Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5128/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadəyə maneənin aradan qaldırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2023-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən 2.213,5 kv.m qeyri-yaşayış sahəsindən istifadəsinə, xüsusən də anbar otağına məhəllə yoluna hissədə qapı açılmasına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən 2.213,5 kv.m qeyri-yaşayış sahəsi iddiaçının xüsusi mülkiyyətində, sahibliyində olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə hüquqlarına maneəçilik törədilir. Belə ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin məhəllə yoluna tərəf anbar otağına çıxış üçün açdığı qapı heç bir əsas olmadan cavabdeh tərəfindən sökülərək, mişar daşı ilə hörülmüşdür. Halbuki iddiaçıya məxsus əmlakın cavabdehə heç bir aidiyyəti yoxdur. İddiaçının dəfələrlə xəbərdarlıq etməsinə baxmayaq, cavabdeh qanunsuz hərəkətlərə son qoymayaraq, mütəmadi olaraq əmlakdan istifadəsinə maneəçilik törədərək, iddiaçının mülkiyyət hüquqlarını pozmaqda davam edir. İddiaçı bununla bağlı polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etsə də, müəyyən araşdırma aparıldıqdan sonra məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti barədə məlumat
3. Cavabdeh iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı anbarın qapısını əslində qapı kimi yox, giriş darvazası kimi nəqliyyat vasitələrinin giriş-çıxışı üçün istifadə etmək niyyətindədir. Həmin qapı eni 3 metr olmaqla, qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsində yerləşir. Onunla iddiaçının obyektləri arasında yerləşən yol, həmin ərazidə olan əsas yollardan biridir və həmin yolda nəqliyyatın hərəkəti intensivdir. Yoldan bilavasitə qeyri-yaşayış sahəsinin ikinci mərtəbəsinə giriş ictimai təhlükəsizliyə uyğun deyil. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının obyektinə olan mübahisəli giriş qapısı daşınmaz əmlakın hüquqmüəyyənedici sənədlərində nəzərdə tutulmamışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. Rayon Məhkəməsi tərəfindən Bakı Şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb olunmuşdur.
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddiaçının mülkiyyətində olan 2.213,5 kv.m əmlak kompleksindən (qeyri-yaşayış sahəsindən) istifadəsinə, anbar otağından məhəllə yoluna qapı açılmasına cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılmasını, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülkiyyətçinin (iddiaçının) mülkiyyət hüquqlarının həyata keçirməsinə cavabdeh tərəfindən maneə törədildiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
7. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Əsasları cavabdehin işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatla eynilik təşkil edən apellyasiya şikayətində göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı anbarına olan və nəqliyyat vasitələrinin giriş-çıxışı üçün istifadə olunan darvaza iddiaçıya məxsus həmin qeyri-yaşayış sahəsinin hüquqmüəyyənedici sənədlərində nəzərdə tutulmamışdır. Qeyd edilən məsələlərlə bağlı işə Rayon Məhkəməsində baxılarkən cavabdeh tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi və ekspertizaya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin mütəxəssislərinin cəlb edilməsi barədə vəsatət verilsə də, Rayon Məhkəməsi vəsatəti əsassız olaraq təmin etməmişdir. Göstərilənlərə əsasən Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat
9. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.
10. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.
11. İşə apellyasiya qaydasında baxılmanın iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iş üzrə üçüncü şəxslərin nümayənədləri apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
12. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
13. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən daşınmaz əmlak (ümumi sahəsi 2.213.5 kv.m olan əmlak kompleksi) iddiaçının mülkiyyətindədir. Bu mülkiyyət hüququ reyestrdə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
14. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Günəşli enişi 12 ünvanında yerləşən əmlak kompleksinə dair “Texniki pasportdan” görünür ki, baş plan “A”, “B”, “C”, “D”, “E” və “G” tikililərinin ayrı-ayrılıqda tərtib edilmiş plan-cizgilərində əsas və köməkçi tikili və qurğuların təyinatı və texniki göstəriciləri qeyd edilmişdir.
15. Rayon Məhkəməsi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə yerində müayinə keçirilən zaman müəyyən edilmişdir ki, iddiaçıya məxsus tikiliyə aid qapının sökülmüş vəziyyətdə və yarıya qədər daşla hörüldüyü müşahidə edilmişdir. İş üzrə tərəflərə aid qeyri-yaşayış sahələrinin qonşu olmadığı, cavabdehin işlətdiyi qəbir daşı sexi ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi arasında təxminən 14-15 metr məsafə var. Bu iki obyekt bir-birindən ikitərəfli hərəkətin mümkün olduğu və maşınların kifayət qədər sərbəst hərəkət edə bildiyi maşın yolunun ayırır. İddiaçının qapı açmaq istədiyi qeyriyaşayış sahəsi ilə üzbəüz yerləşən və cavabdehə məxsus hasara alınmış obyektdən yük maşınlarının da keçə biləcəyi darvaza açıldığı müəyyən edilmişdir.
16. Göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə iddiaçı yuxarıda qeyd edilən əmlak kompleksinin mülkiyyətçisidir. Həmin əmlak kompleksi daxilində olan qeyri-yaşayış sahəsi avtomobilin təmiri sexi kimi fəaliyyət göstərir. İddiaçı özünə məxsus sexin fəaliyyət göstərməsi üçün obyektdən yola doğru qapı açmaq istəmişdir. Lakin iddiaçının iddia etdiyinə görə həmin qapı cavabdeh tərəfindən sökülərək daş hasar ilə hörülmüşdür. İddiaçı bu hərəkətlərin onun mülkiyyət hüquqlarını pozduğunu, cavabdeh isə həmin qapıdan istifadə olunmasının təhlükəli və qanunsuz olduğunu iddia etmişdir.
17. Məhkəmə işin müəyyən edilmiş hallarını nəzərə alaraq mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur (maddə 13; hissə 1.). Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (maddə 29.).
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1.). Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (maddə 152.5.). Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir (maddə 152.6.).
19. Yuxarıda qeyd edilən maddi hüquq normalarının mənasından göründüyü kimi, qanunverici mülkiyyətçinin özünə məxsus əmlakdan sərbəst istifadəsini iki şərt daxilində məhdudlaşdırır: bunlardan biri əmlakdan istifadənin qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozması, digəri isə hüquqdan sui-istifadə etməsidir.
20. Rayon Məhkəməsi sübutları yerində tədqiq etmək üçün mübahisəli ünvanda yerində müayinə keçirmiş, bu zaman müəyyən edilmişdir ki, tərəflərə məxsus qeyriyaşayış sahələri bir-birinin qonşuluğunda yerləşmir. Belə ki, bu iki əmlakı bir-birindən avtomobil yolu ayırır. Hansı ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi onun qarşısından keçən həmin avtomobil yolundan kifayət qədər aralı məsafədə yerləşir (iş v. 54).
21. Beləliklə, Rayon Məhkəməsi tərəfindən keçirilmiş yerində müayinə zamanı müşahidə edilənlər əsasında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə avtomobillərin girişçıxışının cavabdeh üçün təhlükə mənbəyi olmaması nəticəsinə bu barədə ekspert rəyi və ya mütəxəssisin iştirakı olmadan da gəlmək mümkün olmuşdur.
22. MPM-in 97.1-ci maddəsinə görə, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.
23. Göründüyü kimi xüsusi bilik tələb edilmədən müəyyən edilə bilən hallarda iş üzrə ekspertiza təyin edilməsinə zərurət yoxdur.
24. Rayon Məhkəməsi tərəfindən yerində müayinə zamanı cavabdehin işlətdiyi sexin iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinə paralel olaraq, yolun qarşı tərəfində, 10-15 metr məsafədə yerləşdiyi, həmin əmlakları bir-birindən eni təxminən 14- 15 metr olan şossenin ayırdığı, beləliklə də, mübahisəli qeyri-yaşayış sahəsindən açılacaq qapının istifadəsi zamanı cavabdeh üçün hər hansı təhlükə yaranmaması müəyyən edilmişdir.
25. Rayon Məhkəməsi hazırkı iş üzrə mübahisə predmeti olan məsələyə dair suallara cavab verilməsinin xüsusi bilik tələb etməməsi səbəbindən haqlı olaraq ekspertizanin keçirilməsinə və mütəxəssisin cəlb edilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir.
26. Hazırkı işin hallarından tərəflər arasında hansısa qonşuluq münasibətinin olması yaxud cavabdehin və başqa şəxslərin mübahisəli əmlaka dair hər hansı hüququnun olması müəyyən edilmir.
27. Digər tərəfdən, hüquqdan sui-istifadə dedikdə qanun mülki hüquqların hüquqa uyğun həyata keçirilməli olmasını, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsinin yolverilməzliyini nəzərdə tutur (Mülki Məcəllə; maddə 560.1.).
28. Hazırkı işin hallarından iddiaçı tərəfindən hüquqdan sui-istifadə hesab oluna biləcək hərəkətlərə (qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi və s.) yol verildiyi müəyyən edilmir.
29. MPM 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Lakin iş üzrə cavabdeh mübahisəli əmlakdan qapı açılmasının onun hansısa hüququnun pozulmasına səbəb olmasını əsaslandıra və sübuta yetirə bilməmişdir.
31. Məhkəmə eyni zamanda qeyd edir ki, mübahisəli əmlakdan qapı açılmasının digər şəxslər üçün təhlükə yarada biləcəyi ilə bağlı cavabdehin dəlili də əsassız hesab edilməlidir. Çünki cavabdeh digər şəxslərin konkret kim olduğunu qeyd etməmiş və başqa şəxslərin mənafeyinin müdafiəsi üçün iddia qaldırmaq səlahiyyətinin olması iş materialları ilə müəyyən edilməmişdir.
32. Qeyd edilməlidir ki, cavabdehin nəzərdə tutduğu yol xüsusi mülkiyyətdə olmadığından, ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Həmin yoldan istifadə ilə bağlı qaydaların, eləcə də məhdudiyyətlərin müəyyən edilməsi yalnız müvafiq orqanların səlahiyyətinə aiddir. Cavabdehin ümumi istifadədə olan yoldan istifadəyə mane olması üçün heç bir qanuni əsası yoxdur. Cavabdehin yol verdiyi bu qanunsuz hərəkətlər iddiaçının öz mülkiyyətində olan qeyri-yaşayış sahəsindən istifadə hüququnu pozmaqdadır.
33. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının özünə məxsus əmlaka dair sərəncam vermək, ondan istifadə etmək hüquqlarını həyata keçirməsinə cavabdeh tərəfindən maneçilik törədilir. Cavabdeh özü də bunu qəbul etməklə buna haqqı çatdığını iddia edir. Rayon Məhkəməsi tərəfindən cavabdehin iddiaçının əmlakı üzərində mülkiyyət hüququnu məhdudlaşdıran hərəkətlərinin qanunsuz olduğu, cavabdehin öz qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün istinad etdiyi halların isə əsassız olduğu düzgün müəyyən edilmişdir.
34. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
35. Qeyd edilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, iddianı təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. g) apelyasiya baxışının nəticəsi
36. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqtəyi-nəzərindən qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 aprel 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.