Məhkəmə qərarları › İş №2(103)-5143/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5143/2025

27.04.2026 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5143/2025 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsi cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: kanalizasiya xətlərinin çəkilməsinə maneənin aradan qaldırılması tələbinə dair) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi (bacısı) X2, Cavabdeh Cavabdeh, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsi cəlb edilməklə) “evə kanalizasiya xətlərinin çəkilməsinə maneənin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 0997450 seriyalı çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngədə yerləşən 0,04 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 132,4 kv metr olan **a saylı fərdi yaşayış evi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2017-ci il tarixdə X1 ünvanladığı məktubun surətindən görünür ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının ##.##.1995-ci il tarixli 1290 a saylı sərəncamından çıxarışa əsasən, Badamdar qəsəbəsində fərdi ev tikmək üçün X1 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Azərbaycan Dövlət X6nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış ##.##.2025-ci il tarixli məktubun surətindən görünür ki, Ə.Atakişiyev ev ** saylı ünvanda küçə və həyət kanalizasiya xətləri əməkdaşları tərəfindən yerində müvafiq qaydada araşdırılmışdır. Yoxlama zamanı bu ünvanda bir həyətdə üç fərdi yaşayış evinin mövcud olduğu və bu evlərdən yalnız birinin kanalizasiya şəbəkəsinə qoşulduğu, digər iki evin isə qonşu tərəfindən borunun yararsız hala salınması səbəbindən “şambo” qurğusundan istifadə etdiyi müəyyən olunmuşdur. İki fərdi yaşayış evinin küçə səviyyəsindən aşağı nöqtədə yerləşdiyi nəzərə alınsa alternativ kanalizasiya xəttinin çəkilməsi texniki cəhətdən mümkün deyildir. Yaranmış problemin çözülməsi üçün sakinlər qarşılıqlı kompromisə getməli və əvvəlki kanalizasiya xətti bərpa olunmalıdır, çünki insan sağlamlığı faktoru önəmli məsələ olduğu üçün “şambo” qurğusundan istifadə yol verilməzdir, əks halda bu durum məhkəmə predmeti olduğu üçün məhkəməyə müraciət olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/**** nömrəli rəyindən müəyyən olunur ki, mövcud kanalizasiya xətti (işlək olan) ünvan 3 ünvanında yerləşən iddiaçı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə kanalizasiya xətti həmin ünvanda yerləşən cavabdeh Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən keçir. İşlək vəziyyətdə olan kanalizasiya xəttindən yalnız cavabdeh istifadə edir. ünvan 2 ünvanında yerləşən iddiaçı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə həmin ünvanda yerləşən cavabdeh Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən keçmədən kanalizasiya xəttinin çəkilməsinin mümkün olub-olmamasının müəyyən edilməsi aidiyyəti qurum tərəfindən müəyyən edilə bilər. Rəydən daha sonra müəyyən olunur ki, baxış zamanı ünvan 1 ünvanında yerləşən həyətdə üç fərdi yaşayış evinin mövcud olması, iddiaçı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xəttinin faktiki olaraq olmadığı, şambodan istifadə olunması müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Dövlət X6nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə) evə kanalizasiya xətlərinin çəkilməsinə maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, Ə.Ağakişiyev küçəsi 17 ünvanında olan torpaq sahəsini və onun üzərində yerləşən sahəsi 132,4 kv metr olan fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX ******* nömrəli çıxarışı əldə etmişdir. O, xüsusi mülkiyyətində olan fərdi yaşayış evinə fasiləsiz və etirazsız sahiblik edir. Onunla birgə evdə ailə üzvləri də yaşayırlar. Fərdi yaşayış evinin kanalizasiya boruları həyətyanı sahəsindən keçmiş və mülkiyyətində olan torpaq sahəsindən çıxaraq küçədə yerləşən quyuya birləşmişdir. Fərdi yaşayış evinə yaxın həyətyanı torpaq sahəsinin daxilində qanunsuz tikilidə cavabdeh Cavabdeh yaşayır. Həyətyanı sahəsindən keçən kanalizasiya boruları da onun atası tərəfindən inşa edilmiş və hazırda da onların xüsusi mülkiyyətindədir. Lakin cavabdeh adıçəkilən torpaq sahəsində qazıntı işlərini aparmış və quraşdırılmış kanalizasiya borularını zədələyərək yararsız vəziyyətə gətirmişdir. Bu gün kanalizasiya boruları istifadəyə yararsızdır. Yararsız vəziyyətə gəlmiş boruları bərpa etməyə cəhd göstərsələr də, C.Bayramovun həyat yoldaşı Cavabdeh maneə törədərək xətlərin bərpa edilməsini mümkünsüz etmişdir. Cavabdehlə dəfələrlə razılığa gəlməyə çalışsalar da alındıra bilməmişlər. ##.##.2025ci il tarixdə onun evinin sakini Nümayəndə Dövlət X6 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsinə yazılı müraciət edərək zədələnmiş kanalizasiya borularının bərpa edilməsini xahiş etmişdir. 2025-ci ilin may ayında idarə onlara rəsmi məktub verməklə bildirmişdir ki, yaşadıqları sahədə üç fərdi yaşayış evlərini aşkar etmiş və kanalizasiya borularının qonşu tərəfindən yararsız vəziyyətə gətirildiyi müəyyən edilmiş və yaranmış problemin çözülməsi üçün sakinlər qarşılıqlı razılığa gəlməli və əvvəlki kanalizasiya xətti bərpa olunmalıdır. Bundan sonra cavabdehlə danışıqlar aparsalar da razılığa gələ bilmirlər, nədə ki Səbail rayon Sukanal İdarəsinin əməkdaşlarına əvvəlki kanalizasiya xətlərinin bərpa edilməsinə imkan vermir, hər cür maneə törədir. Məcburiyyət qarşısında qalaraq o, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngə, Ə.Ağakişiyev küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evinə kanalizasiya xətlərinin çəkilməsinə hər hansı tərzdə maneə törədilməsinə cavabdeh Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cavabdehin yoldaşı onun əmisi olmuşdur. Kanalizasiya xəttini atası çəkib. Onun 47 yaşı var, ağlı kəsəndən o, həmin həyətdən gedib-gəlir. Xətti bir dəfə qardaşı düzəltmək istəyəndə cavabdeh polis çağırmışdır. Kanalizasiya xəttinin kəsilməsinə səbəb əmisinin Samirlə torpaq üstündə mübahisə etmələri olmuşdur. Dəfələrlə kanalizasiya xəttinin bərpası ilə bağlı tədbir görsələr də, hər dəfə cavabdeh çəkilişə mane olaraq polis çağırmışdır. “Şambo” məcburiyyət qarşısında tikilmiş, Badamdar sürüşkən zonadır, “sambo” sistemindən istifadə torpaq sürüşməsi ilə nəticələnə bilər. Alternativ kanalizasiya xəttinə qoşulma mümkün deyildir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, mübahisəli ev qaynatasından qalıb. Köhnə evdir. İddiaçı evi alqısatqı ilə qonşudan almışdır. Həmin evdən kanalizasiya xəttinə qoşulan boru mövcud olmamışdır, “Şambo”dan istifadə etmişlər, onlar tərəfindən kanalizasiya xətti bağlanılmamışdır. Kanalizasiya xəttinin onların həyətindən keçən xəttə qoşulmasına razı deyildir. Olmayan xəttə o, neçə mane ola bilər. Kanalizasiya xətti onun həyətindən keçir. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış üçüncü şəxsin nümayəndəsi X4 izahatında göstərmişdir ki, mübahisəli evlərə yerli baxış keçirilmiş, kanalizasiya xəttinin cavabdehin yaşadığı evin həyətindən keçməsi, cavabdeh tərəfindən borunun yararsız hala salınması müəyyən edilmiş, bu səbəbindən iddiaçı “sambo” sistemindən istifadə etmiş, ev küçə səviyyəsindən aşağı yerləşdiyi üçün alternativ kanalizasiya xəttinin çəkilməsi mümkünsüzdür, bu yalnız mövcud olmuş kanalizasiya xəttinin bərpası yolu ilə mümkündür. Yerində müayinə zamanı iddiaçının evindən cavabdehin həyətindən keçən kanalizasiya xəttinə qoşulan xəttin əvvəllər mövcud olması müəyyən edilmişdir. Həmin xətt hazırda bağlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1-ci döngə, Ə.Ağakişiyev küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evinə kanalizasiya xətlərinin çəkilməsinə (Cavabdeh yaşadığı evin həyətindən keçməklə) hər hansı tərzdə maneənin törədilməsinin cavabdeh Cavabdeh qadağan edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngədə yerləşən ümumi sahəsi 132,4 kv.metr olan **a saylı fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan evin qonşuluğunda yerləşən və cavabdehin yaşadığı evin həyətindən kanalizasiya şəbəkəsinə qoşulmaq üçün xətt gedir və xəttə yalnız cavabdehin yaşadığı mənzilin kanalizasiya borusu qoşulmuşdur. Əvvəllər iddiaçının mülkiyyətində olan evdən də çıxan kanalizasiya borusu cavabdehin yaşadığı evin həyətindən keçən kanalizasiya xəttinə qoşulmuş, həmin xətt cavabdeh tərəfindən sonradan bağlanılmış, bu hal cavabdehin özü tərəfindən də etiraf edilmişdir. Küçədən keçən kanalizasiya şəbəkəsinə yalnız cavabdehin yaşadığı evin həyətindən keçməklə qoşulma mümkündür. İddiaçının evindən alternativ kanalizasiya xəttinin çəkilməsi texniki cəhətdən mümkün deyildir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının evindən gedən və cavabdehin yaşadığı evin həyətindən keçən əvvəllər mövcud olmuş kanalizasiya xətti cavabdeh tərəfindən bağlandığından, bununla bağlı iddiaçı yalnız “sambo” sistemindən istifadə etmək məcburiyyətində qaldığından, iddiaçının mülkiyyətində olan evdən kanalizasiya şəbəkəsinə alternativ xəttin çəkilməsi mümkünsüz olduğundan, cavabdehin yaşadığı evin həyətindən keçən kanalizasiya xəttinin bərpası cavabdehin hər hansı bir hüququnun məhdudlaşdırılmasına səbəb olmadığından, qaldırılan iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.3, 152.4, 152.5, 157.4, 170.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsini 15, 25.1.4, 25.1.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “evə kanalizasiya xətlərinin çəkilməsinə maneənin aradan qaldırılması tələbinə dair” iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamə ilə təmin edilmiş, cavabdeh Cavabdeh İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi 1-ci döngə, Ə.Ağakişiyev küçəsi, 17 ünvanında yerləşən fərdi yaşayış evinə kanalizasiya xətlərinin çəkilməsinə (Cavabdeh yaşadığı evin həyətindən keçməklə) hər hansı tərzdə maneənin törədilməsinin qadağan edilməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Bildirilir ki, iddiaçı evi alqı-satqı ilə qonşudan almışdır. Həmin evdən kanalizasiya xəttinə qoşulan boru mövcud olmamışdır, "Şambo"dan istifadə etmişlər, onlar tərəfindən kanalizasiya xətti bağlanılmamışdır. Kanalizasiya xəttinin həyətdən keçən xəttə qoşulmasına qəti şəkildə razı deyildir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, zəruri keçid müəyyən edilərkən qarşılıqlı mənafelər nəzərə alınmaldır. Bundan başqa hakim sözügedən əraziyə baxış keçirməli kanalizasiya xəttinin çəkilib-çəkilməməsinin mümkünlüyünü aydınlaşdırmalı idi. Bildirilir ki, onun ərazisində tikililər mövcuddur. Tikililərin sökülmədən həmin xəttin çəkilməsi mümkünsüzdür. Həmin tikililərin sökülməsinə qəti etiraz edir. Başqa ərazidən kanalizasiya çəkilməsinin mümkünlüyü nəzərə alınmalı idi. Həmçinin bildirir ki, kanalizasiya xətti çəkilməsi üçün xxxx ona müəyyən bir nöqtə göstərməli və bunu öz hesabına həyata keçirilməli idi. Ona görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, orada onların heç bir kanalizasiya xətti olmayıb. O, istəmir ki, qonşunun kanalizasiya xətti onun həyətindən keçsin. Orada başqa yerdən kanalizasiyanın keçmək imkanı vardır. Ora əvvəllər heç baxış keçirilməmişdir. Orada kanalizasiya xətləri çoxdur. İki küçə var, onların həyətləri qabaq küçəyə baxır, qarşı tərəfin evi isə arxa küçəyə baxır. Onun üçün qəribədir ki, arxa küçədən kanalizasiya xətləri keçməsinə baxmayaraq, qarşı tərəf məhz onun həyətindən kanalizasiya xətti keçirmək istəyir. Qarşı tərəfdə kanalizasiya xətti olmayıb, ancaq quyudan istifadə etmişlər. Bu vaxta qədər heç kanalizasiya xətti çəkdirmək istəməyiblər. Həyətləri ümumi həyətdir, lazım bilmədiklərindən çıxarış almayıblar. Qarşı tərəf alqı-satqı yolu ilə, həmin həyətdən torpaq götürmüşdür. Qonşu hesab olunurlar. Qonşunun kanalizasiyası niyə onun həyətindən keçməlidir ki, həyət də dar həyətdir. Onların həyətindən ancaq öz kanalizasiya xətləri keçir, başqasının kanalizasiya xətti keçmir. Onların kanalizasiya xətləri isə küçəyə ümumi xəttə çıxır. Qarşı tərəflə onlar çəpər qonşusudurlar. İddiaçının həyəti onların həyətindən ayrıca həyətə ayrılıb. Qırx ilə yaxındır ki, orada yaşayır. Həmin evə gəlin köçmüşdür. Həmin ərazidə digər sakinlər kanalizasiya xətti çəkdiriblər. Onda sual yaranır ki, iddiaçı tərəf niyə kanalizasiya xətti çəkdirmək istəmir, ancaq xəttini onun yaşayış sahəsi üzrə kanalizasiya xəttinə birləşdirməkdə maraqlıdır. Onun mərhum əri bir müddət, təxminən 1-2 il olar ki, iddiaçı tərəfə onların kanalizasiya xəttinə qoşulmalarına icazə vermişdir. Daha sonra xətt yüklənmiş, ətrafa qoxu yayılmışdır. Hazırda dörd xətt birləşmişdir. Neçə ildir iddiaçı tərəfin kanalizasiya xətti yoxdur niyə şikayət etmirdi, həyat yoldaşı rəhmətə getdikdən sonra onu məhkəməyə vermişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndəsi (bacısı) Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdeh onun mərhum əmisinin həyat yoldaşıdır. Onlar bir həyətdə yaşayırlar. O, bu ünvanda doğulmuşdur. Hazırda 47 yaşı vardır. Oradakı kanalizasiya xəttini də babasının vaxtında atası tikmişdir. Kanalizasiya xətti keçən yer heç kimə məxsus deyildir, heç kimin mülkiyyətində deyildir. Ayaqaltı edilən yoldur, əvvəllər də o yoldan keçilmişdir. İndi də keçilir, ümumi yoldur. Sadəcə olaraq neçə il bundan əvvəl qardaşı Rusiyadan yoldaşını da götürüb Bakı şəhərinə gələrək evlənmişlər. Bundan sonra kanalizasiya xətlərini birləşdirilmiş, sonra arada başqa bir mülki problem olmuşdur. Əmisi acığa düşüb həmin kanalizasiya xəttini qırmışdır. Bu hadisə də hardasa 4-5 il olar baş vermişdir. Ata və anasının səhhəti ilə əlaqədar olaraq məsələnin üstünə düşə bilməmişdir. Qardaşı dəfələrlə kanalizasiya xəttini düzəltmək istəsə də hər dəfə cavabdeh ora polisləri tökdüyü üçün bu baş tutmamışdır. Kanalizasiyanın yoxluğu gərgin vəziyyət yaradır, evdə uşaq var, həyətdəki quyuya düşə bilər, başına bir iş gələ bilər. Bu zaman kim cavabdehlik daşıyacaqdır. Onların həyətləri ümumidir, qabaq hissədən giriş var, hansı ki, hamısı oradan istifadə edirlər. Sonradan arxa hissələr artırılmışdır. Ümumi həyətdir, hasarlarla ayrılmamış, onlardan başqa digər əmisigil də bu həyətdədir. Onların evə mülkiyyətlərini təsdiq edən sənədləri var, cavabdehin isə belə sənədi yoxdur. Kanalizasiya xətinin qırılan hissəsini qırıb atıblar. Əslində həmin xətti qıran tərəf bərpa etməlidir. “xxxx” ASC-nin əməkdaşları dəfələrlə bu barədə ona müraciət edərək xəbərdar etmişlər ki, şambo istifadə etmək olmaz. Çünki ətrafa nəmişlik verir və ətrafda qoxu olur. Kanalizasiyanın qırılan hissəsi şəxsi mülkin olduğu ərazidən keçmir, ayaqaltı hissədən keçir. İddiaçı həmin hissəsini şəxsi hesabına təmir etdirmək istəyir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, o, tərəflərin heç birini tanımır. Aprel ayında həmin yerə yerində baxış keçirilmişdir. Cavabdehin bir qohumu ilə də telefonla danışılmışdır. Cavabdeh onu orada necə ola bilərki görməsin? Çünki mobil nömrəni cavabdeh özü vermişdir, oda həmin nömrə ilə danışmışdır. Orada başqa bir alternativ xətt yoxdur, həyət çökəklikdə olduğu üçün başqa bir küçəyə kanalizasiya xətti çəkmək qeyri-mümkündür. Mümkün olsaydı idarə olaraq onlar kanalizasiya xətti çəkərdilər və heç bu problem də yaranmazdı. Yeganə yol odur ki, köhnə xətt bərpa olunmalıdır. Çünki onlarda şəkillər var ki, boru oradan çıxarılıb və orada həyətdədir. Onlar öz texniki vasitələri ilə küçədən məftil salmışlar və məftil evin kanalizasiya xəttinə qədər gəlmişdir. Oradan o, tərəfə getməmişdir. Odur ki, həmin kanalizasiya xətti yalnız öz yerinə bərpa olunmaqla çəkilə bilər. Küçələrdən kanalizasiya xətlərinin keçməsi ilə bağlı layihələr vardır. Həyətlərin isə layihələri yoxdur, çünki şəxsi mülkiyyət olduğu üçün onlara aidiyyəti yoxdur. Onlar küçədəki quyudan məftil salaraq, həmin məftil hara kimi gəlirsə onlar həmin məsafəni ölçürlər. Bu işdə də məftili salmışdırlar ki, sındırılan yerə qədər məftil gəlmişdir. Deməli bu kanalizasiya xətti ora kimi işləyir. Turba da elə orada idi. Başqa alternativ yol yoxdur. Çünki Badamdar qəsəbəsi sürüşmə zonasıdır. Onlar bütün şambo sistemlərini ləğv etməyə çalışırlar. Alternativ yol həm də ona görə yoxdur ki, kanalizasiya sistemi yuxarıdan aşağı getməlidr, altdan yuxarı gedə bilməz. Ona görə də, həmin kanalizasiya xəttinin digər küçəyə qalxması qeyri-mümkündür. Hər rayonun özünün sukanal idarəsi vardır. Ona görə də, bu rayon üzrə də istismar onlardadır. Həyətdən küçə quyusuna qədər ancaq bir çıxış vardır. Həyətdə artıq 3 yer birləşir, 5 yer birləşir, bu onlara aid deyildir. Oradakı evlər sənədsiz evlərdir. Onlar aktları və texniki şərtləri ancaq sənədi olan evlərə verirlər. İddiaçıya isə texniki şərt verilməmişdir. Çünki ev çoxdanın tikilisidir, o vaxt texniki şərt yox idi. Əraziyə dəfələrlə baxılıb orada alternativ xətt çəkmək mümkün deyildir. Mövcud xətt bərpa edilərək təmir olunmalıdır. Şambo quyudur, tökülən suyun axan yeri yoxdur, maşınla su çəkilərək qurudulur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 31.Təhlükəsiz yaşamaq hüququ İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. II. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ İ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Maddə 41. Sağlamlığın qorunması hüququ İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II.Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən, qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 1-ci döngədə yerləşən ümumi sahəsi 132,4 kv.metr olan **a saylı fərdi yaşayış evinin qonşuluğunda yerləşən cavabdeh Cavabdeh yaşadığı evin həyətindən kanalizasiya şəbəkəsinə qoşulmaq üçün xətt gedir və xəttə yalnız cavabdehin yaşadığı mənzilin kanalizasiya borusu qoşulmuşdur. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən həyətdə üç fərdi yaşayış evi mövcuddur, iddiaçı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin kanalizasiya xətti faktiki olaraq yoxdur, bu səbəbdən həmin evdə şambodan istifadə olunur. Araşdırma zamanı həmçinin müəyyən olunmuşdur ki, əvvəllər iddiaçının mülkiyyətində olan evdən də çıxan kanalizasiya borusu cavabdehin yaşadığı evin həyətindən keçən kanalizasiya xəttinə qoşulmuş, həmin xətt cavabdeh tərəfindən sonradan bağlanıldığından, iddiaçı şambodan istifadə etmək məcburiyyətindədir. Belə ki, iddiaçının evindən alternativ kanalizasiya xəttinin çəkilməsi texniki cəhətdən mümkün deyildir. Cavabdeh apellyasiya şikayətində iddiaçının alternativ kanalizasiya xəttindən istifadə edə bilmək imkanın olmasını bildirsə də, etirazında istinad etdiyi bu halı təsdiq edəcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, araşdırma zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, **/**** nömrəli rəyindən də müəyyən olunur ki, mövcud kanalizasiya xətti (işlək olan) ünvan 3 ünvanında yerləşən iddiaçı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə kanalizasiya xətti həmin ünvanda yerləşən cavabdeh Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsindən keçir. İşlək vəziyyətdə olan kanalizasiya xəttindən yalnız cavabdeh istifadə edir. Azərbaycan Dövlət X6nin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Səbail rayon Sukanal İdarəsinin ##.##.2025-ci il tarixli məktubundan isə müəyyən olunur ki, Ə.Atakişiyev ** saylı ev ünvanında küçə və həyət kanalizasiya xətləri yoxlanarkən bu ünvanda bir həyətdə üç fərdi yaşayış evinin mövcud olduğu və bu evlərdən yalnız birinin kanalizasiya şəbəkəsinə qoşulduğu, digər iki evin isə qonşu tərəfindən borunun yararsız hala salınması səbəbindən “şambo” qurğusundan istifadə edildiyi müəyyən olunmuş, iki fərdi yaşayış evinin küçə səviyyəsindən aşağı nöqtədə yerləşdiyindən alternativ kanalizasiya xəttinin çəkilməsi texniki cəhətdən mümkün deyildir. Kollegiya qeyd edir ki, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib kollegiya belə qənaətə gəlir ki, iddiaçının evindən gedən və cavabdehin yaşadığı evin həyətindən keçən əvvəllər mövcud olmuş kanalizasiya xətti cavabdeh tərəfindən bağlandığından, nəticədə iddiaçı yalnız “sambo” sistemindən istifadə etmək məcburiyyətində qaldığından, “sambo” sistemindən istifadə iddiaçının eyni zamanda digər qonşuların sağlam, təhlükəsiz mühitdə yaşamaq hüququna maneələr yaratdığından, iddiaçının mülkiyyətində olan evdən kanalizasiya şəbəkəsinə alternativ xəttin çəkilməsi mümkünsüz olduğundan, cavabdehin yaşadığı evin həyətindən keçən kanalizasiya xəttinin bərpası cavabdehin hər hansı bir hüququnun məhdudlaşdırılmasına səbəb olmadığından apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Cavabdeh Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat Məhkəmə Ekspetizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar