Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5142/2024 12.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı Zeynalova (Hüseynova) Aygün Ehtibar qızının, Cavabdeh1 vəkili X1 iştirakı ilə Zeynalova (Hüseynova) Aygün Ehtibar qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş işə baxaraq müəyyən etdi: İddiaçı (iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, səhhətinə vurulmuş zərərə görə Cavabdeh2 15 000 manatın, Cavabdeh1 10 000 manatın, Cavabdeh3 5000 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2022-ci ilin mart ayında səhhətində ciddi problemlər yaranmış, həyat yoldaşı Orxan Hüseynov onu X5 müayinəyə aparmış, həmin tibb mərkəzinin həkim-ginekolqu Cavabdeh1 onları müayinə üçün "ŞƏFA-D” MMCyə göndərmişdir. Daha sonra müayinə kağızlarını Cavabdeh1 təqdim etmiş, Cavabdeh1 müayinə kağızlarına baxaraq sağ yumurtalığında kista olduğunu bildirmiş, bu səbəbdən təcili tibbi cərrahi əməliyyatın lazım olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında üzərində ginekoloji xarakterli cərrahi əməliyyat icra olunmuş, əməliyyat lokal keyitmə əsasında keçirilmişdir. Əməliyyatın sadəcə 30 dəqiqə ərzində yekunlaşacağı bildirilsə də, təxminən 2 saat davam etmiş, əməliyyatı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həyata keçirmişlər. Cərrahi əməliyyatdan sonra təxminən 10-12 gün müddətində X3 ümumi palata şəklində müalicə almışdır. Həmin əməliyyat üçün şəxsən Cavabdeh1 700 manat pul ödəmiş, eyni zamanda müalicə dövründə çoxlu əlavə xərcləri olmuşdur. X4 xx.xx.2022-ci tarixdə təqdim etdiyi epikrizdən görünür ki, “loparaktamiya, sağ tərəfli salpinqoovarioektamiya” əməliyyatının aparıldığı görünmüşdür. Xəstəxandan ambulator şəraitdə müalicə üçün evə buraxılmış, əməliyyatdan sonra səhhətində heç bir irəliləyiş olmamış, tam əksinə vəziyyəti daha da pisləşmiş və kəskin ağrıları olmuşdur. xx.xx.2022-ci ildə təkrar müayinə üçün Cavabdeh1 yaxınlaşmış və onun məsləhəti ilə "KM” və "Şəfa-D” MMC-də, xx.xx.2022-ci il tarixdə isə "X7”-da müvafiq UZİ müayinələrindən keçmiş, həmin müayinələrin cavabında bildirilmişdir ki, sağ yumurtalıqlar öz ölçüsünü tapsa da, sol yumurtalıqlar öz əksini tapmır. Həyat yoldaşı Orxan hər iki müayinənin kağızlarını X4 həkim ginekoloqu Cavabdeh1 təqdim etmişdir. Cavabdeh1 isə hələ də yumurtalıqlarda kistaların olduğunu bildirərək sol yumurtalıqların cərrahi əməliyyat zamanı götürüldüyünü bildirməmişdir. Cavabdeh1 verdiyi izahatda bildirmişdir ki, cərrahi əməliyyatın əsas qismini Cavabdeh2 görmüş, Cavabdeh3 və o sadəcə tikişləri icra etmişdir. İzahata bunu da bildirmişdir ki, sağ yumurtalıqlarda törəmə olduğu və törəmə səbəbi ilə yumurtalıqlar yeyildiyi üçün əməliyyat zamanı sağ yumurtalıq götürülmüşdür. Lakin müayinə zamanı ona və yoldaşına sol yumurtalıqlarda problem olduğunu və təcili əməliyyat olunmasını bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 Komisyon Ekspertizalar şöbəsinin 18 yanvar 2023-cü il tarixdə 809 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə "X8” PHŞ-də "sağ yumurtalıq kistası” və "laporatomiya sağtərəfli salpinqoovarioektomiya” cərrahi əməliyyatı icra olunmuşdur. Lakin ultrasəs müayinələrində "sağ və sol yumurta kistaları” diaqnozu qoyulmuşdur. Rəydən görünür ki, əməliyyatdan əvvəl müayinələr qismən doğru icra edilmişdir. Lakin cərrahi əməliyyat texniki və taktiki baxımdan düzgün icra edilməmişdir. "Kistekomiya” əməliyyatı ilə (orqansaxlayıcı) rezeksiya edilməli olduğu halda, operator cərrah tərəfindən "salpinqoovarioektomiya”, yəni kista ilə birlikdə yumurtalıq və uşaqlıq borusu kəsilərək xaric edilmişdir. Eyni zamanda rəydə bildirilmişdir ki, bu problemin müalicəsi mümkündür. Aparılmış cərrahi əməliyyatdan sonra bir daha USM, Rentgen və digər müayinələrdən yenidən keçmişdir. xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixdə keçdiyi USM və Rentgen müayinələrində, sağ tərəf yumurtalıqların yerində olduğu, amma sol tərəf yumurtalıqların yerində olmadığı bilinmişdir. Daha sonra o, "Respublika Perninatal Mərkəzi” PHŞ-də təkrar cərrahiyyə əməliyyatı olunaraq sağ tərəf yumurtalıqda mövcud olan kista rezeksiya edilərək götürülmüşdür. "X8” PHŞ-də isə sol tərəf yumurtalıqları götürülmüşdür. Göründüyü kimi, cavabdehlər ona qarşı texniki və taktiki cəhətdən səhv olan cərrahi əməliyyat etmişlər, yalnız kistanı götürmək əvəzinə, yumurtalığı uşaqlıq borusu ilə birgə kəsmişlər, bu azmış kimi cavabdehlər onlara sağ yumurtalığın əməliyyat olunacağını deyib, sol yumurtalığı kəsmişlər. Hadisə nəticəsində o zərərçəkmişdir, bu əməllər əslində cinayət əməlidir, həkimlərin əməlində səhlənkarlıq və sağlamlığa ağır xəsarət yetirmə cinayətlərinin tərkibi var. Baş vermiş hadisənin onda yaratdığı sarsıntıları, qorxunu, stressi unutmaq olmayacaq, bunları heç bir maddi tələb əvəz etməyəcək. Ancaq cavabdehlər də cəzasız qalmamalıdırlar. Ona görə də onlar əməllərinin ağır nəticələrini kompensasiya etməlidirlər. Onlar onun orqanlarını heç bir tibbi zərurət olmadan yanlış olaraq kəsib götürmüş, onu həmin orqanlardan məhrum etmişlər. Birinci instansiya məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh2 3000 manat, Cavabdeh1 4000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun, təmsil etdiyi şəxsə aid hissədə ləğv olunmasını xahiş etmiş, şikayətini Əziz Merdiyevin iddia tələbinə etirazının məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, iddiaçıya hər hansı mənəvi ziyan dəydiyinin sübuta yetirilmədiyini, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyini irəli sürmüşdür. Qətnamədən Cavabdeh1 nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd olunmasını xahiş etmiş, şikayətini iddia ərizəsinə qarşı yazılı etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin işin hallarına düzgün qiymət vermədiyini, mühüm əhəmiyyəti olan halları aydınlaşdırmadığını, iddiaçıya hər hansı mənəvi ziyan dəydiyinin sübuta yetirilmədiyini, iddiaçının səhhətinə ağaır ziyan dəymədiyini, onun mayalanma qabiliyyətində olduğunu irəli sürmüşdür. Mülki iş apellyasiya şikayətlərinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətlər üzrə apellyasiya mümkün hesab olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubda, qətnamədən iddiaçının da apellyasiya şikayəti vermiş olduğu bildirilməklə mülki işin XəzərRayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki- Prosessual Məcəllənin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan iş həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə, apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Zeynalova (Hüseynova) Aygün Ehtibar qızının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 13 iyun 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnur Həsənov Hakimlər: Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-5142/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5142/2024
12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver