Məhkəmə qərarları › İş №2(103)-5142/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5142/2020

23.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5142/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1428/2020saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı1 Mehdixan oğlunun mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Əfəndiyev (Plotnikov) küçəsi 83 nömrəli 5 otaqlı fərdi yaşayış evinə istifadə qaydalarının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1428/2020saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi iləiddia təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar qətnamədən birgə apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən iş birtərəfli qaydada araşdırılmışdır.Göstərilənlərə əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişlər. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh, onun nümayəndəsi və vəkili ayrıayrılıqda apelyasiya şikayətinə etiraz etdiklərini bildirmiş, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş FM seriyalı 026585 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Plotnikov (Əfəndiyev) küçəsində yerləşən 83 nömrəli fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 64 saylı reyestr kitabında 9664 nömrəli vərəqində 30/9664 saylı reyestr nömrəsi ilə xx.xx.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 37/165 nömrəli arayışdan (2№-li Forma) müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Plotnikov (Əfəndiyev) küçəsində yerləşən 83 nömrəli evdə Cavabdeh ailə üzvləri ilə birlikdə pasport qeydiyyatındadır. İddiaçı1 1989-cu, İddiaçı2 isə 2017-ci ildən həmin ünvanda pasport qeydiyyatındadırlar. Mülki iş materiallarında olan və qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-1620/2018 saylı qətnamə qismən - yəni cavabdeh İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu Əfəndiyev küçəsi 83 saylı fərdi yaşayış evindən çıxarılmasının təmin olunmaması hissəsində ləğv edilərək, iddianın həmin hissədə təmin olunması, cavabdeh İddiaçı2 iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əfəndiyev küçəsi 83 saylı fərdi yaşayış evindən çıxarılması, qətnamənin qalan hissədə apellyasiya şikayətinin dəyişdirilmədən saxlanılması, qətnamənin İddiaçı2 Bakı şəhəri, Nərimanov rayonu, Əfəndiyev küçəsi 83 saylı fərdi yaşayış evindən qeydiyyatda çıxarılması üçün əsas olması qət edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçıların birgə şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya İddiaçı2 apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, rayon məhkəməsi haqlı olaraq bildirmişdir ki, İddiaçı2 evə istifadə hüququ mövcud olmadığından onun hazırkı iddia tələbi də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair xx xxxx 2008-ci il tarixli qərarında aşağıdakıları qeyd etmişdir. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.» Məhkəmə kollegiyası digər İddiaçı1 apellyasiya şikayətinə münasibətdə isə qeyd edir ki, birinci instansiya məhkəməsi mahiyyət etibarı ilə onun iddia tələbini cavabdehin mülkiyyət hüququna müdaxiləyə səbəb olması kimi qiymətləndirirərək rədd etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı və iddiaçıların apelyasiya şikayəti əsassız olduğundan təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunmaması nəticəsinə gələrkən haqlı olmuşdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. İddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçıların özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1428/2020saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçılarınözlərinə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar