Məhkəmə qərarları › İş №2(103)-5146/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5146/2020

28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5146/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı qızının nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-110/2020 nömrəli qətnaməsindən İddiaçı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı qızı Cavabdeh1 qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 da cavabdeh qismində cəlb edilməsini, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllə, 22C ünvanmda yerləşən ümumi sahəsi 511.6 kv.m olan əmlak kompleksi kimi müəssisə və ümumi sahəsi, 0,1511 ha olan torpaq sahəsi ilə bağlı cavabdehlər arasında bağlanmış xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və onun əsasında Cavabdeh2 adına verilmiş RX seriyalı, ******* saylı xx.xx.2019-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh1 180.000 ABŞ dolları borcun, borcun vaxtında qaytarılmamasına görə 37.440 ABŞ dolları faizin, 20.000 manat mənəvi və maddi ziyanın, hüquqi yardıma görə ödənilmiş 3000 manatın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-110/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh1 180000 (yüz səksən min) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc, hüquqi yardıma görə 50 (əlli) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı qızına ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı qızı apellyasiya şikayəti verərək, qətnamənin “iddia ərizəsi qalan hissədə təmin edilməsin” hissəsində ləğv edilməsini və iddianın tamamilə təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh1 mülkiyyətində, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3014-cü məhəllədə yerləşən 0,3022 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 976,6 kv.metr, əsas sahəsi 774,5 kv.metr, köməkçi sahəsi 202,1 kv.metr olan əmlak kompleksi kimi müəssisədə (ticarət mərkəzinin) ½ hissəsi vardır. Cavabdeh1 dəfələrlə iddiaçıya vədlər verirdi ki, o, həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisələrini başa çatdırandan dərhal sonra həmin əmlakı sataraq onun borcunu qaytaracaq və yaxud qeyd edilən əmlakı borc müqaviləsi üzrə öhdəliyinin təminatı kimi iddiaçının ipotekasına qoyacaq. Birinci instansiya məhkəməsində hazırki işin araşdırması zamanı məlum olmuşdur ki, birinci Cavabdeh1 tam mülkiyyət üzrə ümumi sahəsi 511.6 kv m olan Bakı şəhəri, Nəsimi rayonu, Ali Mustafayev küçəsi, 3014-cü məhəllə, Alı Mustafayev küçəsi, 22C ünvanında yerləşən əmlak kompleksini və ümumi sahəsi 0.1511 ha olan torpaq sahəsini 32 saylı notariat ofisin xüsusi notariusu tərəfindən 4Ə-37 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən oğlu Cavabdeh2 bağışlamışdır. Bu əqdi bağlayarkən Cavabdeh1 iddiaçı qarşısında götürdüyü 180 000 ABŞ dolları məbləğində borcunu hələ qaytarmamışdır və həmin əqdin bağlanması vasitəsilə birinci cavabdehin adına qeydiyyata alınmış, iddianı təmin etmək üçün dəyəri yetərli olan yeganə daşınmaz əmlakı öz adından qeydiyyatdan çıxarmışdır. Halhazırda birinci Cavabdeh1 adına heç bir daşınmaz əmlak qeydiyyatda yoxdur. Hazırki işdə mübahisləndirilən müqavilə İddiaçı qızının qanuni mənafeyinin pozulması üçün şərait yaratmışdır. Belə ki, Cavabdeh1 iddiaçıya bildirmişdir ki, bağışlama müqaviləsinin obyekti olmuş əmlak üzərində məhkəmə mübahisəsi yekunlaşdıqdan sonra həmin əmlakı sataraq borc götürdüyü pulu geri qaytaracaq və yaxud qeyd edilən əmlakı borc müqaviləsi üzrə öhdəliyinin təminatı kimi iddiaçının ipotekasına (girovuna) qoyacaq. İddiaçı sübut etmişdir ki, onun mübahisələndirdiyi əqd iddiaçının hüquqlarına toxunur. Birinci cavabdehin xüsusi mülkiyyətində olan, adına qeydiyyata alınmış yeganə daşınmaz əmlakı öz adından çıxarmaqla qəsdən özünün ödəmə qabiliyyətini aşağı salmışdır, gələcəkdə ondan borcun tutulmasını çətinləşdirmişdir. Eyni zamanda nəzərə almaq lazımdır ki, birinci cavabdeh məhs həmin daşınmaz əmlakın satılması vasitəsilə borcun qaytarılması haqqında dəfələrlə iddiaçıya vədlər vermişdir. Faktiki olaraq, birinci cavabdeh bu əmlakı ikinci cavabdehə bağışlamaqla iddiaçıya verdiyi vədləri pozmuşdur, iddiaçını aldatmışdır. Birinci cavabdeh həmçinin iddiaçıya vədlər vermişdir ki, adına olan daşınmaz əmlakı sata bilmədikdə onu borcun qaytarılması üzrə öhdəliyinin təminatı kimi iddiaçının ipotekasına (girovuna) qoyacaq. Lakin birinci cavabdeh bu vədini də pozmuşdur, yenə də iddiaçının aldatmışdır. İddianın təmin edilməsi üçün cavabdehin qeyd edilən daşınmaz əmlakı üzərinə Yasamal rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(0040-4176/2019 saylı qərardadı ilə həbs qoyulmuşdur. Qərardaddan narazı qalan birinci cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətinin əsası kimi qeyd etmişdir ki, birinci Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Ali Mustafayev küçəsi, 3014-cü məhəllə, Alı Mustafayev küçəsi, 22C ünvanında yerləşən ümumi sahəsi 511.6 kv m olan əmlak kompleksini oğlu Cavabdeh2 bağışlamışdır və xx.xx.2019-cu il tarixdə birinci cavabdehin oğlu Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydə alınmışdır. Cavabdeh1 üzərinə həbs qoyulmuş əmlakın qanunla onun mülkiyyətində olmadığı halda məhkəməyə hüququnun müdafiəsi üçün müraciət etməsi və həmin həbsin götürülməsini xahiş etməsi ona dəlalət edir ki, əslində Cavabdeh1 daşınmaz əmlakı oğluna bağışlaması haqqında müqavilə uydurma əqdir. Bu əqd ilə Cavabdeh1 iddiaçıdan aldığı borcun qaytarılmasını əngəlləmək istəmişdir. Cavabdeh1 qəsdən mülkiyyətində olan daşınmaz əmlakı öz adından qeydiyyatdan çıxarmışdır ki, iddiaçıya olan külli miqdarda borcunu qaytarmasın, həmin borcun tutulmasının qeyd edilən əmlaka yönəldilməsini əngəlləsin və borc götürdüyü külli miqdarda pulları mənimsəsin. Hazırki mülki iş üzrə müqavilədə borcun gecikdirilməsi halında faizlərin hesablanması nəzərdə tutulmamışdır, lakin qanuna əsasən borcun üzərinə faizlərin hesablanması müəyyən olunmuşdur. Belə halda məhkəmə, cavabdeh tərəfindən borcun vaxtında qaytarılmamasına görə 37.440 ABŞ dolları faizlərin ödənilməsini təmin etməlidir. Məhkəmə iclasında İddiaçı qızının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətində göstərilənləri müdafiə etdi və eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, kredit müqaviləsi bağlandığı dövrdə əmlakdakı payı Cavabdeh1 ayrıca mülkiyyətində olmadığından sonuncu iddiaçıya məhz bağışlanan əmlakını satıb kredit borcunu qaytaracağına söz verə bilməzdi. Əmlak bağışlanan zaman isə iddiaçının cavabdehə qarşı hansısa iddiası yox idi. Bundan başqa, cavabdeh iddiaçıya aldığı borca görə qırx-əlli min manat ödəmişdir. Ona görə iddiaçının cavabdehdən əlavə faiz istəməsi düzgün deyildir. İşə baxılması vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, borc verən İddiaçı qızı ilə borc alan Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə borc verən borc alana 180.000 ABŞ dolları borc vermiş, borc alan isə krediti xx.xx.2018-ci il tarixədək qaytarılmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi və iddianın təmin edilməyən hissədə təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, iddiaçının apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının apellyasiya şikayəti üzrə iddianın təmin edilməyən hissəsində yoxlanılmalı, iddianın təmin edilən hissəsinə və cavabdehlərə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddianın təmin edilməyən hissəsi üzrə tələbin faktiki əsası(faktiki hallar) tələbin həmin hissələrinin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. İkincisi, Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən mübahisələndirilən bağışlama müqaviləsi görünüş üçün bağlanan uydurma əqd hesab oluna bilməz. Çünki, uydurma əqd mütləq etibarsız (puç) əqd olmaqla hüquqi əhəmiyyət kəsb etmir və hüquqi nəticə doğurmur. Uydurma əqd odur ki, bu əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti ilə deyil, yalnız görünüş üçün bağlanılır. Bu əqdlərin arxasında hüquqi əhəmiyyətə malik olan hər hansı hərəkət durmur və onu bağlamaqla tərəflər başa düşür və dərk edirlər ki, həmin əqd üzrə hər hansı hüquqi nəticə, yəni onlar üçün hüquq və vəzifələr əmələ gəlmir. Əqd iştirakçıları bununla bir növ hüquqi görünüş yaradaraq tam başqa məqsəd güdürlər. Özü də bu məqsəd bir qayda olaraq hüquqazidd xarakter daşıyır. Mübahisələndirilən bağışlama müqaviləsinin uydurma əqd olduğunu yalnız iddiaçı iddia edir. Müqavilənin tərəfi olan şəxslər isə bu müqaviləni hansısa formada heç vaxt mübahisələndirməmişdir. Demək ki, bu əqdin arxasında hüquqi əhəmiyyətə malik olan hərəkət durmuş və onu bağlamaqla tərəflər başa düşüb və dərk ediblər ki, həmin əqd üzrə hüquqi nəticə, yəni onlar üçün hüquq, vəzifə və öhdəlik əmələ gələcək. Göründüyü kimi, bağışlama müqaviləsini bağlamaqla müqavilə tərəflərinin başqa hüquqazidd xarakter daşıyan məqsəd güdməsi təsdiq olunmur. Üçüncüsü, tərəflər arasında kredit müqaviləsi bağlanarkən və bu müqavilənin müddəti bitdikdən sonra da bağışlanan əmlak Cavabdeh1 tam mülkiyyətində olmamışdır. Düzdür, bununla bağlı məhkəmə mübahisəsi davam edirdi. Cavabdeh1 əmlakı satıb kredit borcunu qaytaracağını söz verməsi təsdiq olunsa belə bu hal bağışlama müqaviləsinin etibarsızlığı üçün əsas ola bilməz. Çünki, qeyd olunan əmlak bağışlanarkən kredit müqaviləsinin tərəfləri arasında bununla bağlı məhkəmə mübahisəsi mövcud deyildi. Borcla bağıl iddia bağışlama müqaviləsi bağlandıqdan 5 ay sonra qaldırılmışdır. Buna görə də Cavabdeh1 borc öhdəliyini yerinə yetirməkdən yayınmaq, qərəzli boyun qaçırmaq məqsədi güdməsi və bağışlama müqaviləsinin formal xarakter daşımaqla uydurma (əhəmiyyətsiz) əqd olması sübuta yetirilməlidir. Bu halları sübut etmək yükü isə iddiaçı tərəfin üzərinə düşür. Lakin iddiaçının gətirdiyi dəlillər mötəbər hesab edilə bilməz. Bundan əlavə əmlak bağışlanan vaxt hər hansı bir məhkəmə aktı yaxud icra sənədi olmamasına baxmayaraq başqa sözlə hansısa şəxs qarşısında gələcəkdə yarana biləcək öhdəliyə görə hansısa şəxsə, o cümlədən cavabdehə öz əmlakı üzərində sərəncam verməyi necə qadağan etmək olar? Əlbətdə ki, bu cür yanaşma şəxsin mülkiyyəti üzərində sərəncam vermək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilər ki, bu da konstitusion prinsipin pozulması ilə nəticələnər. Dördüncüsü, hazırki iddianın borcun vaxtında qaytarılmamasına görə 37.440 ABŞ dolları faizin təmin olunması hissəsi o vaxt ədalətli olardı ki, cavabdeh öhdəliklərin icrasından qərəzli olaraq boyun qaçırsın, borcunu ödəməmsi ilə əlaqədar hər hansı bir maneələr yaratsın, yəni real pul vəsaiti olduğu halda, bunu ödəməsin. Lakin işdən cavabdehin bu hallara yol verməsi görünmür. Buna görə də, hazırki iddianın bu hissəsinin təmin edilməsi cavabdehin onsuz da real pul vəsaitini ödəmək iqtidarında olmayan vəziyyətini bir qədər də ağırlaşmasına səbəb ola bilər. Çünki, cavabdehin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Göstərilənlərlə yanaşı, iddiaçı cavabdehin onun pul vəsaitini qanunsuz saxlaması, onun qaytarılmasından boyun qaçırması, eləcə də pul vəsaitindən qanunsuz istifadə etmə nəticəsində faydalanmasına dair də məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Cavabdehin Mülki Məcəllənin 449-cu maddəsinə əsasən, eləcə də vurulmuş ziyana görə mülki hüquqi məsuliyyət daşıması üçün qeyd olunan hallar və real ziyan vurulması iddiaçı tərəfindən sübuta yetirilməlidir. Beşincisi, iddiaçı apellyasiya şikayətinin nəticə hissəsində iddianın təmin edilməyən hissəsinin ləğv edib, iddianın tam təmin edilməsini xahiş etsə də, şikayətin məzmununda iddia tələbinin təmin edilməyən digər hissələrinin əsaslılığı barədə hansısa bir dəlil göstərmir. Bu hal onun qətnamənin bu hissəsi ilə ümumən razı olduğuna dəlalət edir. Buna baxmayaraq, nə qədər ki, ümumi şəkildə olsa da şikayətin nəticə hissəsində bu xahiş nəzərdə tutulub, apellyasiya instansiya məhkəməsi bu hissələrlə bağlı da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, bu hissələrdə də məhkəməninin qənaəti düzgün olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə mübahisələndirilən hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı qızının apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-110/2020 nömrəli qətnaməsi İddiaçı qızının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar