Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5144/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-1918/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, onunla cavabdehin birgə nikahından doğulmuş övladlarının – xx.xx.2009-cu il təvəllüdlü Əlinin və xx.xx.2011ci il təvəllüdlü Əvəzin yetkinlik yaşına çatana kimi saxlanması üçün, hər ay, hər uşağa görə cavabdehdən onun xeyrinə tutulan 193 manat (cəmi 386 manat) sabit pul məbləğində alimentin artırılaraq hər uşağa görə 220 manat (cəmi 440 manat) sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, nikahından doğulmuş hər iki uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Xəzər Rayon Məhkəməsi alimentin həmin məbləğdə müəyyən edərkən “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsaslanmışdır ki, həmin Qanunun tələbinə görə, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, ölkə ərazisində qiymətlər artmışdır. Buna görə də, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, uşaqların yaşı artıqcan, uşaqlarının tələbatları da artır və hər uşağa görə 193 manat məbləğində aliment uşaqların xərclərini ödəmir. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, cavabdehdən onun xeyrinə hər ay tutulmalı olan sabit alimentin məbləği artırılmalı və hər uşağa görə 220 manat məbləğində müəyyən edilməlidir. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması prinsipini, iş üzrə tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də işin konkret halları nəzərə alındıqda müəyyən edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş vermədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Bundan başqa Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, vətən müharibəsinin iştirakçısı olan cavabdeh 80 manat məbləğində pensiya alır. c) apellyasiya şikayəti barədə məlumat
5. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Lakin işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Bundan başqa iddianın rədd edilməsi üçün Rayon Məhkəməsi cavabdehin yalnız 80 manat məbləöində pemsiya almasını əsas götürsə də, nəzərə almamışdır “N” saylı hərbi hissədə illərdir ki mayor vəzifəsində xidmət edir və ayda 1.400 manat məbləğində əmək haqqı alır. Amma kirayədə yaşayan və hər kirayə haqqı ödəyən iddiaçı heç yerdə işləmir və iki övladını dolandırmağa çalışır. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin verdikləri izahatlar barədə məlumat
7. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, hazırda maddi vəziyyəti uşaqların xərclərini qaşılamağa kifayət etmir, cavabdeh isə müəyyən edilmiş alimenti vaxtında ödəmir.
8. Cavabdeh, işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir.
10. Belə ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən (İş № 2(003)-1918/2022) görünür ki, həmin qətnamə ilə hazırki iş üzrə iddiaçı ilə hazırki iş üzrə cavabdehin arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, nikahından doğulmuş hər iki uşağın hazırki iş üzrə iddiaçının yanında saxlanılması, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
11. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin miqdarının artırılmasını və hər uşağa görə 220 manat, cəmi isə 440 manat məbləğində müəyyən edilməsini xahiş edir.
12. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, alimentin məbləğinin artırılması üçün əsas yoxdur, çünki məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iş üzrə tərəflərdən hər hansı birinin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməmişdir.
13. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı bildirir ki, işə baxmış Rayon Məhkəməsi “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanunun tələbini, yəni 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil etməsini nəzərə almamşdır.
14. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (maddə 78.1.). Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (maddə 78.2.). Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxs tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (maddə 112.1.).
15. Qeyd edilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Lakin nəzərə alınmalıdır ki, uşaqların qayğısına qalmaq onların maddi və mənəvi tələbatının təmin etmək, hüquq və mənafelərinin mühafizə etmək valideynlərin borcudur.
16. Həmçinin nəzərə alınmalıdır ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi 2(003)- 1918/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixdə qətnamə qəbul edən zaman “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsaslanaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan alimentin məbləğini 193 manat məbləğində müəyyən etmişdir. Çünki həmin Qanunun görə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat təşkil edirdi. Lakin hazırda qüvvədə olan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanuna görə, 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir.
17. Eyni zamanda nəzərə alınmalıdır ki, uşaqlar böyüdükcə uşaqların xərcləri artır. Belə olan halda, məhkəmə qətnaməsi ilə müəyyən edilən məbləğdə alimentin tutulması (193 manat) uşaqların artmış tələbatlarını təmin etməyəcək. f) apellyasiya baxışının nəticəsi
18. Odur ki şərh olunanları, MPM-nin 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir.
19. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla apellyasiya məhkəmələrinin mülki kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. MPM-nin 112-ci maddəsinin mənasina görə, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, hazırki iddianın qiyməti ((440 – 386) x 12=) 648 manat təşkil edir.
20. Beləliklə yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 iyun 2023-cü il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı irəli sürdüyü “məhkəmə qətnaməsi əsasında tutulan alimentin məbləğinin artırılması tələbi barədə” iddiası təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qətnaməsi (İş № 2(003)-1918/2022) ilə Cavabdeh İddiaçı xeyrinə 2 uşağın – xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat müəyyən edilsin. Bu məbləğdə aliment 29 avqust 2023-cü il tarixdən tutulsun. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.