiz min) manatını ödəməmiş, 10.000 (on min) manatı müqavilənin şərtlərinə riayət etməyərək qaytarmamış və bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi bildirilmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-860/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdehlər İddiaçı və Bakı şəhəri 35 saylı notariat ofisinə qarşı “İcra Qeydinin ləğvi” tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri 35 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-8604 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.

4. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair hesabatdan görünür ki, taxta məhsullarını kəsən dəzgah boyalandığından texniki göstəricilərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən qiymətləndirmə tarixinə, yəni xx.xx.2024-cü il tarixinə, təqribi bazar qiyməti 10.000 (on min) manat – 12.000 (on iki min) manat civarında təşkil edilir.

Birinci instansiya məhkəməsində icraat

5. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə Lənkəran rayonu 1 saylı Notariat ofisində bağlanmış müqaviləyə əsasən Cavabdeh müqavilə üzrə qalıq borc 10.000 (on min) manat, adi mülki dövriyyə şəraitində əldə edəcəyi 2.499 manat gəlir (əldən çıxmış fayda), 120 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 520 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 13.139 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlkin iddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə Cavabdeh ilə parket çəkən avadanlığı 20.000 (iyirmi min) manat dəyərində qiymətləndirərək həmin məbləğin 2.000 (iki min) manatını dərhal, qalıq 18.000 (on səkkiz min) manatını isə 2 (iki) ay müddətinə ödənilməsinə dair aralarında razılığa gəlmişlər. Həmin razılıq xx.xx.2022-ci tarixdə Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. Lakin Cavabdeh ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ilkin olaraq 2.000 (iki min) manat, daha sonra müxtəlif vaxtlarda ödənilməklə cəmi 8.000 (səkkiz min) manat, ümumilikdə 10.000 (on min) manat ödəniş etmişdir. Bundan sonra Cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, müqavilə üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmiş, bununla da ona maddi ziyan vurulmuşdur. xx.xx.2022-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icrasını təmin etmək məqsədi ilə dəfələrlə şifahi və yazılı xəbərdarlıq etsə də, cavabdeh borcunu ödəməkdə qərəzli şəkildə yayınmışdır.

7. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “pul və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, daha sonra qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisə predmeti olan parket kəsən dəzgahın qiymətinin 10.000 manat olaraq müəyyən edilməsi və İddiaçı 9.300 manat, vəkil ilə bağlanmış müqavilə üzrə ödənilmiş 500 manat və ödənilmiş 115 manat dövlət rüsumunun olmaqla, cəmi 9.915 manat tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, fərdi sahibkar olaraq parket istehsalı ilə məşğuldur. Əvvəllər Ukrayna Respublikasının Ludik şəhərində yaşamış və orada yaşayan zaman da bu işlə məşğul olmuşdur. Ukraynada müharibə başlayan zaman 2022-ci ildə ölkəyə qayıtmış və bütün əşyaları orada qalmışdır. Ölkəyə gəldikdən sonra öz işini bərpa etmək məqsədi ilə parket kəsən dəzgahı almaq niyyətində olmuşdur. Bu səbəbdən 2022-cü ilin avqust ayında İddiaçıla tanış olmuş və onda olan dəzgah aparatını və əlavə avadanlıq (vintilyator) almalı olduğu barədə razılaşmışlar. Həmin dəzgah Lənkəran şəhərində yerləşdiyindən həmin dəzgahı Lənkərandan Bakıya gətirmişdir. Dəzgahın işləməsini yoxlamışlar və işləmiş, lakin əllərində xammal olmadığı üçün parket kəsimi edib yoxlaya bilməmişlər. Necə parket istehsal etməsini yoxlamaq mümkün olmamışdır. Aparatın pulunu ödəmək üçün 35 saylı notariat kontoruna getmişlər və həmin pulu kassaya köçürmüşlər. Qalan 18000 manat pulu isə 2 ay müddətində ödəyəcəyi barədə notariusda müqavilə bağlamışlar. Bundan sonra xam malları gəlmiş, dəzgahı işə salmışlar. Dəzgah taxtanı kəsməmiş və məlum olmuşdur ki, dəzgahın çatışmayan hissələri vardır. Bunlar alınıb dəzgahın üzərinə bərpa olunmalıdır. Sonradan dəzgahın köhnə olması və onun yaxşı görünməsi üçün yalnız üzəri boya ilə rəngləndiyi məlum olmuşdur. Eyni keyfiyyətli dəzgahın cəmi 10.000 manat qiyməti olduğu ona məlum olmuşdur. İddiaçı aldığı dəzgaha 9.300 manat əlavə xərc edərək həmin çatışmayan hissələri almış və düzəltdirmişdir. Bundan sonra dəzgah işləməyə başlamışdır. Bu günə qədər köhnə dəzgaha mütəmadi xərc qoymalı olmuşdur. Bütün bunlara baxmayaraq ödəməli olduğu puldan qısa müddət ərzində 8.000 manatını Azada ödəmişdir. Hesab edir ki, dəzgahı düzəltmək məqsədi ilə çəkdiyi xərci İddiaçı ödəməlidir. Belə ki, dəzgah normal işləmədiyindən onun çatışmayan hissələrinin alınması və təmir edilməsi üçün çəkilən 9.300 manat xərc İddiaçı günahından olduğu üçün həmin ziyanı da o ödəməlidir.

9. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X6 bildirmişdir ki, Cavabdeh uzun müddətdir tanıyır. İddiaçı isə Cavabdeh vasitəsi ilə tanımışdır. Həmin dəzgah Lənkəran şəhərində olduğundan onlar dəzgaha baxmaq üçün Lənkəran şəhərinə getmişlər. Dəzgahın işləməsini yoxlamışlar, lakin əllərində xammal olmadığı üçün parket kəsimi edib yoxlaya bilməmişlər. Həmin dəzgahın parket istehsal etməsini yoxlamaq mümkün olmamışdır. Cavabdeh buna baxmayaraq dəzgahı almış və Bakıya gətirmişdir. Həmin dəzgahın texniki pasportu olmadığından elektrik işlərini yoxlamaq üçün elektrik çağırmışlar. Həmin dəzgahı aldıqdan sonra Türkiyə Respublikasından Frez sifariş vermişlər. Frez isə 4 komplektdən ibarətdir və qiyməti 2000-2200 dollar təşkil edir. Avadanlığın bəzi motorları da yaxşı olmadığından dəyişmişlər. Həmin avadanlığın qiyməti təxmini 10.000-11.000 manat təşkil edir

10. Birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, həmin avadanlıq tez-tez xarab olmuş və onu düzəltmək üçün hər dəfə onun avadanlıqlarını alaraq təmir etdirmişlər.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1455/2024 saylı 17 may 2024cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh 10 000 (on min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi; Cavabdeh 520 (beş yüz iyirmi) manat məbləğində nümayəndəyə ödənilən xərc və 120 (yüz iyirmi) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mübahisə predmeti olan əşyanın dəyərinin müəyyən edilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsinin təmin olunmaması qət edilmişdir.

12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

13. Məhkəmə hesab etmişdir ki, hazırkı halda hər iki iddia tələbi üzrə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehlə onun arasında notariat orqanında bağlanmış müqavilə təqdim etmiş, həmin müqavilənin şərtlərinə əsasən əşyanın dəyəri alıcı tərəfindən iki ay ərzində tam ödənilməli olmuşdur. İddiaçı tərəf, yəni satıcı əşyanı alıcının mülkiyyətinə vermiş, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı satıcının ona lazımi keyfiyyətdə olmayan əşyanın verildiyini iddia etsə də, xx.xx.2022-ci il tarixli müqavilənin bağlanmasından xeyli müddət keçməsinə və 2 ay ərzində əşyanın dəyəri tam ödənilməli olmasına baxmayaraq, əşyanın keyfiyyətsiz olması ilə bağlı olaraq iddiaçıya heç bir irad bildirməmiş, həmçinin alış qiymətinin azaldılmasını, qüsurların əvəzsiz aradan qaldırılmasını, özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etməmişdir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəf əşyanın qüsurlu olmasını iddia etsə də, xx.xx.2022-ci il tarixdən sonra aldığı əşyanın keyfiyyətsiz olması halı cavabdehə məlum olmuş, lakin o bu halı mübahisələndirməmiş və alqı-satqı müqaviləsinin predmeti olmuş əşyanı bəyənmiş və qarşı tərəfə hər-hansı bir pretenziyasını bildirməmişdir. Belə ki, təqdim olunmuş səs yazısından da müəyyən olunur ki, Cavabdeh borcu olmasını etiraf edir, lakin həmin əmlakın keyfiyyətsiz olmasını mübahisələndirmir.

15. Həmçinin məhkəmə qeyd etmişdir ki, tərəflər öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli olsalar da, iddiaçı tərəf öhdəliyin icrasını vaxtında tələb etməmiş və pulun alınması ilə bağlı ağlabatan müddətdə tədbir görməmiş, yalnız xx.xx.2023-cü ildə icra qeydi verilməsinə nail olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbinin əldən çıxmış fayda hissəsində iddia tələbi təmin oluna bilməz.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 567, 568, 581, 587, 600 və 337-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh apellyasiya şikayəti verərək, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1455/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əşyanın qüsurları barədə satıcı hər hansı sübut təqdim edə bilməmişdir. Əksinə məlum olmuşdur ki, əşyanı satan zaman qüsurlu olmasından məlumatlı olmuşdur. Satıcının hərəkətləri nəticəsində dəzgahın yararlılıq vəziyyətini yoxlamaq mümkün olmamışdır. Məqsədli şəkildə bunun qarşısı alınmışdır. Yararlılığın yoxlanması və dəzgahın sağlam şəkildə alıcıya verilməsi barədə hər hansı sübut mövcud deyildir. Alıcı tərəfindən sübuta yetirilir ki, əşya alınan zamandan xarab vəziyyətdədir. Bu barədə məhkəmə iclası zamanı satıcının nümayəndələri də bunu təsdiqləyir ki, dəzgah üzərində təmir işləri aparılmasından xəbələri olmuşdur. Qanunvericiliklə müəyyən edilmiş müddətdə alıcı məhkəməyə müraciət etmişdir. Məhkəməyə qədər pretenziya tələbinə uyğun olaraq satıcıya rəsmi müraciət etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək həmçinin bildirmişdir ki, avadanlıq üçün artıq 18 min manat ödənilmişdir, hazırda 10 min manat borc qalmışdır. Notarial qaydada təsdiqlənmiş müqavilədə 18 min manat borc qaldığı göstərilmişdir, bundan sonra isə 8 min manat pul ödənilmişdir. 8 min manat ödəniş müqavilə çərçivəsində deyildir, müqavilədən kənar ödənilmişdir. Ümumilikdə məbləğ 28 min manat olmuşdur. Avadanlığı almaq üçün 2 dəfə gəlib baxıblar, hər ikisində usta ilə gəliblər. Üçüncü dəfədən sonra götürüblər. Avadanlığa baxılan zaman taxta çəkilərək yoxlanılmamışdır. Lakin usta tərəfindən müayinə olunmuşdur. Avadanlıq alındıqdan sonra istehsala başlanan zaman avadanlığın qüsurlu olması məsələsi ortaya çıxmışdır. Qarşı tərəf aparatı çox yüksək qiymətə satmışdır. Avadanlıq qüsurlu vəziyyətdə olduğundan avadanlığın üzərinə yüksək məbləğdə pul qoyulmuşdur. Avadanlığa görə müqavilədən kənar ödənilmiş məbləğ vardır. Hüquqlarını müdafiə etdiyim şəxs hər cür aldanmışdır.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Nəzərə alınmalıdır ki, mübahisələndirilən qətnamə ilə ilkin iddia qismən təmin olunmş, qarşılıqlı iddia isə rədd olunmuşdur. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilkin iddianın təmin olunan, qarşılıqlı iddiaya aid hissədə isə tam olaraq yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

26.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 27.385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 28.390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 29.421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

30. 425-ci maddəsinin tələblərinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

31. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

32. 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. 33.587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin və ya lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

34. 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

35. 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

36. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

37. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə). 38.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39.Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. 41.Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə ilkin ödənişin 2.000 manat olması, qalan pulun 2 ay ərzində ödənilməsi şərtilə ümumilikdə dəyəri 20.000 manat təşkil edən parket çəkən avadanlığın alqı-satqı müqaviləsi bağlanılmışdır. Müqavilənin bağlanması Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmişdir. 42.İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) (bundan sonracavabdeh) tərəf olduğu müqavilənin bəndlərindən, həm də mülki qanunvericiliyin müvafiq normalarından göründüyü kimi alıcı müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədikdə, yəni satıcının müəyyən məbləğdə pul-müqavilə qiymətini almaq hüququnu pozduqda satıcının əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb etmək üzrə hüququnun yaranmasına əsasdır. 43.Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. 44.Belə ki, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). 45.Cavabdeh müqavilə öhdəliklərinin lazımi qaydada icra edilməməsini iddiaçının lazımi kefiyyətdə olmayan əşyanın ona verilməsi ilə əlaqələndirir və bu hissədə etirazın maddi hüquqi əsasını Mülki Məcəllənin 587.2.1-ci maddəsi təşkil edir. 46.Həmin normanın tələbinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 47.Bu normanın tətbiqi zamanı malın qüsuruna görə satıcının cavabdeh olmasının müəyyən edilməsi də önəmlidir. Çünki Mülki Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 48.Beləliklə, cavabdeh iddiaçı tərəfindən ona qüsurlu əşyanın satılmasına istinad etsə də, əşyanın keyfiyyətinə aid tələblərin pozulmasını sübuta yetirə bilməmişdir. O, həmçinin lazımi keyfiyyətli olmayan əşyanın verilməsi ilə əlaqədar Mülki Məcəllənin 587-ci maddəsində belə hallar üçün nəzərdə tutulmuş imkanlardan istifadə etməmiş, qarşı tərəfə müqaviləni əhəmiyyətli dərəcədə pozması əsası ilə müqavilənin ləğv edilməsi ilə əlaqədar iradə ifadəsini müvafiq qaydada bildirməmişdir. Halbuki belə olan təqdirdə alıcının ixtiyarı var ki, o, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 49.Məhkəmə kollegiyası həmçinin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinə dair hesabat, habelə şahid ifadələri ilə əşyanın cavabdehə verilənədək qüsurlu olmasını, yəni hazırkı halda sübut edilməli olan, iş üçün əhəmiyyətli halların mövcud olmasını təsdiq edə biləcək sübutlardan olmadığını qeyd edir. 50.Qətnamənin qarşılıqlı iddiaya aid digər hissəsi ilə bağlı həmçinin qeyd edilməlidir ki, tərəflər arasında müqavilə bağlanarkən tərəflərin iradə ifadəsinə (müqavilə azadlığı) uyğun olaraq parket çəkən avadanlığın alqı-satqısı zamanı qiyməti razılaşdırılmışdır. Beləlikdə də həmin avadanlığın qiymətinin məhkəmə qətnaməsinə əsasən başqa məbləğdə müəyyən edilməsi qüvvədə olan mülki qanunvericiliyin tələblərinə ziddir. 51.Belə olan halda cavabdehin müqaviləyə əsasən malın şərtləşdirilmiş qiymətinin artıq ödənilmiş olduğu, bununla da üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etdiyi hallarının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün deyildir. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alqı-satqı müqaviləsi üzrə alınmış malın müqabilində pulun müvafiq məbləğdə iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. 52.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 53.Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 54.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

55. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1455/2024 saylı 17 may 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar