Məhkəmə qərarları › İş №2(103)-5138/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5138/2024

04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5138/2024 04.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-5138/2024 (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2031/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 04 sentyabr 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" KB ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023cü il AGİD**********1 nömrəli Kredit müqaviləsinə və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən əsasən ona 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6000 manat məbləğində məbləğində kredit verilmişdir. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 6000 manat əsas, 936,81 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 6956,81 manat borc və 89,57 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir

3. İddiaçı "xxxx" KB ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 35 ay müddətinə illik 27,60% ödəmək şərtilə 6000 manat məbləğində kredit xətti açılmışdır.X3 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir.Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxanda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2031/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Qamət Əbilov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 6000 manat əsas, 936,81 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 6946,81 manat borcun və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,46 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə, Mülki Məcəllənin 6.2, 328.1, 385.1, 386.1, 390.1, 405.1, 425, 442, 445, 448.1, 462.1, 465.2, 467 739.1, 739.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddiaçı tərəfin xeyrinə 936,81 manat faiz məbləğinin və 89,46 manat dövlət rüsumunun tutulması hissəsində ləğv edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə faizlər hissəsində əsassızdır. Birinci instansiya Məhkəməsinin qətnaməsi faizlərə aid hissədə onun əsassız yerə maliyyə sanksiyasına məruz qalmağına səbəb olur. Hesab edir ki birinci instansiya məhkəməsi apellyasiya şikayətinin aid edildiyi hissədə tərəflər arasındakı qarşlıqlı münasibətləri düzgün araşdırmayıb. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

10. Məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilmiş, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən caavbdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

12. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr bağlaya bilərlər;

13. Maddə 405.1. tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

14. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur;

15. Maddə 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir;

16. Maddə 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

19. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin yalnız faiz borcuna və dövlət rüsumunun tutulmasına aid hissələrdə ləğv edilməsi xahiş edildiyindən qətnamə həmin hissələrdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin aid edildiyi hissələrdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

29. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən və onun ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh 35 ay müddətinə illik 27,60 faiz ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmişdir.

30. "xxxx" KB ASC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Bank xidmətlərinin təqdim edilməsinə dair” Ümumi Ofertanın 5.2-ci bəndində qeyd olunmuşdur ki, borcalanla bağlanan kredit müqaviləsi üzrə kreditin illik faiz dərəcəsi maksimum 34,02 faiz təşkil edir.

31. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə borcu aşağıdakı kimidir: - 6000 manat əsas, 936,81 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 6956,81 manat borc mövcuddur.

32. ********** saylı ödəniş qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixdə iddia ərizəsinin verilməsinə görə 89,57 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

33. ********** saylı ödəniş qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən xx.xx.2024-cü il tarixdə təyinatı Qaradağ rayon Məhkəməsi olmaqla dövlət büdcəsinə məhkəmə iddia ərizəsinin verilməsinə görə 89,57 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

34. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" KB ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli ərizəsi əsasında xx.xx.2023-cü il tarixli X3 şərtləri daxilində 35 ay müddətinə illik 27,60 faiz ödəmək şərti ilə 6000 manat məbləğində kredit verilmiş, “Kredit alan” həmin ərizəsində Ümumi Ofertanın bütün şərtlərini aksept etdiyini bəyan etmiş, verilmiş krediti qəbul edib, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödənişlər edilməsini öhdəsinə götürmüşdür.

35. Kollegiya hesab edir ki, borcalan Cavabdeh kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsi üzrə üzərinə götürdüyü faizlə bağlı öhdəliyini vaxtında və lazımi qaydada icra edə bilməmiş, kreditə hesablanmış faiz borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də onun hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, faiz borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir.

36. Belə olan halda kollegiya, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin öhdəlikləri tərəflər arasında razılaşdırılmış müqavilə ilə şərtləşdirildiyindən iddiaçının cavabdehə qarşı olan tələbi faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.

37. Kollegiya qətnamənin cavabdeh tərəfindən mübahisələndirilən digər hissəsi, yəni cavabdehdən 89,46 manat məbləğində dövlət rüsumunun tutulması ilə bağlı qeyd edir ki, həmin hissədə qətnamənin ləğv edilməsi üçün hazırki halda heç bir əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilərək cavabdehdən cəmi 6946,81 manat borcun tutulması qət edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 89,46 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulması əsaslıdır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

39. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

40. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

41. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

42. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2031/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar