Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5129/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X11 və X4 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşaqların saxlanılması üçün əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)-4861/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşaqların saxlanılması üçün əlavə xərclərdə iştirak tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən olunmuş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla cəmi 480 manat məbləğində alimentin və uşaqların müalicəsi üçün çəkilən xərclərdə iştirak qaydasında hər ay hər uşaq üçün 150 manat olmaqla 450 manat pulun, cəmi 930 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 4861/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı hər il alimentin artırılmasını tələb edir. Uşaqların isə elə bir ciddi xəstəliyi yoxdur. Həmin xəstəlikləri dövlət xəstəxanalarında da müalicə etdirmək olar. O özü heç bir yerdə işləmir, maddi imkanı isə çox pisdir. Bundan əlavə onun yeni nikahdan da azyaşlı övladı var. Hal-hazırda kirayədə acınacaqlı vəziyyətdə yaşayır. İddiaçının qaldırdığı iddia əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Şamxal Hüseynov izahatında bildirdi ki, məhkəmədə təmsil etdiyi cavabdeh onun qardaşıdır. Qardaşı Nurməmməd hal-hazırda Polşada yaşayır və işləyir. Bununla belə, o mütəmadi olaraq uşaqların aliment pulunu Polşadan göndərir və aliment ödəməkdən yayınmır. İddiaçı isə respublikamızda yaşayış minimumu qalxdıqca hər il yeni iddia qaldırır. Hazırkı mülki işə nəticə verilməsini gözləməyən iddiaçı alimentin miqdarının artırılması barədə başqa bir iddia qaldırmış və alimentin məbləği hər ay hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Hesab edir ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların ciddi xəstəliyi yoxdur, iddia əsassızdır və təmin edilməməlidir. Buna görə də apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edir. İddiaçı izahatında cavabdehin Polşada işləməklə yaxşı qazanca malik olduğunu, buna baxmayaraq, birgə nikahlarından doğulmuş uşaqlarının problemləri ilə məşğul olmadığını, uşaqlarının ürək, böyrək və bağırsaq xəstəliyindən əziyyət çəkdiyini, onların müalicəsi üçün müntəzəm olaraq əlavə xərclərə ehtiyac olduğunu, cavabdehin bu xərclərdə iştirak etmədiyini bildirdi və məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)-4861/2019 saylı qətnaməsi dəyişdirilməlidir. İş materiallarında olan sübutlardan görünür ki, tərəflər arasında bağlanmış nikah pozularaq tərəflərin birgə nikahından doğulmuş xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlu İddiaçı yanında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş X5 aid olan xx.xx.2018-ci il tarixli timpanometriya müayinəsinin nəticələrindən görünür ki, xəstədə hər iki qulaqda konduktir tipli ağır eşitmə qeyd edilir. Timpanometriyada hər iki təbil pərdənin hərəkəti məhdudlaşıb. İş materiallarında olan Bakı Şəhər Baş Səhiyyə İdarəsinin 12 saylı Uşaq Poliklinikasından verilmiş 11 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı uşağı xx.xx.2003-cü il təvəllüdlü X8 xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilədək “mədə xorası xəstəliyi, tez-tez kəskinləşmə forması, qanaxmalarla, həzm funksiyasının pozulması, kollaktoz, dolixosiqma” diaqnozu ilə stasionar müalicə almışdır. Dispanser qeydiyyatdadır. Uzun müddətli stasionar müalicəyə ehtiyacı var. xx.xx.2005-ci il təvəllüdlü X9 “ürəyin tonillogen zədələnməsi” diaqnozu ilə xx.xx.2016cı ildən xx.xx.2016-cı ilədək Respublika Klinik Uşaq Xəstəxanasında stasionar müalicə almışdır. Uşaq “dəmir defisitli anemiya diaqnozu, mərkəzi sinir sisteminin oyanıqlığı” diaqnozu ilə dispanser qeydiyyatdadır. xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlu xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək Respublika Uşaq Xəstəxanasında “ürəyin tonzillogen zədələnməsi, dəmir defisitli anemiya” diaqnozu ilə stasionar müalicə almış, “sağtərəfli ağır eşitmə 1-ci dərəcəli” diaqnozu ilə dispanser qeydiyyatdadır. Uşaqlar mütəmadi olaraq ambulator müalicə alırlar. Uşaqların uzun müddətli ambulator və stansionar müalicəyə ehtiyacları vardır. İş materiallarında olan “Avrasiya Hospital”dan verilmiş xx.xx.2018-ci il tarixli 221 saylı arayışdan görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlu həqiqətən xx.xx.2018-ci il tarixində “Avrasiya Hospital”da həkim-otolarinqoloqun kontrol müayinəsində olmuş, ona “eksudativ otit, alergik rinit, septun deviasiya “ diaqnozu qoyulmuşdur. Xəstəyə “İki tərəfli tüp, konxa RF” əməliyyatı məsləhət görülmüşdür. İş materiallarında olan Prof.Ə.F.Qarayev adına 2 saylı X10 verilmiş xx.xx.2017-ci il tarixli epikrizdən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X6 “mədə xorası xəstəliyi tez-tez kəskinləşən qanaxmalarla , həzm funksiyasının pozulması, kollaptoz, dolixosiqma, ikili anemiya” kliniki diaqnozu qoyulmuşdur. İş materiallarında olan reseptlərin surətindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlu müxtəlif xəstəliklərdən müalicə almışlar. İş materiallarında olan xx xxxx 2019-cu il tarxili **********8 saylı arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Binəqədi rayon Məşğulluq Mərkəzində işaxtaran vətəndaş kimi qeydiyyatdadır, o, işsizlikdən sığorta ödənişi almamış və onun adına Əmək və X12 Nazirliyinin Əmlak Müqaviləsi Bildirişi üzrə X3 qüvvədə olan əmək müqaviləsi qeydə alınmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, ötən dövrdə respublikamızda yaşayış minimumunun artmasını nəzərə alaraq, hər ay 154 manat miqdarında aliment hazırda azyaşlı uşaqların maddi təminatı üçün yetərli deyil. Cavabdehin heç bir yerdə işləməməsi və sabit qazanca malik olmaması, habelə yeni nikaha daxil olması isə onu hazırkı iş üzrə iddiaçı ilə birgə nikahlarından doğulmuş uşaqlarının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən kollegiya hesab edir ki, uşaqların mənafelərini, cavabdehin işləmədiyini, habelə uşaqların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanılması və aliment məbləğini yaşayış minimumu həddinə çatdırmaq məqsədilə alimentin məbləği artırılaraq, xx.xx.2003-cü il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X2 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 480 manat aliment alınaraq iddiaçıya ödənilməli olması barədə nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Yuxarıda qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Həmin Məcəllənin 81.3-cü maddəsinə görə isə, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarında olan tibbi sənədlərdən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqları müxtəlif xəstəliklərdən əziyyət çəkməklə müalicəyə ehtiyacları var. Uşaqlar 13, 15 və 17 yaşlarında olmaqla onlardan biri azyaşlı, digər ikisi isə yetkinlik yaşlarındadır. Bu yaşda olan uşaqların orqanizmində yetkinləşmə prosesləri getdiyindən, onların sağlam şəkildə cəmiyyətə inteqrasiya olunmaları zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, uşaqlara görə əlavə xərclərdə iştirak hər iki valideynin vəzifəsidir. Buna görə də kollegiya hesab edir ki, uşaqlara görə əlavə xərclərdə iştirak qaydasında cavabdehdən hər uşağa görə hər ay 150 manat pul tutulması kifayət qədər əsasıandırılmamışdır. Odur ki, hər ay hər uşağa görə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əlavə xərclərin məbləği 75 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(001)- 4861/2019 saylı qətnaməsi əlavə xərclərin tutulması hissəsində dəyişdirilsin. xx.xx.2003-cü il təvəllüdlü X8, xx.xx.2005-ci il təvəllüdlü X9 və xx.xx.2007-ci il təvəllüdlü Hüseynli Ağa-Nihad Nurməmməd oğluna görə əlavə xərclərdə iştirak qaydasında uşaqlar yetkinlik yaşına çatanadək hər uşağa görə hər ay 75 manat olmaqla, cəmi 225 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5129/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5129/2020
08.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver