Məhkəmə qərarları › İş №2(103)-5130/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5130/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5130/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3966/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10.000,00 manat əsas borcun, 6.000,00 manat dəbbə pulunun, 16.200,00 manat əldən çıxmış faydanın və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 32.230,00 (otuz iki min iki yüz otuz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilmısini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 01 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 50,000 manat məbləğində pul vəsaitini üç ay müddətinə borc almış və həmin pul vəsaitinin 01 may 2019-cu il tarixinə qədər iddiaçıya qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Bundan başqa tərəflər arasında bağlanmış 01 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinə uyğun olaraq cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 388 saylı sahə ünvanında yerləşən və ümumi sahəsi 0.075 ha olan torpaq sahəsini kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin 14 fevral 2019-cu il tarixdə Cavabdeh əlavə olaraq 10.000,00 manat məbləğində pul vəsaitini iddiaçıdan borc almış və həmin pul vəsaitini də 01 may 2019-cu il tarixdə qaytaracağını vəd etmişdir. Lakin cavabdeh borc götürdüyü 50.000,00 manat məbləğində pul vəsaitini bir ildən də artıq müddət ərzində qaytarmadığına görə Notariusun 08 fevral 2020-ci il tarixli 8i-6740 nömrəli icra qeydinə əsasən həmin əmlaka tutmanın yönəldilməsi qərara alınmışdır. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 388 saylı sahə ünvanında yerləşən və ümumi sahəsi 0.075 ha olan torpaq sahəsinə yönəldilmişdir. Hal-hazırda ipoteka predmeti olan 0.075 ha olan torpaq sahəsi Nizami rayon icra və probasiya şöbəsi tərəfindən satılıb borcun ödənilməsi məqsədi ilə hərraca çıxarılmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəliklər yerinə yetirilərək, Cavabdeh ilə bağlanmış müqavilələrin şətlərinə uyğun olaraq borc məbləğləri axırıncıya şərtləşdirilmiş vaxtda təhvil verilmişdir. Lakin cavadeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, borcun qaytarılma müddətindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq hal-hazıradək 50.000,00 manat və 10.000,00 manat məbləğində olan borclar İddiaçı qaytarılmamışdır. Borcların qaytarılması ilə bağlı cavabdeh ilə aparılmış çoxsaylı danışıqlar zamanı axırıncının borcun qısa müddət ərzində ödəniləcəyi barədə vədlərinə baxmayaraq, borc qaytarılmamış və müqavilənin şərtləri pozulmuşdur. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşən iddiaçı borcun məhkəmədənkənar alınması mümkün olmadığına görə məcburiyyət qarşısında məhkəməyə müraciət etmək qərarına gəlmişdir. O hesab edir ki, cavabdehdən 10,000 manat məbləğində əsas borc, 6.000,00 manat məbləğində dəbbə pulu, əldən çıxmış fayda qismində 16.200,00 manat və işin məhkəmədə baxılması üçün ödənilmiş 30 manat mələğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 60.000,00 manat borc işin mübahisə edilməyən hallarıdır. Ondan 50.000,00 manat borc üzrə tutma ipoteka predmetinə yönəldiyinə görə, 10.000,00 manat məbləğində əsas borc cavabdehdən tutulmalıdır. Bundan başqa 60.000,00 manat borcun 10 faizi miqdarında, yəni 6.000,00 manat məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır. Həmçinin 60.000,00 manat məbləğində pulu borclu müqavilədə göstərilən vaxt, yəni 27 ay əvvəl qaytarsa idi, onda İddiaçı həmin məbləği bankda illik 12% dərəcəsi ilə depozit hesabına yerləşdirə bilərdi və ayda 600 manat, 60.000,00 (borc məbləği) x 12% = 7200 manat : 12 (ay) = 600 manat əmanət üzrə faizləri alardı. Belə olan halda iddiaçının əldə etdiyi gəlir 27 ay (borcun gecikdirildiyi müddəti) x 600 manat ( depozit üzrə aylıq faiz) = 16.200,00 manat təşkil etdiyinə görə həmin məbləğ və 30 manat dövət rüsumu da cavabdehdən tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3966/2021 saylı, 07 dekabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 10.000,00 manat əsas borcun, 1000 manat əldən çıxmış fayda və dövlət rüsumunun əvəzi olaraq 30 manat olmaqla ümumilikdə 11.030,00 (on bir min otuz) manatın tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübut yəni əl yazması ilə tərtib edilmiş borc müqaviləsi saxtadır və orada kimin imza etməsi qeyri müəyyəndir və vizual baxandada orada çəkilmiş imzanın Cavabdeh imzasına oxşadılması əhəmiyyətli dərəcədə nəzərə çarpır. Qeyd olunan saxta borc müqaviləsi məhkəmə üçün əhəmiyyətli olduğu halda, mülki iş pretenziya qaydasında nizama salınmalı idi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnamənin ləğv edilməklə iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də, iddia tələbi təmin olunmayan hissəsində qətnamə mübahisələndirmədiyindən hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3966/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 50.000,00 manat məbləğində pul vəsaitini borc almış və həmin pul vəsaitinin 01 may 2019-cu il tarixinə qədər İddiaçı qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 388 saylı sahə ünvanında yerləşən və ümumi sahəsi 0.075 ha olan torpaq sahəsini kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında İcra Qeydindən görünür ki, Bakı şəhəri 53 saylı notariat ofisi xx.xx.2019-cu il tarixli 3M-291 reyestrli ipoteka müqaviləsinə əsasən, ipoteka saxlayan İddiaçı tələbi ilə Cavabdeh məxsus ipoteka predmeti olan ünvan ünvanında yerləşən daşınmaz əmlaka tutma yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 443.4-cü maddəsinə əsasən, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 01 fevral 2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 50.000,00 manat məbləğində pul vəsaitini üç ay müddətinə borc almış və həmin pul vəsaitinin 01 may 2019-cu il tarixinə qədər iddiaçıya qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Tərəflər arasında bağlanmış 01 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinə uyğun olaraq cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 388 saylı sahə ünvanında yerləşən və ümumi sahəsi 0.075 ha olan torpaq sahəsini kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmçinin 14 fevral 2019- cu il tarixdə Cavabdeh əlavə olaraq 10.000,00 manat məbləğində pul vəsaitini iddiaçıdan borc almış və həmin pul vəsaitini də 01 may 2019-cu il tarixdə qaytaracağını vəd etmişdir. Lakin cavabdeh borc götürdüyü 50,000 manat məbləğində pul vəsaitini bir ildən də artıq müddət ərzində qaytarmadığına görə Notariusun 08 fevral 2020- ci il tarixli 8i-6740 nömrəli icra qeydinə əsasən həmin əmlaka tutmanın yönəldilməsi qərara alınmışdır. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, 388 saylı sahə ünvanında yerləşən və ümumi sahəsi 0.075 ha olan torpaq sahəsinə yönəldilmişdir. Hal-hazırda ipoteka predmeti olan 0.075 ha olan torpaq sahəsi Nizami rayon icra və probasiya şöbəsi tərəfindən satılıb borcun ödənilməsi məqsədi ilə hərraca çıxarılmışdır. Lakin cavadeh tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş, borcun qaytarılma müddətindən 2 ildən artıq vaxt keçməsinə baxmayaraq hal-hazıradək 10.000,00 manat məbləğində olan borclar İddiaçı qaytarılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair). Məhkəmə kollegiyası iddia tələbinin 10.000,00 manat əsas borcun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin Ədliyyə müşaviri Rəşad Hacıyevə yazdığı ərizədən görünür ki, Cavabdeh 50.000,00 manat borcun ödənilməsi ilə bağlı tələbkar qarşısında 15 gün möhlət aldığını, həmin pulu bu müddət ərzində ödəyəcəyini, bu barədə tələbkarla razılığa gəldiyini, buna görə də icraatın müvəqqəti dayandırılmasının nəzərə alınmasını bildirmiş, həmçinin tələbkardan aldığı 10.000,00 manat pulu borcu ilə birlikdə qaytaracağına öhdəlik götürmüşdür. Göründüyü kimi, cavabdeh iddiaçıya 10.000,00 manat borcunun olduğunun özünün yazmış olduğu ərizəsi ilə etiraf etmişdir. Ona görə də məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası həmçinin iddia tələbinin əldən çıxmış fayda hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaətini qanuni və əsaslı hesab edir və qeyd edir ki, iddia tələbi qeyd edilən hissədə, yəni 10.000,00 manat borca münasibətdə əldən çıxmış faydanı tutmaqda məhkəmə haqlı olmuşdur. Belə ki, həmin borcun 2019-cu il may ayında qaytarılmalı olmasını, iddiaçının məhkəməyə 2021-ci ilin sentyabr ayında müraciət etməsini nəzərə alaraq həmin məbləğə Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə əsasən, illik 5% məbləğ tətbiq edildikdə (10.000 manat x 2 il = 1.000 manat), iddiaçının 1000,00 manat gəlirdən məhrum olunduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsaslı sayıla və təmin oluna bilməz. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübut, yəni əl yazması ilə tərtib edilmiş borc müqaviləsinin saxta olduğunu və orada kimin imza etməsinin qeyri müəyyən olduğunu qeyd etsə də, bu halı iş materialları ilə tam təkzib olunur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayon İcra Şöbəsinin Ədliyyə müşaviri Rəşad Hacıyevə yazdığı ərizədən görünür ki, Cavabdeh iddiaçıdan 10.000,00 manat pulu etiraf etməklə, borcu ilə birlikdə qaytaracağına öhdəlik götürmüşdür. Kollegiya apellyasiya şikayətinin digər dəlilinə münasibətdə isə qeyd edir ki, hazırki mübahisə pretenziya qaydasında həll edilməli olan mübahisə kateqoriyasına aid deyil. Belə ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında hər hansı müqavilə münasibəti olmamışdır. Apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilənlərə təkzib olunduğundan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətdə göstərilənlər məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz və birinci insstansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3966/2021 saylı, 07 dekabr 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-3966/2021 saylı, 07 dekabr 2021ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar