Məhkəmə qərarları › İş №2(103)-5133/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5133/2025

26.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5133/2025 26.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi (bacısı) Afət Abbasovanın iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-242/2025 nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.Mübahisə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, ev № 14-də yerləşən 63 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). İddiaçı mənzili xx.xx.2007-ci il tarixli “Mənzil sertifikatının alqı-satqısı barədə” müqavilə əsasında cavabdehdən əldə edib, xx.xx.2021-ci il tarixdə mənzil üzərində iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeyd alınıb və reyestr çıxarışı verilib. 2.Mübahisə mənzilin sahəsində olan fərqə görə yaranıb. Belə ki, “Mənzil sertifikatının alqı-satqısı barədə” müqavilədə mənzilin ümumi yaşayış sahəsi 69,5 kv.m, sertifikatın qiyməti isə 57.966,10 manat göstərilib. Bu hesabla mənzilin 1 kv.m-nin qiyməti 834,04 manat təşkil edir (57.966,10 manat : 69,5 kv.m = 834,04 manat). Reyestr çıxarışında isə mənzilin ümumi sahəsi 58 kv.m göstərilib. Göründüyü kimi, müqavilədə göstərilən sahə (69,5 kv.m) ilə reyestr çıxarışında göstərilən sahə (58 kv.m) arasında 11,5 kv.m metr fərq var. Mənzilin 1 kv.m-nin qiyməti 834,04 manat təşkil etdiyinə görə, iddiaçı hesab edir ki, cavabdehə 9.591,46 manat artıq ödəyib (834,04 manat x 11,5 kv.m = 9.591,46 manat). 3.Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 10/6802-9/7098 nömrəli ekspert rəyində qeyd olunub: Birinci, mənzilin ümumi tikinti sahəsinin, yaşayış otaqlarının, köməkçi otaqların (sanitar qovşağın, mətbəxin, dəhlizin, eləcə də balkon, lociya, terras və şüşəbəndin bütün sahəsi azaldılma əmsalına vurulmadan) qonşu divarlar, ara divarlar, sütunaltı sahələr də nəzərə alınmaqla müqaviləyə uyğun olaraq 69,5 kv.m olduğu müəyyən olunur. İkinci, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.2 və 3.8-ci bəndlərinin tələblərinə əsasən, mənzilin ümumi sahəsi azalma əmsalları tətbiq olunmaqla 58 kv.m (fərq 11,5 kv.m) təşkil edir. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizədə tələb olunub ki, mənzil sertifikatının əldə edlməsi zamanı 11,5 kv.m sahəyə görə artıq ödənilmiş 9.591,51 manat, habelə həmin pul məbləği indeksasiya olunmaqla əlavə olaraq 18.511,61 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. 5.Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 6.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin edilsin 7.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Afət Abbasova apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi. 8.Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Əgər tərəflər müqavilə azadlığına əsaslanaraq müqavilədə belə şərti razılaşdırsayıdılar ki, mənzilin qiyməti hesablanarkən bütün tikintialtı sahə, yəni bayır və ara divarlarının, arakəsmələrin, dəhliz və eyvanların sahəsi, şaxtalar, habelə yardımçı sahə nəzərə alınır, bu halda hesab olunardı ki, cavabdeh razılaşdırılmış qiymətə uyğun sahəni (69,5 kv.m) iddiaçıya təhvil verib. Lakin müqavilədə belə şərt razılaşdırılmayıb, müqavilədə mənzilin qiyməti ümumi sahəyə görə hesablanıb, ümumi sahənin isə 69,5 kv.m deyil, 58 kv.m olduğu müəyyən edilir. 10.Mənzilin sahəsinin müqavilədə göstərilən sahədən az olması əşyanın (mənzilin) qüsuru sayılır. Alqı-satqı zamanı “qüsurlu əşya vermə” deyildikdə alqı-satqı müqaviləsinin predmetinin müqaviləyə uyğun gəlməməsi başa düşülür. Müqavilədə mənzilin ümumi sahəsinin 69,5 kv.m olduğu qeyd edilsə də, cavabdeh iddiaçıya qüsurlu - 11,5 kv.m əskik sahəsi olan mənzil verib. Lakin iddiaçı hazırkı tələbi irəli sürmək üçün müddəti ötürüb. Belə ki, Mülki Məcəllənin 589.2-ci maddəsinə görə, əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən 2 il ərzində və ya alqı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Göründüyü kimi, 2 illik müddətin axımı əşyanın verildiyi gündən başlayır. Təhvil-təslim aktına görə, mənzil xx.xx.2009-cu il tarixdə cavabdehə təhvil verilib (iş v. 85). İddia isə 4 il 10 ay sonra - xx.xx.2024-cü il tarixdə verilib. Bununla da iddiaçı hazırkı tələbin irəli sürülməsi üçün müəyyən olunmuş müddəti ötürüb. 11.Hətta müddətin axımı reyestr çıxarışının verildiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən hesablandıqda da 2 illik müddət keçib. Reyestr çıxarışında mənzilin ümumi sahəsinin 58 kv.m olduğu qeyd edilib, iddiaçı çıxarışı almaqla bunu bilib, lakin iddia ərizəsini həmin tarixdən 2 il 11 ay 14 gün sonra verib. 12.Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib (iş v. 83). Ona görə də məhkəmə Mülki Məcəllənin 375-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. 13.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(005)-242/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar