Məhkəmə qərarları › İş №2(103)-5138/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5138/2020

23.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5138/2020 23.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(002)- 312/2020 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə 1512,65 manat məbləğində əsas borc, 1777,41 manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün illik beş faiz olmaqla 227,01 manat məbləğində faiz məbləği, ümumilikdə 3517,07 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC ilə Cavabdeh arasında xx xxxxxx 2009-cu il tarixində 100/05/214/09/1 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank cavabdehə illik 22% ödənilməsi şərti ilə 94 ay müddətinə 1512,65 manat məbləğində kredit vermişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1512,56 manat məbləğində əsas borc, 1777,41 manat məbləğində faiz borcu, gecikdirilmiş günlər üçün 227,01 manat məbləğində cərimə olmaqla, ümumilikdə 3517,07 manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək mümkün olmamışdır. Bu səbəbdən iddiaçı təşkilat iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Tərəflər arasında bağlanmış, iddia tələbinin əsası olan xx xxxxxx 2009-cu il tarixli 100/05/214/09/1 saylı kredit müqaviləsini bankdaxili texniki səbəblərə görə məhkəməyə təqdim etmək mümkün olmamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(002)- 312/2020 nömrəli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-312/2020 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, bank tərəfindən verilən hazırki iddia tərəflər arasında bağlanmış xx xxxxxx 2009- cu il tarixli 100/05/214/09/1 saylı kredit müqaviləsinə dair olsa da, məhkəmənin əsaslandığı Azərbaycan Respublikası Mərkəzi X1 Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, 19-5/936 saylı çıxarışında qeyd olunan kredit müqaviləsinin tarixi xx.xx.2008-ci il olaraq göstərilməklə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin bağlanmış öhdəliklər hissəsində göstərildiyi bildirilmişdir. Həmçinin iş materiallarında olan «xxxxxxxxxxxxx» Kommersiya Bankı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2012-ci il tarixli məktubunda da kredit müqaviləsinin nömrəsi və tarixi iddia ərizəsində tələbin əsaslandığı kredit müqaviləsindən fərqlidir. Məktubda kredit müqaviləsinin tarixi xx.xx.2008-ci il, müqavilənin nömrəsi isə 100/05/214/09 olaraq göstərilmişdir. Hazırki iş üzrə məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini və iddia müddətinin tətbiqinə dair əsasların tətbiq oluna bilməyəcəyini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Cavabdeh ilə bağlanılan kredit müqavilələrinin şərtlərində qeyd edilmişdir ki, müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yətirməsinə qədər qüvvədədir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Bundan başqa xx xxxxxx 2009-cu il tarixli 100/05/214/09/1 saylı kredit müqaviləsinin məhkəməyə təqdim edilməsi mümkün olmasa da iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış və digər iş üzrə əhəmiyyət kəsb edən bütün sənədlər iddia ərizəsinə əlavə olunmaqla məhkəməyə göndərilmiş və bütün müvafiq sənədlər, eləcə də ödəniş cədvəli cavabdeh tərəfindən imzalanmışdır. Kredit müqaviləsindən başqa iddia ərizəsinə əlavə edilmiş sənədlərdən də aydın görünür ki, cavabdeh iddia ərizəsində göstərdiyimiz kredit məbləğini götürmüş, ödəniş qrafikini pozmaqla onun banka ümumilikdə 3517,07 (üç min beş yüz on yeddi,yeddi) manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ləğv prosesində olan "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli **********175 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2009-cu il tarixli 100/05/214/09/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixinə 1512,65 manat əsas borcu, 1777,41 manat məbləğində faiz borcu, habelə gecikdirilmiş günlər üçün illik beş faizlə hesablanan 227,01 manat borcu vardır. Hesabdan çıxarışdan aydın olur ki, Cavabdeh tərəfindən faktiki olaraq "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC-yə sonuncu dəfə ödəniş xx.xx.2011-ci il tarixdə həyata keçirilmişdir. Azərbaycan Respublikası Mərkəzi X1 Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, 19- 5/936 saylı çıxarışından görünür ki, Cavabdeh "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC tərəfindən xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə 5000 manat kredit verilmiş, müqavilənin bitmə tarixi xx.xx.2010-cu il, sonuncu ödəniş tarixi xx.xx.2011-ci il kimi qeyd olunmuş, həmin müqavilə üzrə borclunun öhdəliyi bağlanmış öhdəliklər hissəsində göstərilmişdir. “xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC-nin Cavabdeh ünvanladığı xx.xx.2012-ci il tarixli, 11/5634 saylı məktubundan görünür ki, Cavabdeh verilən 100/05/214/09 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən Cavabdeh qarşı heç bir iddia yoxdur. Kollegiya qeyd edir ki, məhkəmə iclasında iddiaçının iddia tələbini əsaslandırdığı xx xxxxxx 2009- cu il tarixli ayrıca kredit müqaviləsinin mövcudluğu sübuta yetirilmədiyindən, əksinə iş materiallarında olan Kredit Reyestri Xidmətinin xx.xx.2013-cü il tarixli, 19-5/936 saylı çıxarışı ilə təkzib olunduğundan, bununla da iddia tələbinin hüquqi əsası olmadığından, iddia tələbi əsassız hesab olunaraq təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1 -ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 324.6-cı maddəsinə əsasən, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Beləliklə, iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə kollegiyası müəyyən edir ki, iddiaçının iddia tələbini əsaslandırdığı xx xxxxxx 2009-cu il tarixli kredit müqaviləsinin mövcudluğu sübuta yetirilmədiyindən və bu səbəbdən iddia tələbinin hüquqi əsası olmadığından, iddiaçı ləğv prosesində olan “xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddiası əsassız hesab olunaraq təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2(002)- 312/2020 nömrəli qətnaməsi iddiaçı ləğv prosesində olan "xxxxxxxxxxxxx” Kommersiya Bankı QSC-yə münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar