Məhkəmə qərarları › İş №2(103)-5160/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5160/2021

02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5160/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-763/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07 may 2019-cu il tarixli 2(002)-1222/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh 27 yanvar 2016-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əmək haqqından qazancının (başqa gəlirlərinin) ¼ ( dördə bir) hissəsi miqdarında aliment tutularaq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayon məhkəməsinin 12 may 2017ci il tarixli 2(002)-1173/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 27 yanvar 2016-cı il təvəllüdlü X1 atası olması faktının müəyyən edilməsi, 27 yanvar 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Qaradağ rayon məhkəməsinin 07 may 2019-cu il tarixli 2(002)-1222/2019 saylı qətnaməsinə əsasən alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir. Lakin cavabdeh alimentini vaxtlı vaxtında ödəmir.Cavabdeh H.Əliyev adına aeroportda işləməklə əməkhaqqı alır.Əmək haqqı daimi və dəyişməzdir. Ona görə də alimentin cavabdehin əmək haqqına yönəldilməsini istəyirəm. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-763/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 27 yanvar 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1222/2019 saylı 07.05.2019-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, Cavabdeh İddiaçı xeyrinə 27 yanvar 2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən bir uşağa görə hər ay cavabdehin əmək haqqının ¼ (dördə bir) hissəsi miqdarında alimentin tutulması qət edilmişdir (sədrlik edən: Günay Həşimova). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-763/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində cavabdehin aliment ödənişləri barədə heç bir söz etmir və cavabdeh barədə məhkəmədə məsuliyyətsiz, aliment öhdəliklərindən yayınan şəxs obrazı yaratmaq istəyir. Halbuki cavabdeh övladının saxlaması üçün vaxtı vaxtında aliment ödəmişdir. Baxmayaraq ki, 07.05.2019-cu il tarixli, 2(002)-1222/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı 160 (yüz altımış) manat miqdarında müəyyən edilmişdir, cavabdeh heç bir məhkəmə qətnaməsi olmadan 170 (yüz yetmiş) manat aliment ödəmişdir. Bununla da iddiaçı 2020-ci ildə alimentin artırılması ilə bağlı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmamışdır. Eyni zamanda iddiaçı göründüyü kimi alimentin miqdarının dəyişdirlməsinin zəruriliyini sadəcə cavabdehin daimi əmək haqqı alması ilə əlaqələndirir. Yəni, alimentin artırılmasını yeganə səbəbi cavabdehin stabil maaş almasıdır. Bu cür formal tələbin irəli sürülməsi absurddur. Halbuki alimentin artırılmasının səbəbi uşaqla (uşağın məsrəflərinin və s. artması) bağlı olmalıdır. X2 ilə nikahdan 2011-ci il təvəllüdlü X6 doğulmuşdur və onunla ailə münasibətləri baş tutmadığından boşanmışlar. Nikah pozulan zaman qızı X5 yetkinlik yaşına çatanadək saxlanması üçün gəlirlərinin 4/1 hissəsinin tutularaq X3 ödənilməsi qət edilmişdir. O da hal hazırda aliment alır. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə bamayaraq cavabdeh kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1222/2019 saylı 07 may 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1173/2017 saylı 12 may 2017-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, 27 yanvar 2016-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçının xeyrinə bir uşağa görə hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ № 979645 seriyalı doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflərin 27 yanvar 2016-cu il təvəllüdlü X7 adlı bir yetkinlik yaşına çatmayan uşaqları vardır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında göstərmişdir ki, “1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.

2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment məbləğinin artırılması ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment məbləğinin artırılması) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment məbləğinin artırılması ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment məbləğinin artırılması tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: - aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; - aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; - aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; - alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Kollegiya işin hallarını, apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdıraraq, qanunvericiliyin qeyd edilən normalarının tələblərini rəhbər tutmaqla hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə doğru nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, cavabdehdən daha əvvəl məhkəmə qətnaməsinə əsasən 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin, hazırda cavabdeh işləyin və onun daimi qazancı vardır. Belə olan halda, Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə, 1 uşağa görə hər ay qazancın (başqa gəlirin) 4/1 hissəsi məbləğində aliment tutulur. Yəni, hazırki halda, cavabdehdən Ailə Məcəlləsinin tələblərinə əsasən sabit pul məbləği şəklində alimentin tutulması üçün əsaslar mövcud deyildir. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-763/2021 saylı, 01.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar