Məhkəmə qərarları › İş №2(103)-5139/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5139/2023

03.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5139/2023 03.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-957/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən onun və həyat yoldaşının istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması barədə qətnaməsi çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-957/2023 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 130 kv.metr olan fərdi yaşayış sahəsindən istifadəsinə yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırki işdə olduğu kimi qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Belə olan halda, həmin işdən apellyasiya şikayətinin verilməsi üçün bu məbləğin 50 faizi miqdarında, yəni (100 / 2 = 50) 50 manat məbləğində dövlət rüsumu ödənilməlidir. İddiaçı da hazırki iddia ilə birinci instansiya məhkəməsinə müraciət edərkən, 100 manat məbləğində dövlət rüsumunun ödənilməsini təmin etmişdir. Lakin hazırki apellyasiya şikayətini verərkən iddiaçı İİ qrup əlil olmasına istinad etmiş və əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçıların rüsum ödəməkdən azad olduğunu qeyd edərək, hər hansı məbləğdə dövlət rüsumu ödəməmişdir. Halbuki, “Dövlət rüsumu haqqında” Qanuna əsasən əlillik dərəcəsi olan şəxslər dövlət rüsumunun ödənilməsindən azad olunan şəxslər sırasına aid edilməmişdir. Həmin qanunun 9.1.3-cü bəndində isə bütün qəbildən olan işlərlə bağlı iddialar üzrə deyil, bilavasitə əlillik nəticəsində dəyən ziyanın ödənilməsi barədə iddialar üzrə iddiaçılara belə bir hüquqi imkan yaradılmışdır. Hazırki iddia isə yaşayış sahəsindən istifadəyə yaradılmış maneənin aradan qaldırılması ilə bağlıdır və bu baxımdan qeyd edilən maddənin təsiri dairəsinə düşmür. Qeyd edilənlər öz növbəsində apellyasiyanın qeyri-mümkün hesab edilməsini şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir; 9.1.3-cü maddəsinə əsasən əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığından apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü, 366-cı, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-957/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar