Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5139/2024 26.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadından İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3069,02 manat, faiz borcu üzrə 46,12 manat olmaqla cəmi 3115.14 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 51,15 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı ilə iddia ərizəsi, ona əlavə olunmuş sənədlərin və 51,15 manat dövlət rüsumunun İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın əsassız və qanunsuz olduğundan ləğv edilməsini və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətləri yerinə yetirilməsinə dair qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əsas və faiz borcun qaytarılması” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman cavabdehlərdən biri olan Cavabdeh2 vəfat etməsi barədə onlarda hər-hansı məlumat olmamışdır. Belə olan təqdirdə məhkəmə zaminə münasibətdə iş üzrə icraatı qəbul etməli və mübahisəyə dair yekun məhkəmə aktı qəbul etməli idi. Bundan başqa, birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə istinad etmiş lakin, həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəllənin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Yuxarıda qeyd edilənlərdən görünür ki, məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, Mülki Prosessual Məcəlləsinin 14 və 54-cü maddələrinin tələbləri pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-2409/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi kreditorla zamin lazımınca icra etməməsi halında, həmin öhdəliyi icra edəcəyinə dair öz üzərinə vəzifə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras emlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Kreditorun zamindən öhdəliyin icrasını tələb edə bilməsi üçün, ilk öncə, borclunun, eləcə də onun vərəsələrinin öz vəzifələrini icra etməməsi və ya lazımınca icra etməməsi tələb olunur. Yalnız bundan sonra zaminə qarşı zaminlik müqaviləsindən irəli gələn öhdəliyin icrası barədə tələb irəli sürülə bilər. Plenum borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab etmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası Konstitusi Məhəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, mirasın formal və qeyri-formal üsulla qəbul edilməsindən asılı olmayaraq, mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Bu isə onu göstərir ki, miras qoyanın kreditoru mənafelərinin təmin edilməsi məqsədi ilə tələb hüququnu mirası faktiki qəbul etmiş vərəsələrə qarşı da irəli sürə bilər. Plenum həmçinin qeyd etmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras Əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Bu baxımdan kreditorların mirası faktiki qəbul etmiş vərəsələrə qarşı məhkəmədə öhdəliyin miras qalmış əmlak hesabına icrası barədə iddia icraatı qaydasında tələb irəli sürməsi yolveriləndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli qərarında da qeyd edilmişdir ki, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. İddiaçı şikayətində qeyd edir ki, iddia tələbi ilə məhkəməyə müraciət edilən zaman cavabdehlərdən biri olan Cavabdeh2 vəfat etməsi barədə iddiaçıda məlumat olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas deyil. Belə ki, göstərilən normaların tələblərinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bununla da gələcəkdə əsas borclu tərəfindən öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda kreditor zaminə qarşı həmin öhdəliyin icrası barədə tələb irəli sürmək hüququ əldə etmiş olur. Hazırda işin faktiki halları ilə müəyyən edilir ki, əsas borclu xx.xx.2023-cü il il tarixdə vəfat etmişdir, iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinə daxil olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilməli idi. Lakin işin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən həmin qaydaya əməl edilməmişdir. Bundan başqa iddiaçı əsas borclu Cavabdeh2 vərəsələrinin dairəsini müəyyən etmək üçün mövcud olan bütün vasitələrdən istifadə etməmiş, mirasın qeyri-formal üsulla qəbul edəcək vərəsələrinin olmasını müəyyən etməmişdir. Bununla yanaşı iddiaçı şikayətində birinci instansiya məhkəməsi tərəfindən “cavabdehin əsl cavabdeh ilə əvəz edilməli” olmasını bildirsə də qeyd edildiyi kimi mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşıdığından iddiaçı ilk növbədə ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl etməli idi, bundan sonra “cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi” məsələsinə baxıla bilərdi. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməzdən əvvəl ölmüş borclunun vərəsələri ilə mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qaydaya əməl edilmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 2409/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5139/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5139/2024
26.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver