Məhkəmə qərarları › İş №2(103)-5160/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5160/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5160/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X3 ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 04 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-381/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X4 ananın yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay, hər uşağa görə ayda 100 manat məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh "xxxx" MMC-də İstehsalat şöbəsində çalışır və aylıq əmək haqqı ümumi vergilər və digər tutulmalar daxil olmaqla 350 (üç yüz əlli) manat əmək haqqı alır.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Babək Rayon Məhkəməsinin 2(079)-381/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün tutulan 100 manat aliment miqdarının artırılaraq, hər ay, hər uşağa 200 (iki yüz) manat, cəmi 660 manat sabit pul məbləğində müəyyən edilməsi və mediasiya xidməti üçün ödədiyi 51 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, tutulmuş aliment uşaq böyüdükcə artan xərclərinə kifayət etmir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1591/23 saylı iş üzrə 25 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia qismən təmin edilmiş, alimentin miqdarı artırılaraq 120 manat müəyyən edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, diqqətəlayiq olan digər halları nəzərə alaraq hazırki halda cavabdehdən uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 120 ( yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulmasını ədalətli və ağlabatan hesab etmişdir.

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsi, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

7. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin alimentin artırılması hissəsində dəyişdirilməsini və iddianın həmin hissədə tam təmin olunmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən övladlarının hazırlıqları, məktəb xərcləri, onların saxlanması üçün nəzərdə tutulan digər xərclər, onların sağlamlıq imkanlarına dair ifadərləri araşdırılmamışdır. Digər övladlarının hazırlıqları, məktəb xərcləri, onların saxlanması üçün nəzərdə tutulan digər xərclər onların saxlanılmasına yetmir. Özü isə xəstəliyi ilə əlaqədar müailəcə aldığından uşaqlarını saxlamaqda çətinlik çəkir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ailə Məcəlləsi

12. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın alimentin məbləği hissəsində mübahisələndirildiyindən, cavabdeh isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın alimentin məbləği ilə bağlı hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qismən əsaslı sayır, hesab edir ki, birinci instansiya məhkəməsi iddianı alimentin tutulması hissəsində təmin etməklə qanuni və əsaslı nəticəyə gəlsə də, tutulmuş alimentin məbləğinə münasibətdə qətnamə əsaslandırılmamışdır.

16. Belə ki, birinci instansiya məhkəməsi alimentin məbləğini hər uşaq üçün 20 manat artırmışdır ki, bu məbləğ uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan da aşağı olmaqla uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət deyildir.

17. Məhkəmə kollegiyası uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması şərtini, tərəflərin maddi vəziyyətini, alimentin 3 uşaq üçün ödənildiyini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə ilə cavabdehdən iddiaçının xeyrinə tutulmuş alimentin məbləği aylıq hər uşağa görə 160 manat müəyyən edilməlidir.

18. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

19. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

20. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.3, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 may 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə - alimentin məbləği hissəsində dəyişdirilsin və alimentin miqdarı hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar