Məhkəmə qərarları › İş №2(103)-5152/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5152/2022

29.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5152/2022 29.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Mustafayev, iş № 2(001)-1081/22) İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun tanınması tələbinə dair ilk iddiası təmin edilməmiş, Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilmişdir. İddiaçı qətnamədən 05 may 2022-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. İşdə olan elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsi iddiaçının və nümayəndəsinin iştirakı ilə elan edilmiş, 17 mart 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş 1 aylıq prosessual müddət ötürülməklə daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən halda prosessual müddətin, yəni apellyasiya şikayəti vermə müddətinin axımının əvvəli 17 mart 2022-ci il tarixdən, yəni qətnamənin iddiaçının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə yerləşdirildiyi vaxtdan hesablanmalıdır. Əslində, qeyd olunan hallar apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə xx.xx.2022-ci il tarixli qərardadında da öz əksini tapmış olsa da, məhkəmə nədənsə onları nəzərə almamış və müddətin buraxılmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (128.1.). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (130.1.). Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır (130.3.). Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (360). Məhkəmə kollegiyası hesab edir ki, yaranmış vəziyyət işə cavabdehin şikayəti əsasında apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də qətnamədən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363, 364, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 mart 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar