Məhkəmə qərarları › İş №2(103)-5158/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5158/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5158/2024 07.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-712/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli sadə yazılı formada bağlanmış borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 150.000 (yüz əlli min) ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh 150.000 ABŞ dolları məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında işgüzar və yaxın münasibətlər mövcüd olduğundan 2016-ci il tarixdə cavabdeh iddiaçıya müraciət edərək i lə bağlı ona borc pul lazım olduğunu bildirmişdir. İddiaçı yaxın münasibətlərini nəzərə alaraq Cavabdeh 150000 ABŞ dolları məbləğində borc pul vermişdir. Bununla əlaqədar olaraq xx.xx.2016-cı il tarixdə aralarında borc müqaviləsi imzalanmışdır. Cavabdeh xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilməmiş, borc bu günə qədər tam şəkildə ödənilməmişdir

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-712/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 150.000 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia əsaslıdır. Çünki tərəflər arasında yazılı borc müqaviləsi bağlanmışdır və cavabdeh xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürsə də bugünədək borcu qaytarmamış, öhdəliyini pozmuşdur. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin etirazı ilə bağlı qeyd etmişdir ki, nə qədər ki, cavabdehin iddiaçıdan 150.000 (yüz əlli min) ABŞ dolları borc aldığını qəbul etmişdir, həmin borcun tam və ya qismən qaytarılmasını sübut etmə vəzifəsi məhz cavabdehin üzərinə düşür. Cavabdeh isə bununla bağlı heç bir sübut təqdim etməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1,442, 739, 740.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2. 77.1, 119.1, 217.4, 216-220,233,360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)-712/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə və iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayətində göstərilmişdir ki, onun maraqlarına toxunduğundan o, yəni Maraqlı şəxs bu qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada almışdır. Həmin qətnamə əsasında əldə olunmuş icra vərəqəsinə əsasən, guya qətnamə əsasında iddiaçı tərəfindən borc qaytarılmışdır. Həmin borcun yarısını Cavabdeh iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək ondan tələb edir. Halbuki, həmin iddianın əsasən olmuş əqd qanunvericilik əsasında bağlanılmamışdır, bu əqd yalançı əqddir. Belə ki, Yasamal Rayon Məhkəməsi iddiaçı ilə onun arasında birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair qətnamə qəbul etmişdir, bu qətnamə qüvvəsini almış, lakin hal-hazırki dövrədək icra edilməmişdir. Apellyasiya şikayəti verdiyi hazırki iş üzrə cavabdeh olan şəxs onun keçmiş həyat yoldaşıdır, iddiaçı isə onun yaxın rəfiqəsidir. Yuxarıda sözügedən birgə nikah dövründəki əmlakların xüsusən Bakı şəhərində yerləşən mənzilin yarıbayarı bölünməsi hissəsində Yasamal Rayon Məhkəməsinin qətnaməsinin icrasına maneə yaratmaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxs Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, əmlakın bölünməsi ərəfəsində belə bir iddia qaldırılıb.

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

13. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli qərarı

“...3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq, belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra – Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. 3.17. Məhkəmə təcrübəsində ər-arvadın ümumi əmlakdakı paylarına süni təsir etmək üçün uydurma borc müqaviləsinin bağlanması, bununla bağlı məhkəmədə qaldırılmış iddianın və ya iddiaçının əsaslandığı faktların etiraf edilməsi hallarına rast gəlinir. Belə mübahisələrə baxılarkən ər-arvadın hüquq və vəzifələrinə dair məsələ onların hüquqlarının pozulması ilə nəticələnə bilərsə, məhkəmə Mülki Prosessual Məcəllənin 57.1-ci maddəsinə əsasən həmin şəxsləri müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi işdə iştirak etməyə cəlb edə bilər. 3.18. Qeyd olunan işlər üzrə cavabdeh olan ər (arvad) tərəfindən iddia və ya iddiaçının tələblərini əsaslandırdığı faktlar etiraf edildikdə, habelə kreditorla (kreditorlarla) borcalan arasında barışıq sazişi bağlandıqda məhkəmələr Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddianın cavabdeh tərəfindən etiraf edilməsinin və tərəflərin barışıq sazişinin qanuna zidd olub-olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozub-pozmadığına, yaxud Mülki Prosessual Məcəllənin 106.4-cü maddəsinə əsasən faktın işin hallarının gizlədilməsi məqsədi ilə etiraf olunmasına xüsusi diqqət yetirməlidirlər. Bu cür halların mövcudluğu müəyyən edilərsə, belə hərəkətlər qəbul olunmamaqla, mübahisəyə mahiyyəti üzrə baxılması davam etdirilməli və ya həmin faktlar ümumi qaydada sübut edilməlidir. 3.19. Nəzərə alınmalıdır ki, qeyd olunan mübahisələr üzrə iddianın predmeti borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı olduğundan, alınmış vəsaitin ailənin ümumi ehtiyaclarına sərf edilib-edilməməsi üzrə araşdırmanın aparılması tələb olunmur. Bu baxımdan həmin iş üzrə qəbul edilmiş məhkəmə aktında bununla bağlı hal müəyyən edilməməlidir, edildiyi halda isə ər-arvad arasında ümumi əmlak bölgüsünə dair mübahisələrdə hər hansı preyudisial əhəmiyyətə malik olmadığı nəzərə alınmalıdır.”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırki halda maraqlarına toxunan şəxsin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İşin halları ilə müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh 150.000 (yüz əlli min) ABŞ dolları məbləğində borc vermiş, Cavabdeh isə xx.xx.2019-cu il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür.

20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən borcun ödənilmədiyini əsas gətirərək, Cavabdeh 150.000 ABŞ dolları məbləğində pulun tutulmasını xahiş etmişdir.

21. Cavabdeh isə borca müəyyən məbləğdə ödəniş etdiyini və iddiaçıya borcun əvəzində avtomobil verdiyini bildirmişdir.

22. Məhkəmə iddia tələbini təmin etmişdir.

23. İddiaçı icra şöbəsinə xx.xx.2023-cü ildə ərizə ünvanlayaraq 17 fevral 2023-cü il tarixdə borcun cavabdeh tərəfindən tam şəkildə ödənildiyi qeyd etmişdir.

24. Hazırda cavabdehin keçmiş əri qətnamədən apellyasiya şikayəti vermişdir.

25. Apellyasiya şikayətinə əlavə edilmiş Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2776/2022 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, Maraqlı şəxs ilə Cavabdeh arasında xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Səadət Sarayında 1019 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2007-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında qalması (saxlanılması) müəyyən edilməsi və birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 72 nömrəli evin, 28 saylı mənzilinin ½ hissəsinə iddiaçı Maraqlı şəxs, digər ½ hissəsinə isə Cavabdeh mülkiyyət hüququ müəyyən edilməklə bölünməsi, Cavabdeh "xxxx" MMC, "xxxx" MMC VƏ "xxxx" MMC-də olan təsis payının ½ hissəsinə iddiaçı Maraqlı şəxs, ½ hissəsinə isə Cavabdeh payı müəyyən edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.

26. İddiaçı ilə cavabdeh arasında bağlanan xx.xx.2016-cı il tarixli müqavilənin tarixi Maraqlı şəxs ilə Cavabdeh nikahda olduğu dövrə təsadüf edir. Bu səbəbdən də kollegiya hesab edir ki, qətnamə Maraqlı şəxs tərəfindən mübahisələndirilə bilər.

27. Lakin apellyasiya şikayətinin dəlili odur ki, Cavabdeh Maraqlı şəxs ilə nikahda olduğu dövrdə borc götürülməmişdir. Cavabdeh həmin borcun yarısını ondan tələb edir. Bu səbəblə müqavilə etibarsız hesab edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalıdır.

28. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin e-2(004)-712/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi Maraqlı şəxs üçün preyudusial xarakter daşımır. Belə ki, qətnamədə bir cümlə belə qeyd olunmayıb ki, Cavabdeh borcu ailə ehtiyacı üçün götürüb. Əksinə iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlə arasında işgüzar və yaxın münasibətlər mövcüd olub. Cavabdeh iddiaçıya müraciət edərək işlə bağlı ona borc pul lazım olduğunu bildirmişdir.

29. Maraqlı şəxs apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, hazırki əqd yalan əqddir.

30. Borcun məbləğinin 3000 manatdan artıq olmasını nəzərə alaraq Kollegiya qeyd edir ki, tərəflər qanunun tələbinə müvafiq olaraq yazılı qaydada müqavilə bağlamışlar. Borcun verilməsi cavabdeh tərəfindən etiraf edilmişdir. O cümlədən, qətnamənin tam icra olunması iddiaçı tərəfindən təsdiq edilmişdir.

31. Kollegiya hesab edir ki, mübahisə predmeti olan müqavilənin tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə müqavilə bağladığı müəyyən olunmur. Çünki nə iddiaçı, nə də cavabdeh borcun cavabdehin ailə öhdəlikləri ilə əlaqədar götürməsinə istinad etməmişlər.

32. Kollegiya bir daha qeyd edir ki, hazırki qətnamə ilə müəyyən edilən faktlar Cavabdeh Maraqlı şəxs qarşı pul tələbinə dair iş üzrə preyudusial xarakter daşımır. Cavabdeh tələbi ümumi qaydada sübut olunmalıdır.

33. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-712/2023 nömrəli, xx.xx.2023cü il tarixli dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən cavabdeh rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar