Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-513/2025 09.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Kapital Bank" ASC-nin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Kazımov Elşən Cələddin oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı “Kapital Bank" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-339/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1 “Kapital Bank" ASC (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, GTZK4551093A299 saylı kredit müqaviləsinə əsasən iddiaçı illik 15% dərəcəsi ilə faiz ödəmək və 36 ay müddətinə qaytarmaq şərti ilə 9.940 manat məbləğində kredit verməyi, cavabdeh isə həmin məbləği qəbul etməyi və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Kredit müqaviləsinə əlavəyə əsasən cavabdeh ilk ödənişi xx.xx.2022-ci il tarixdə, sonuncu ödənişi isə xx.xx.2024-cü il tarixdə həyata keçirməklə hər ay 344,57 (sonuncu ay 350,16) manat məbləğində ödəniş etməli idi. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli bildiriş (pretenziya məktubu) üzrə müqavilə üzrə yaranmış borc məbləği barədə məlumat verilmiş və 1.638, 95 manat məbləğində gecikmə borcunun ödənilməsi təklif edilmiş, əks halda kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən kredit müqaviləsi üzrə həmin tarixə cavabdehin 9.723,82 manat əsas, 1.273,33 manat faiz, cəmi 10.997,15 manat borcu vardır. Həmin müqavilə üzrə ödənişləri əks etdirən hesabdan çıxarış məlumatlarına əsasən müqavilə üzrə cəmi bir dəfə, xx.xx.2022-ci il tarixdə 365 manat məbləğində ödəniş edilmiş, həmin məbləğin 216,18 manat hissəsi gecən əsas borcun, 128,39 manat hissəsi gecikən faiz borcunun, 16,86 manat hissəsi cərimə borcunun, 3,57 manat hissəsi isə faiz borcunun silinməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı “Kapital Bank" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən bankın xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 9.723,82 manat əsas, 1.273,33 manat faiz, cəmi 10.997,15 manat pulun və 122,99 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia işin faktiki hallarına istinad edilməklə əsaslandırılmışdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-339/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh GTZK4551093A299 saylı, xx.xx.2021-cı il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 9.723,82 manat, faiz borcuna görə 1.273,33 manat və ödənilmiş dövlət rüsumuna görə 122,99 manat olmaqla cəmi 11.120,14 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "Kapital Bank” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. (hakim X5)
5. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən iddia təmin edilməlidir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407-ci, 443cü, 448-ci, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 107-ci, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi barədə qətnamə qəbul etdikdə iddiaçının tələb etdiyi borcun məbləğinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi üçün xüsusi biliyə malik olan mütəxəssis hesablamasına istinad etməli, həmçinin, iddia tələbinin predimeti olan borcun hansı dövrdən hansı dövrədək yaranmasını, qanunsuz və əsassız olaraq hesablanmış tələb edilən məbləği dəqiqləşdirməli idi. Bu xüsusata əhəmiyyət verməyən məhkəmə dərhal qəbul etdiyi qətnamədə təmin etdiyi iddia tələbinin doğruluğunu qanuni əsaslarla əsaslandıra bilməmiş, sadəcə formal mülahizələrinə istinadən qətnamə qəbul etmişdir. Kredit məbləği üzrə hesablanan faiz məbləği və əsas borcdan edilmiş ödənişlərin çıxılmaması, həmçinin, əsas və faiz borcunun şişirdilmiş rəqəmləri əks etdirməsi, eləcə də onun ölkə hüdularından kənarda olduğu halda barəsində qaldırılan mübahisədən heç bir xəbəri olmaması və kimi hallar qanunvericiliyin tələblərinə konkret olaraq zidd qiymətləndirilmişdir. Məhkəmə İddiaçı ASC-nin iddia tələbi ilə bağlı iş materiallarında olan sübutlara lazımi hüquqi qiymət verməmiş, iclas iştirakçısı olaraq prosessual tərəf olan onun iclasda bilavasitə iclas barədə xəbərdar olmaması və ölkə hüdudlarından kənarda olması səbəbindən iştirak etməməsini qətiyyən nəzərə almamış, iddiaçı tərəfin tələb etdiyi əsassız borcun hansı əsaslarla şişirdilməsinə heç bir əhəmiyyət verməmiş, hesablamaların qanunsuzluğuna və məbləğin həddən artıq şişirdilməsinə nəzər salmağı unudaraq sadəcə MPM-nin iddia tələbinin təmin edilməsi ilə əlaqəsi olmayan normalarının şərhini vermişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. İddiaçı “Kapital Bank" ASC apellyasiya şikayətinə qarşı etiraz (ərizə) təqdim edərək qeyd etmişdir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikləri söz toplusudur, qətnamənin ləğv edilməsi üçün əsas deyil. Müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, bu da iddiaçının haqlı iddiasına səbəb olmuşdur. Cavabdehin bu cür şikayət verməkdə əsas məqsədi işi müəyyən müddət uzatmaqdır. Müqavilə var, müqavilənin şərtləri var. Müqavilənin şərtlərini hər iki tərəf vaxtında icra etməlidir. Bu səbəbdən, apellyasiya şikayətinin rədd olunmasını və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı “Kapital Bank" ASC isə ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan redaksiyada 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
13. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilir.
14. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarında əks etdirilən hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Qərarda həmçinin göstərmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
16. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
17. Hazırki apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddianın qismən təmin edilməsi və nəticə etibarı ilə kredit müqaviləsi üzrə mövcud olan real borcun müəyyən edilməsi xahiş edildiyindən qətnamə tam yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və etirazın dəlillərini iş materialları ilə birlikdə nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzinin və ümumi borcun məbləği hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmalı, iddia həmin hissədə qismən təmin edilməlidir.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, xx.xx.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 15 faiz dərəcəsi ilə faiz hesablanması və 36 ay müddətinə qaytarılması şərti ilə 9.940 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə kredit məbləğinə hesablanmış faiz məbləğini və gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə bildiriş (pretenziya məktubu) göndərilərək, müqavilə üzrə həmin vaxta 1.638,95 yaranmış borc barədə məlumat verilmiş və bu məbləğin 5 gün ərzində ödənilməsi təklif edilmiş, əks halda kredit müqaviləsinin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Lakin bu da bir nəticə verməmiş, öhdəlik bundan sonra da lazımi qaydada icra edilməmişdir. Hazırda da iddiaçı həmin müqavilə üzrə cavabdehin xx.xx.2022-ci il tarixə 9.723,82 manat əsas, 1.273,33 manat faiz, cəmi 10.997,15 manat borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə bu məbləğə uyğun olaraq ödənilmiş 122.99 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulmasını tələb edir.
20. Cavabdeh ümumilikdə borcunun olduğunu qəbul etsə də, kredit müqaviləsi üzrə tələb edilən borcun şişirdilmiş məbləğdə olduğunu bildirir və bu səbəbdən iddianın qismən təmin edilməsini, yəni ondan real əsas və faiz borcunun tutulmasını tələb edir.
21. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir.
22. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas kredit borcunun məbləği ilə bağlı qeyd edir ki, iş materiallarında olan və mötəbər sübut kimi qiymətləndirilmiş mühasibat sənədlərinə, o cümlədən maliyyə arayışına, hesabdan çıxarış məlumatlarına və ödəniş cədvəlinə əsasən müqavilə üzrə cəmi bir dəfə, yəni xx.xx.2022-ci il tarixdə 365 manat məbləğində ödəniş aparılmış və ödəniş cədvəlinə uyğun olaraq, həmin tarixə 216,18 manat əsas borc yarandığından (ödənilməli olduğundan), bu ödənişin məhz 216,18 manat hissəsi hesabına yaranmış əsas borc silinmişdir. Müqavilə üzrə növbəti ödəniş xx.xx.2022-ci il tarixdə aparılmalı idi və bu tarixədək ondan hər hansı başqa məbləğdə əsas borc tələb edilə bilməzdi. Əsas borcun ümumi məbləğinin 9.940 manat olduğu, cəmi bir dəfə aparılmış ödənişin 216,18 manat hissəsinin də əsas borcdan silinməsi, habelə müqavilə üzrə hər hansı başqa ödənişlərin olduğunun müəyyən edilməməsi nəzərə alındığı təqdirdə, həmin müqavilə üzrə cavabdehin məhz (9.940 – 216,18 = 9.723,82) iddia üzrə tələb edilən 9.723,82 manat məbləğində əsas borcu qalmış olur. Bununla belə, birinci instansiya məhkəməsi əsas borcun məbləği ilə bağlı hissədə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri bu hissədə əsassızdır və təmin edilə bilməz.
23. Lakin məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun məbləği ilə razılaşmır və bununla bağlı qeyd edir ki, ödəniş cədvəlinə uyğun olaraq cavabdeh ilk ödənişini xx.xx.2022-ci il tarixdə və 344,57 manat (216,18 manat əsas, 128,39 manat faiz) məbləğində həyata keçirməli idi. Lakin müqavilə üzrə ilk və yeganə ödəniş bu tarixdən 14 gün sonra, yəni xx.xx.2022-ci il tarixdə 365 manat məbləğində edilmişdir. Ödəniş cədvəlinə uyğun olaraq da bu məbləğin 216,18 manat hissəsi əsas, 128,39 manat hissəsi isə faiz borcunun ödənilməsinə yönəlmişdir.
24. Lakin qeyd edilən 128,39 manat ödəniş cədvəli üzrə xx.xx.2022-ci il tarixə hesablanmış faiz borcudur. Müqavilə şərtlərinə əsasən ödənişin gecikdirilməsi gecikdirilmiş günlərin sayına uyğun olaraq daha yüksək məbləğdə faiz borcunun yaranmasına səbəb olur və cərimə məbləğinin hesablanmasını şərtləndirir. Bu səbəbdən 14 gün gecikməyə görə ödənişin 16,86 manat hissəsi hesabına həmin tarixə hesablanmış cərimə borcu, 3,57 manat hissəsi hesabına isə həmin tarixə əlavə olaraq (14 gün üçün də) hesablanmış 3,57 manat faiz borcu ödənilmişdir. Ödənişlərin aparılması tarixi və məbləği etibarı ilə cavabdeh xx.xx.2022-ci il tarixdə ödəniş cədvəlinə uyğunlaşmış və növbəti ödənişin məhz ödəniş cədvəlinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə edilməsinin mümkünlüyünü təmin etmişdir. Lakin bu tarixdən sonra (xx.xx.2022-ci il tarixdən) hər hansı məbləğdə ödəniş etməmişdir. Bu da öz növbəsində müqavilə üzrə faiz borcunun məhz xx.xx.2022-ci il tarixdən maliyyə arayışında göstərilən xx.xx.2022-ci il tarixədək adi riyazi hesablama ilə hesablanmasını mümkün edir və bunun üçün xüsusi bilik də tələb edilmir. Başqa sözlə, müqavilə üzrə yaranmış borcun hesablanması üçün məhkəmə - muhasibat ekspertizasının keçirilməsinə hər hansı zərurət yoxdur.
25. Bununla belə, xx.xx.2022-ci il tarixə əsas borcun 9.723,82 manat, illik faiz dərəcəsinin isə 15 faiz olması nəzərə alındığı təqdirdə, xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri (8 ay 3 gün) üçün həmin müqavilə üzrə cavabdehin (9.723,82 x 15% / 100% = 1.458,57 – 1 il, 1.458,57 / 12 ay = 121,54 – 1 ay, 121,54 / 30 = 4,05 – 1 gün /// (121,54 x 8 ay = 972,32) + (3 gün x 4,05 = 12,15) = 984,47) 984,47 manat məbləğində faiz borcu yaranmış olur.
26. Məhkəmə kollegiyası iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehə göndərilmiş bildirişdə yalnız həmin tarixə yaranmış 1.638,95 manat məbləğində faiz borcunun 5 gün ərzində ödənilməsinin tələb edildiyini və hüquqi nəticə etibarı ilə hər hansı formada müqavilənin ləğv edilməsi (müqavilədən imtina edilməsi) ilə bağlı iradə ifadəsinin bildirilmədiyini nəzərə alıb, hesab edir ki, faiz borcu məhz maliyyə arayışında göstərilən xx.xx.2022-ci il tarixədək hesablanmalıdır.
27. Məhkəmə kollegiyası iddianın təmin edilmiş hissəsinin qiymətini (9.723,82 + 984,47 = 10.708,29 manat) nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş dövlət rüsumunun 122,12 manat hissəsi tutulmalı, qalan (122,99 – 122,12 = 0,87 manat) 0,87 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzinin və ümumi borcun məbləği hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə qismən təmin edilməli, Cavabdeh iddiaçı “Kapital Bank" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 984,47 manat məbləğində faiz borcu (əsas borc məbləği ilə birlikdə, cəmi (9.723,82 + 984,47 = 10.708,29) 10.708,29 manat) və ödənilmiş dövlət rüsumunun 122,12 manat hissəsinin əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən cavabdehə aid edilməlidir.
29. Məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə qətnamənin ləğv edilmiş hissəsi üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan iddiaçı “Kapital Bank" ASC qətnamədən kassasiya şikayəti verə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-339/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi qismən, yəni “cavabdehdən iddiaçının xeyrinə tutulan faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzinin və ümumi borcun məbləği” hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh iddiaçı “Kapital Bank" ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 984,47 (doqquz yüz səksən dörd manat, qırx yeddi qəpik) manat məbləğində faiz borcu (əsas borc məbləği ilə birlikdə, cəmi 10.708,29 manat) və ödənilmiş dövlət rüsumunun 122,12 (bir yüz iyirmi iki manat, on iki qəpik) manat hissəsinin əvəzi tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.