Məhkəmə qərarları › İş №2(103)-5155/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5155/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5155/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: borcun ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında şərikli biznes fəaliyyəti göstərmək barəsində razılaşma olmuş, onlar qazanc əldə etmək üçün müəyyən işlər görmüşlər.

2. 050 *** ** ** mobil telefon nömrəsi Cavabdeh məxsusdur, həmin nömrə və “X3”a məxsus mobil nömrə arasında xx.xx.2020-xx.xx.2022-ci il tarixləri dövründə çoxsaylı yazışmalar aparılmışdır.

3. “Chevrolet Cruze” markalı **-BY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə etibarnamə əsasında Cavabdeh istifadəsinə verilmiş (xx.xx.2030-cu il tarixədək), xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən 17 500 manata X1, müvafiq alqı-satqı müqaviləsini İddiaçı imzalamışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

4. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehdən 7500 (yeddi min beş yüz) manat pulun və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumunun, yəni cəmi 7595 (yeddi min beş yüz doxsan beş) manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 28 aprel 2020-ci il tarixdə cavabdeh ondan müştərək ticarət adı ilə 24 691 (iyirmi dörd min altı yüz doxsan bir) manat pul almış, bu vəsaitdən hissə-hissə 17 691 (on yeddi min altı yüz doxsan bir) manatı geri qaytarmış, lakin qalan 7000 (yeddi min) manat pulu hələ də qaytarmamışdır. Əlavə olaraq, satış məqsədilə aldıqları 2015-ci il buraxılışlı, dövlət qeydiyyat nişanı **-BY- *** olan “Chevrolet Cruze” markalı avtomobili keçmiş iş yoldaşı İmanov Naibə sataraq, avtomobilin satışından ona çatacaq 500 (beş yüz) manat vəsaiti də qaytarmamışdır. 18 iyul 2022-ci il tarixdən dəfələrlə cavabdehdən ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu tələb etmiş, həmin dövrdə o, pulunun olmadığını, lakin ünvan 1 ünvanında yerləşən evləri satıldıqdan sonra qaytaracağını bildirmişdir. Amma evinin satılmasına, özünün də ticarətlə məşğul olmasına baxmayaraq 2023-cü ilin iyun ayından pulu qaytarmayacağını bildirmişdir. Borcla bağlı cavabdehlə votsap yazışmaları da vardır. Bir sözlə, cavabdeh etibarından sui-istifadə edərək, dələduzluq yolu ilə onu aldatmış və nəticədə ziyan vurmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmiin olunmasını xahiş etmişdir.

7. Cavabdeh məhkəməyə gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, həmin dövlət işçisi ilə, yəni İddiaçıla şərikli iş görmüşdür, lakin ona heç bir borcu yoxdur. Nə iş görmüşlərsə, eyni məbləğdə işə pul qoymuşlar. Hətta qeyri-rəsmi şəriki İddiaçı onun həyat yoldaşının təsis etdiyi şirkətin peçatını və çek kitabçasını yoldaşını aldadaraq ondan oğurlayıb. Əksinə, şərikli satmaq məqsədi ilə gətirdikləri “Chevrolet Cruze” avtomobili Anarın adına rəsmiləşdirilib və satışı özü edib. Deməli İddiaçı ona borcu var, çünki avtomobili 17 000 manata satıb və ona pulun yarısını ödəməyib.

8. Birinci instansiya məhkəməsinin 05 iyun 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

9. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:

9.1. İddia tələbi cavabdehdən 7500 manat pul məbləğinin alınaraq iddiaçıya ödənilməsi barədədir, İddiaçı Cavabdeh ona borc kimi verdiyini qeyd etdiyi 24 691 manat məbləğindən qalan 7000 manatı və “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin satışından ona çatmalı olan 500 manat vəsaiti tələb edir, iddiaçı öz tələbinin əsası kimi votsap yazışmalarını məhkəməyə təqdim etmişdir, həmin yazışmalar “X3” və “+994 50 362 07 03” arasında olmaqla xx.xx.2020-xx.xx.2022-ci il tarixləri aralığını əhatə edir, cavabdeh iddia tələbini qəbul etmir, əksinə iddiaçının ona borclu olduğunu qeyd edir. Bununla belə, cavabdehin iddia tələbi ilə bağlı hər hansı öhdəliyinin mövcudluğuna dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. 9.2. İddia tələbi sübutetmə yükü ilə bağlıdır. Belə ki, iddiaçının tələb etdiyi borc məbləği ilə bağlı tərəflər arasında hər hansı bir əqdin (müqavilənin) olmadığı və cavabdehin “iddiaçı ilə ortaqlı iş görmələri və bunun nəticəsində iddiaçının ona borclu olması” barədə dəlillər sürdüyü bir vəziyyətdə, iddiaçı, əvvəla, Cavabdeh 24691 manat borc verməsi və bunun nəticəsində cavabdehin ona 7000 manat borcunun qalması, ikincisi, “Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin satışından ona 500 manat borcun qalması hallarına dair sübutetmə vəzifəsi yaranır. Lakin iş materiallarından da göründüyü kimi iddiaçı buna dair mötəbər sübutları məhkəməyə təqdim etməmiş, belə hallar isə məhkəmə tərəfindən müəyyən olunmamışdır. Əksinə, Chevrolet Cruze” markalı nəqliyyat vasitəsinin sahibinin İddiaçı olması müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir. 9.3. Məhkəmə, iddiaçının məhkəməyə təqdim etdiyi votsap yazışmalarına münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, mötəbər, həqiqiliyi şübhə doğurmayan, əsaslı şübhədən kənar, digər hallar ilə təkzib edilməsi mümkün olmayan sübutlar nəzərə alınmalıdır, iddiaçının təqdim etdiyi həmin yazışmalardan isə cavabdehin iddiaçıya hər hansı borcunun olması ilə bağlı əsaslı faktlar müəyyən edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş votsap yazışmaları iddia tələbini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz.

10. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 14.1-ci, 14.2-ci, 16.1-ci, 386.1-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 89.1-ci, 89.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarına istinad etmişdir.

11. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahat

13. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə məhkəməyə gəlməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

15. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

18. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

19. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

21. Maddə 739.1. (24 fevral 2023-cü il tarixli 822-VİQD saylı Qanunla edilən dəyişiklikdən əvvəlki redaksiyada). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. (24 fevral 2023-cü il tarixli 822-VİQD saylı Qanunla edilən dəyişiklikdən əvvəlki redaksiyada). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

23. Maddə 740.1. (24 fevral 2023-cü il tarixli 822-VİQD saylı Qanunla edilən dəyişiklikdən əvvəlki redaksiyada). Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

24. Maddə 740.2. (24 fevral 2023-cü il tarixli 822-VİQD saylı Qanunla edilən dəyişiklikdən əvvəlki redaksiyada). Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

26. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

27. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

30. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

38. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

39. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

40. İşin müəyyən olunmuş halına görə, tərəflər arasında xarici ölkələrdən avtomobillərin gətirilməsi və onları satmaqla qazanc əldə etmək barədə razılaşma olmuş, həmin razılaşma çərçivəsində onlar “Chevrolet Cruze” markalı avtomobili Azərbaycan Respublikasına gətizdirmiş, avtomobil iddiaçının adına qeydiyyata alınmış, sonradan iddiaçının özü tərəfindən satılmışdır.

41. İddiaçının iddia tələbini əsaslandırdığı faktiki hal ondan ibarətdir ki, müvafiq razılaşma çərçivəsində müəyyən biznes fəaliyyətlərini həyata keçirmişlər, bu fəaliyyət çərçivəsində ölkəyə gətirdikləri “Chevrolet Cruze” markalı avtomobili satan cavabdeh avtomobilin satışından sonra ona ödəməli olduğu 500 manatı ödəməmiş, həmçinin ondan aldığı borcdan 7000 manatı qaytarmamışdır.

42. İddiaçının irəli sürdüyü sözügedən faktiki hallarla əsaslandırılan iddia tələbinin qanuni əsası kimi isə mülki qanunvericiliyin öhdəlik (müqavilə) münasibətləri, həmçinin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı qeyd olunmalıdır ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.

43. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 28-33).

44. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 31) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdehin ona 7500 manat ödəməli olduğunu sübut edə bilməmişdir.

45. Belə ki, tərəflər arasında borc münasibətlərinin mövcudluğu ümumiyyətlə müəyyən olunmur; əksinə, iddiaçının özünün bildirdikləri belə münasibətin mövcudluğunu istisna edir.

46. İddiaçının istinad etdiyi “WhatsApp” yazışmalarına münasibətdə kollegiya qeyd edir ki, birincisi, həmin yazışmalar cavabdehlə “X3” arasında aparılmışdır; digər tərəfdən, həmin yazışmaların məhz tərəflər arasında aparıldığı qəbul olunsa belə, bu hal iddia tələbinin müvafiq hissədə əsaslı olduğu qənaətinə gəlmək üçün kifayət etmir.

47. Belə ki, iddiaçı cavabdehin ondan 28 aprel 2020-ci il tarixdə 24 691 (iyirmi dörd min altı yüz doxsan bir) manat pul aldığını, həmin məbləğdən 17 691 (on yeddi min altı yüz doxsan bir) manatı geri qaytardığını və 7000 (yeddi min) manat borcu qaldığını irəli sürür - “WhatsApp” yazışmalarında 7000 manat borcdan bəhs olunsa da, həmin yazışma xx.xx.2022-ci il tarixində aparılmışdır və sözügedən 7000 manatın iddiaçının ona qaytarıldığını bildirdiyi 17 691 manata daxil olması ehtimalı da vardır.

48. “Chevrolet Cruze” markalı avtomobil isə bilavasitə iddiaçının özü tərəfindən satılmaqla müvafiq alqı-satqı müqaviləsini də iddiaçı özü imzalamışdır.

49. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3391/2024 saylı iş üzrə 05 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar