Məhkəmə qərarları › İş №2(103)-5140/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5140/2023

11.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5140/2023 11.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş (Açar sözlər: «alimentin artırılması») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2023 saylı, 12 iyun 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)-2548/2021 saylı qətnaməsi ilə Cavabdeh 24 fevral 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

2. Ağsu Rayon İcra Hakimiyyəti Başçısının Kalva Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışına əsasən Cavabdeh Ağsu rayonunun Dilman kəndində yaşamaqla, heç bir yerdə işləmir.

Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(005)-2548/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh 24 fevral 2008-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Tələbdə göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentdən 2021-ci ildən hazırkı vaxtadək cavabdeh aylıq 175 manat aliment ödəyir. O, isə uşağın tələbatlarını təkbaşına ödəməyə maddi çətinlik çəkir. Birgə nikahdan olan uşaqlarının sağlamlığında bir çox problemləri vardır. Uşağın müalicə xərclərinə hər ay 200-300 manat vəsait sərf edir. Cavabdeh isə aylıq alimentdən başqa uşağının maddi ehtiyaclarının ödənilməsində iştirak etmir. Cavabdeh valideyn olaraq uşağın minimum tələbatlarını ödəməyə borcludur. Cavabdehin rəsmi iş yeri olmasa da, sabit gəlir mənbələri mövcuddur və kifayət qədər aylıq qazancı vardır. Hər ay 220 manat aliment ödəmək iqtidarındadır.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsi (hakim Nərgiz Tağıyeva) ilə iddia tələbinin təmin edilərək cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2548/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi; xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, alimentin miqdarının dəyişdirilməsi məsələsi o halda həll oluna bilər ki, alimentin məbləği müəyyən ediləndən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. Buna baxmayaraq qeyd edilməlidir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. İddiaçının məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnə bilər. Həmçinin, məhkəmə tərəfindən aliment müəyyənləşdirilərkən müvafiq dövrün həyat standartları və uşağın ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür, hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2023-cü ildə artırılaraq 220 manat müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi nəzərə alınmaqla, tərəflərin vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş edərək göstərib ki, məhkəmə iddiaçının heç bir əsasa söykənməyən fikirlərini araşdırmadan və tərəflərin maddi vəziyyətini araşdırmadan iddiaçının tələbinin təmin olunması barədə əsassız qətnamə qəbul etmişdir. Qətnamə ilə razı deyil, əsassız olduğu üçün ləğv edilməlidir. Belə ki, iddiaçı uşağın sağlamlığı ilə əlaqədar hər ay 200-300 manat xərc tələb edilməsi barədə heç bir sənəd təqdim etməmişdir. Onun daimi iş yeri, təsərrüfatı yoxdur, günəmuzd işçi kimi iş tapanda onun-bunun həyətində günə 10-15 manata işləyir. Özü də xəstədir, onurğasında “qrija” var, ciyərlərində ağrılar var, ağır işlərdə işləyə bilmir. Heç bir yerdən gəliri yoxdur, yeni ailə qurub və 3 yaşında bir qızı da var. Əvvəllər təyin edilmiş alimenti çətinliklə də olsa birtəhər ödəyirdi, aliment artırılarsa, onu ödəyə bilməyəcək. Göründüyü kimi, məhkəmə uşağa görə aliment təyin edərkən tərəflərin maddi və diqqətəlayiq digər halları nəzərə almadan ədalətsiz qərar qəbul etmişdir. Alimentin miqdarı artırılarkən bunun cavabdehin maddi vəziyyətinə təsiri nəzərə alınmamışdır. Bundan başqa, məhkəmə təcrübələri də nəzərə alınmamışdır. Belə ki, rayon yerlərində əhalinin yaşayış səviyyəsi aşağı olduğundan Ağsu rayonunda hələ indiyənə kimi bir uşağa görə aliment ödəyənə 170 manatdan artıq aliment təyin edilməmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən cavabdehin xəstə olmaqla, işsiz olması, yeni ailə qurması və bir qızının olması nəzərə alınmamışdır. Alimentin miqdarı təyin edilərkən məhkəmə onun gəlirlərini, ailə vəziyyətini nəzərə almamışdır. Məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarı onun gəlirinə, ailə vəziyyətinə uyğun gəlmir.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

8. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

10. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.

13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd).

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Apellyasiya şikayətinin nəticə hissəsindən görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) təmin olunan hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

22. Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə alimentin artırılması ilə bağlı faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığından iddia haqlı sayılır.

23. Çünki, cavabdehin göstərdiyi dəlillər onu iddiaçı ilə rəsmi nikah münasibətlərindən olan uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin göstərdiyi dəlillər, o cümlədən ikinci dəfə nikah bağlaması və həmin nikahdan da uşağının olması alimentin artırılmasının rədd edilməsi üçün birmənalı əsas ola bilməz. Çünki, təyin olunmuş alimentin məbləği uşağın minimum yaşayış tələbatını ödəyə bilmir. Azərbaycan Respublikasında 2023-cü il üçün müəyyən olunmuş bir uşaq üçün yaşayış minimumu 220 manat olmuş və bu məbləğin azaldılması uşaqlarla bağlı Beynəlxalq Konvensiyaların tələblərinə də zidd olardı. Ona görə də hansısa maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasından söhbət gedə bilməz.

24. Cavabdehin apellyasiya şikayətinin dəlili kimi qeyd etdiyi maddi imkanın olmaması və yeni ailə qurması bir-birini təkzib edən arqumentlərdir. Ailə kiçik sosial birlik kimi tərəflərin üzərinə müəyyən öhdəliklər qoyur. Lakin gələcəkdə tərəflər arasındakı bu münasibətlərin uğursuzluğunun nəticələrini uşaqlar daşımamalıdr. Bunu həm qanunvericilik, həm də əxlaqi dəyərlər qəbul etmir. Bu səbədən də, cavabdehin yenidən ailə qurması və həmin nikahından da uşağının olması onun valideyn kimi öhdəliklərinə görə məsuliyyət daşımamasına əsas verə bilməz.

25. Uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

26. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Ona görə də cavabdehin şikayətində göstərdiyi hallar alimentin artırılmasının rədd edilməsi üçün əsas ola bilməzdi.

27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin cavabdehin formal mülahizələri ilə ləğv edilməsi üçün heç bir əsas olmadığından apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2144/2023 saylı, 12 iyun 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar