Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5165/2020 29.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlundan (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3, Cavabdeh nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, 29 oktyabr 2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 iyun 2014-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan Səid adlı övladları doğulmuşdur. İlk günlər cavabdehlə münasibətləri yaxşı olmuş, sonralar münasibətləri pozulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, uşağın saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsində göstərilən məbləğdən əlavə uşağın saxlanılması üçün heç bir maddi yardım etmir. Hazırda ərzaq, təsərrüfat malları, geyim əşyaları və müxtəlif xidmət növlərinin qiymətləri dəfələrlə artmışdır. Azyaşlı uşağın normal və sağlam təminatı üçün 150 manat kifayət deyildir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 02 mart 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddiasının təmin olunmasını xahiş edən iddiaçı şikayətini belə əsaslandırmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normalarının tələblərini pozmuş, uşaqlar üçün yaşayış minumumunun 170 manat müəyyənləşdirildiyini nəzərə almamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə izahatında qeyd etmişdir ki, cavabdeh hazırda yeni ailə həyatı qurub və onun yeni qurduğu ailədən uşağı var. Həmçinin 2-ci qrup əlil olan anası onun himayəsindədir. Kollegiya izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli, 2(002)-4538/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Cavabdeh X5 qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 10.06.2014-cü il tarixdə 3 saylı Bakı «ASAN xidmət» Mərkəzi qeydiyyat şöbəsində 887 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 29.10.2015-ci il təvəllüdlü X8 anası X2 yanında saxlanılmış, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 08 sentyabr 2017-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq X5 verilməsi, qətnamənin alimentin tutulmasına dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Hazırkı iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə onun xeyrinə cavabdehdən 150 manat aliment tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını və uşağın ehtiyaclarının səviyyəsini əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm uşaq böyümüş və ehtiyacları artmış, həm də uşaqlar üçün müəyyənləşdirilmiş yaşayış minumumu 2020-ci il üçün artırılaraq 170 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin sabit pul məbləğində 170 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin məbləği artırılaraq 170 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-637/2020 saylı iş üzrə 02 mart 2020-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 08.09.2017-ci il tarixli qətnaməsi ilə 29.10.2015-ci il təvəllüdlü X1 üçün müəyyənləşdirilmiş aliment məbləği artırılsın və adı çəkilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün sabit pul məbləğində 170 (yüz yetmiş) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Ziya Şirinov Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-5165/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5165/2020
29.07.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver