Məhkəmə qərarları › İş №2(103)-515/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-515/2020

30.07.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-515/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkil X1, Cavabdeh işitrakı ilə İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi və müəyyən hərəkətlərə qadağa qoyulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi və müəyyən hərəkətlərə qadağa qoyulması” tələblərinə dair iddiası təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 mənzil 37 ünvanında yaşayan Cavabdeh, həmin binanın birinci mərtəbəsindəki 5 saylı mənzilinə dəfələrlə su axıdılması nəticəsində bərbad vəziyyətə gətirilməklə, iddiaçıya vurduğu ziyana görə 500 manat, 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, həmçinin cavabdehə ikinci mərtəbədəki ümumi açıq keçid meydançasında əkliklərin və dibçəklərin yığışdırılması, onların suvarılmasına qadağanın qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 mənzil 5 ünvanında binanın birinci mərtəbəsində 1973-cü ildən yaşayır və mənzilin üstündə ikinci mərtəbə 37-ci mənzildə yaşayan qonşusu olan iş üzrə Cavabdeh müxtəlif hərəkətləri nəticəsində, həmçinin qəsdən iddiaçının mənzilinə su axıdılması ilə, həmin evdə yaşadığı bütün dövr üzrə, sonuncu dəfələrlə maddi və mənəvi ziyan çəkmiş, hal-hazırda da çəkməkdədir. Dəfələrlə cavabdehə edilən xatırlatmalar və müraciətlər heç bir nəticə vermir. Əksinə cavabdeh qonşulara qarşı öz davranışını düzəltmək əvəzinə, hörmətsiz və nalayiq hərəkətləri ilə iddiaçıya qarşı xuliqanlıq hərəkətləri ilə o dərəcəyə çatdırmışdır ki, münasibətlər olduqca kəskinləşmişdir. Dəfələrlə ona qarşı müxtəlif orqanlara müraciətlər edilsə də, cavabdehin davranışı həm iddiaçıya qarşı, həm də ətrafdakı qonşulara qarşı yaxşılığa doğru dəyişməmişdir. Cavabdehin dəfələrlə yuxarıdan iddiaçının mənzilinin içərisinə və giriş hissəsinə su axıdılması nəticəsində iddiaçının mənzilinin tavanı, divarları və döşəmənin divara yaxın hissələri təmirsiz və bərbad vəziyyətə düşmüşdür ki, mənzilin kosmetik üsulu ilə təmirinə zəruri ehtiyacı vardır. Bundan başqa cavabdeh ikinci mərtəbədəki ümumi açıq keçid meydançasında əklikləri və dibçəkləri qoyaraq, həmçinin suvararaq suyu aşağı həyət hissəsinə, yəni iddiaçının üstünə tökdüyündən iddiaçı ziyan çəkir. Sonuncu dəfə cavabdeh edilən edilən xəbərdarlıqlara məhəl qoymayaraq iddiaçının mənzilinə bu ilin mart ayının əvvəllərində su axıdılmış və bundan öncə Səbail rayonunun 9 saylı MKİS ümumi açıq keçid meydançasında cavabdeh tərəfindən götürülmüş əkliklərin və dibçəklərin suyu aşağı həyət hissəsinə, yəni iddiaçının üstünə tökülməsindən narazılığını bildirsə də, hələ xx.xx.2017-ci il tarixli məktubu ilə cavabdehlə olan mübahisənin yalnız məhkəmə yolu ilə həll olunacağını bildirmişdir. Cavadehin hərəkətləri nəticəsində iddiaçının mənzilinə vurulan ziyan iddiaçı tərəfindən hal-hazırda tikinti materiallarının, ustanın zəhmət haqqının ölçülməsi ilə orta hesabla 500 manat miqdarında dəyərləndirilir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbləri təmin edilməmişdir. İddiaçı səlahiyətli nümayəndəsi apellyasiya şikayəti verərək Səbail rayon Məhkəməsinin xx xxxx 2009-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayətlə razılaşmayaraq rədd olunmasını xahiş edən cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Səbail rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 9 saylı MKİSnin xx.xx.2017-ci il tarixli, 53 nömrəli məktubunda M.Muxtarov 9-cu binanın 5 saylı mənzilinin birinci mərtəbəsində yaşayan İddiaçı şikayəti ilə bağlı baxış keçirildiyi və baxış zaman ikinci mərtəbənin dam hissəsindən gələn yağışın su borusu ilə ümumi həyətə töküldüyünü mübahisələndirdiyi qeyd olunur. İkinci mərtəbənin ümumi açıq keçid meydançasında Cavabdeh tərəfindən qoyulmuş əklilərin sulayan vaxtı suyun aşağı hissəsinə tökülməsinə İddiaçı öz etirazını bildirmiş, əkliklərin götürülməsini təkid etmişdir. Cavabdeh isə birmənalı olaraq öz narazılığını bildirmişdir. MKİS-nin rəhbərliyi bildirir ki, bunu ancaq məhkəmə yolu ilə həll etmək olar. Mülki iş materiallarında olan Səbail rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 9 saylı MKİS tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktda göstərilmişdir ki, M.Muxtarov küçəsi 9 saylı evin 5-saylı mənzilinə baxış keçirildiyi zaman mənzilin təmirə ehtiyacı olduğu müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin 9-cu PB-nin xx.xx.2015-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən vətəndaş İddiaçı qonşusu Cavabdeh tərəfindən ölümlə hədələnməsinə dair ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan, iddiaçının istinad etdiyi xx.xx.2019-cu il tarixli aktdan Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 9 saylı evin 5 saylı mənzilinin təmirə ehtiyacı olduğu qeyd edilsə də, həmin ünvanda yerləşən mənzilə suyun axıdılması, qeyd edilən zərərin Cavabdeh tərəfindən, yəni Cavabdeh hüquqazidd hərəkəti (yaxud hərəkətsizliyi) və təqsiri nəticəsində vurulması təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olan 9 saylı Mənzil-kommunal İstismar sahəsinin nümayəndələri (mühəndis və bələdçilər) tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktda mənzilin təmirə ehtiyacı olduğu qeyd edilsə də, mənzilin təmirə ehtiyacının yaranmasına səbəb olan hallar aktda göstərilməmişdir. Göründüyü kimi, həmin aktda da göstərilən zərərin məhz cavabdeh tərəfindən vurulması birbaşa təsdiq olunmamışdır. Həmçinin həmin aktla hüquqa zidd əməlin olması (suyun mənzilə axıdılması) da təsdiqlənmir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi mübahisənin hüquqi həlli üçün mübahisəli mənzilin yerləşdiyi ünvanda yerli baxış təyin etmiş və yerli baxış zamanı MM-in 1096.1-ci və 1097.1-ci maddələrinin tətbiqi üçün vacib olan dispozisiya şərti- mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə də aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 27787 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 9 saylı evin 37 saylı mənzil iddiaçının 5 saylı mənzilinin üst mərtəbəsində yerləşməsinə baxmayaraq həmin mənzillər biri birinin üstündə yerləşmədiyini və mənzillər arasında digər mənzillərin yerləşdiyini, eyni zamanda iddiaçının 5 saylı mənzilinin (dəhliz, mətbəx tikilisinin) üst hissəsi binanın ikinci mərtəbə səviyyəsində olan ümumi istifadədə olan açıq eyvan yerləşdiyini nəzərə alaraq Cavabdeh məxsus 37 saylı mənzildən 5 saylı mənzilə suyun axmadığı müəyyən edilmişdir. Qeyd olunmuşdur ki, Bakı şəhəri, Səbail rayonu, M.Muxtarov küçəsi 9 saylı evin 5 saylı mənzilin mətbəx-dəhliz tikilisində yaranmış qüsurlar ümumi istifadədə olan açıq eyvana yığılan təbii çöküntülərdən əmələ gəlməsi ehtimal olunur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırkı işdə iddiaçının mənzilinə suların axması nəticəsində vurulmuş ziyanın cavabdehin təqsiri nəticəsində vurulması halı sübutlarla təsdiqlənməmiş və bu səbəbdən cavabdehin delikt öhdəliyi çərçivəsində məsuliyyətə cəlb olunması əsaslı sayıla bilməz. Həmçinin iddiaçı tərəfindən ona dəymiş zərərin məhz cavabdehin təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində vurulmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Halbuki, mülki-prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı hal-hazırda hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddiaçının iddia tələbini əsaslandıra və bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edə bilmədiyiyindən, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar