Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5129/2023 02.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), dan ibarət tərkibdə, Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-1662/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri Yasamal RPİ İŞ-nin HK-1/740 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, hazırki iş üzrə Cavabdeh2 izahatında bildirmişdir ki, 2021-ci ilin may ayında o, rəhmətlik baldızından qalmış iki otaqlı mənzili 100.000 manata satmaq istədiyini bildirmişdir. Təranə qeyd olunan mənzili almaq üçün ona hissə-hissə ümumilikdə 52.500 manat pul vermiş, sonradan evi almaqdan imtina etdiyi üçün o, pulların hamısını Təranəyə qaytarmışdır. Qızı Sevincin bu prosesdə heç bir iştirakı olmamışdır. O, Təranədən ev satmaq üçün aldığı pulların hamısını tam şəkildə Təranəyə qaytarmışdır.
2. Material üzrə araşdırma zamanı Cavabdeh1 oxşar məzmunlu izahat vermişdir.
3. Coin (elektron pul) satmaq adı ilə aldadılaraq Cavabdeh1 24.745 ABŞ dolları, Cavabdeh2 50.000 manat pul vəsaitinin dələduzluq yolu ilə ələ keçirilmiş, eləcə də sair bu kimi faktlar üzrə DİN BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi üzrə istintaq aparılmış, Cavabdeh1 və Cavabdeh2 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23.500 manat borc məbləğinin və 160 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təxminən il yarım bundan əvvəl Cavabdeh1 ilə tanış olmuş, münasibətləri yoldaşlıq münasibətinə çevrilmişdir. İddiaçı 20 ilə yaxındır ki, ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır. Bu səbəbdən Bakı şəhərində ev almaq qərarına gəlmişdir. Bu barədə Sevincə bildirən zaman, Sevinc Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsində yerləşən mənzilini ona 100.000 manata sata biləcəyini demişdir. Razılaşmalarına görə pulu bir il ərzində hissə-hissə ödəyə biləcəyi qənaətinə gəlmişlər. İddiaçı 2021-ci ilin may ayının ortasında birinci dəfə 30.000 manat düzəldib Sevincin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən evində vermişdir. İkinci dəfə xx.xx.2021-ci il tarixdə Sevincin anası Nərminənin yaşadığı Gəncə şəhərindəki evində anasının iştirakı ilə 15.000 manat vermişdir. Üçüncü dəfə 2021-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Haqverdiyev küçəsində yerləşən «Avis» aptekinin qarşısında 5.000 manat Sevinc və anası Nərminəyə vermişdir. Sonuncu dəfə isə 2021-ci ilin oktyabr ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Avis» aptekin qarşısında Sevincə 2.500 manat vermişdir. Ümumilikdə o, cavabdehlərə 52.500 manat pul vermişdir. Həmin ilin dekabr ayında Sevinc iddiaçıya zəng edib evi satmaq istəmədiyini bildirmişdir. 2022-ci ilin fevral ayında Sevincin anası Nərminə iddiaçı ilə əlaqə saxlayıb yaşadığı evə dəvət etmiş və həmin evdə Nərminə 29.000 manatı ona qaytarmışdır. Yerdə qalan 23.500 manatı isə 2022-ci ilin mart ayında qaytaracağına söz vermişdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq 23.500 manatı bu günə kimi qaytarmamışdır. Bununla bağlı iddiaçı polisə müraciət etmiş, lakin Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Nadir Heydərovu xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edərək ona mülki qaydada məhkəməyə müraciət etmək bildirmişdir. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, cavabdeh pulu geri qaytarmamışdır. Cavabdeh pulu iddiaçıya qaytarmamaqla iddiaçıya ziyan vurmuşdur. Ona görə də, iddiaçı 23.500 manat məbləğində pulunu tələb etmək üçün məhkəməyə müraciət etmişdir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1662/2023 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) iddia tələbi təmin edilməmişdir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh istər hazırki məhkəmə iclasında, istərsə də Bakı şəhəri Yasamal RPİ-də tədqiq olunan HK-1/740 saylı material üzrə izahat verərkən, iddiaçıdan mənzilin satılması üçün hissə-hissə olmaqla 52.500 manat pul aldığını səmimi şəkildə bildirmiş, iddiaçı mənzili almaqdan vaz keçdikdən sonra, heç bir etiraz etmədən 52.500 manat pulu 29.000 manat, 15.000 manat və 8.500 manat olmaqla hissə-hissə qaytardığını göstərmiş, iddiaçıya borcunun qalmadığını bildirmişdir.
8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı məhkəməyə cavabdehin ona 23.500 manat məbləğdə pul vəsaiti ödəməli olduğuna dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
9. Məhkəmə öz mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 107, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən vəzifəsinin icrasını tələb etməkdə haqlıdır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan artıq çıxarılmış qətnamədə pulun alınması və qaytarılmaması elə qətnamənin özü ilə sübut olunur. Yəni, iş materiallarında olan sübutlar digər hissədə pulun qaytarılmadığını sübut edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. İddia edən iddiaçı artıq pulun alındığını sübut etmişdir. Cavabdeh tərəf pulun alındığını etiraf etmiş, qaytardığını sübut edə bilməmişdir. Artıq sübutetmə yükü cavabdehin üzərinə düşür. İddiaçı həqiqətən ondan 52.500 manat pulun alınmasını bildirmiş və pulun 23.500 manatını qaytarılmadığını bildirmişdir. Cavabdeh tərəf pulun qaytarılmasını sübut edə bilməmiş, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf 23.500 manat pulun da qaytarıldığını qeyd etsələr də, bunu məhkəmədə sübut edə bilməmişlər. 29000 manat məbləğində pulun qaytarılması iddiaçının iddia ərizəsi və verdiyi izahatlarla sübut olunur. Evin satılmasını Cavabdeh1 təşkil etmiş və pulun alınmasında birbaşa iştirak etmişdir. Cavabdehlərin “Okus” adlı şirkətlə bağlı bildirdiklərinin hazırki işə heç bir aidiyyəti yoxdur. Həmin işlə bağlı cavabdehlərin zərərçəkmiş kimi tanınması bu işdə iddianın rədd olunması ilə nəticələnə bilməzdir. Çünki orada artıq zərərvuranların dairəsi müəyyənləşmiş və təqsirləndirilən şəxs kimi cəlb olunmuşlar. Həmin təqsirləndirilən şəxslərin siyahısında iddiaçı yoxdur. Bunu cavabdehlərin özləri də təsdiq edir. Eyni zamanda, həmin işlə bağlı iddiaçının heç bir günahı yoxdur. Məhkəmə əsassız olaraq həmin şirkətlə bağlı məsələyə şərh vermişdir. İttiham aktı məhkəməyə təqdim olunmuş və orada da təqsirləndirilən şəxslərin adları göstərilmişdir. Görünən odur ki, cavabdehlər iddiaçının pulunu ödəməmək üçün və məhkəmənin diqqətini yaındırmaq üçün bu əsassız fikirləri məhkəmədə bildirmişlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçıya tələb olunan pulun 15.000 manatını 2021-ci ilin dekabr ayında Elmlər Akademiyası metrosunun yanında, qalan 8.500 manatını isə Gəncə şəhərində evinin önündə qaytarmışdır. Əgər iddiaçıya pul qaytarılmamışdırsa, niyə iddiaçı yeddi aydan sonra polisə müraciət etmişdir. O, “Okus” şirkətindən şikayətçi olan kimi iddiaçı bu iddianı qaldırmışdır.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini etməyərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin bildirdi ki, anası pulu iddiaçının qızının yanında ona qaytarmışdır.
15. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbayan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul etməklə iddia qismən təmin edilməlidir.
21. Belə ki, işə baxan birinci instansiya məhkəməsi sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı səhv nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
22. İşdən müəyyən olunur ki, iddiaçı Cavabdeh2 ilə sonuncudan 100.000 manat dəyərində mənzilin nisyə alqı-satqısına dair razılığa gəlmiş, lakin razılıq qanunvericiliyin tələblərinə uyğun olaraq notarial qaydada rəsmiləşdirməmiş, mənzilin dəyərindən 52.500 manat məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmişdir.
23. Cavabdehlərin polis idarəsində bildirdiklərinə görə mənzil ilə bağlı ödənişlər iddiaçı və Cavabdeh2 arasında baş vermiş, iddiaçı isə pulun hər iki cavabdehə verildiyi barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının bildirdiyinə görə cavabdeh sonra mənzilin satışından imtina etmiş, cavabdehin bildirdiyinə görə isə iddiaçı evi almaqdan imtina etmişdir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 həm məhkəmə iclaslarında, həm də polis idarəsində verdiyi izahatında iddiaçıdan 52.500 manat məbləğində pul vəsaitini götürdüyünü qəbul edərək, həmin pulu tam qaytardığını bildirmişdir. Digər Cavabdeh1 da qeyd olunanları təsdiq etmişdir.
25. Belə olan halda, mülki-prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına əsasən baxılan iş üzrə cavabdehin həmin pul vəsaiti iddiaçıya qaytardığını sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd edilən pulu cavabdehə verməsi sonuncu tərəfindən etiraf olunduğundan iddiaçı həmin halı sübut etmək yükündən azad olur.
26. Cavabdeh2 23.500 manat məbləğində pulu ayrı-ayrı vaxtlarda 15.000 manat və 8.500 manat olmaqla iddiaçıya qaytardığını bildirsə də, istinad etdiyi halları sübut edə bilməmişdir.
27. Yuxarıda qeyd olunduğu kimi, pul münasibətləri iddiaçı ilə Cavabdeh2 arasında olmuşdur. Kollegiya hesab edir ki, iddia tələbi Cavabdeh1 münasibətdə əsassızdır.
28. İşin müəyyən edilmiş hallarına əsasən kollegiya bu nəticəyə gəlir ki, tələb olunan 23.500 manat məbləğində pulun iddiaçıya qaytarılması iş materialları ilə sübut olunmadığından həmin vəsait Cavabdeh2 tutularaq iddiaçıya qaytarılmalıdır. Belə ki, cavabdeh etibarsız əqd üzrə həmin məbləği özündə saxlamaqla əsassız varlanmış olur.
29. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)- 1662/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh2 23.500 manat məbləğində pul, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 80 manatı və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: