Məhkəmə qərarları › İş №2(103)-5167/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5167/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5167/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İmsayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh LPO “xxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi barədə mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.02.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-123/2021 saylı 19 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh LPO “xxxx” ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh LPO “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh LPO Dəmir Bank ASC ilə ilə iddiaçının arasında bağlanmış 20.11.2014-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış əsassız olan 3084.12 manat qalıq borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 20.11.2014-cü il tarixdə cavabdeh olan LPO xxxx ASC-dən 36 ay müddətinə, 24% ilə 7650 (yeddi min altı yüz əlli ) ABŞ dolları məbləğində, şəxsi istehlak üçün kredit götürmüşdür. Kredit götürdüyü dövürdə ABŞ dollarının kursu 0.78 manat idi. 2014-cü ildə ödəniş-300 ABŞ dolları, 2015-ci ildə 2781 ABŞ dolları, 2016, 2017, 2018, 2019-cu illər üzrə ödəniş ümumilikdə 3262 ABŞ dolları təşkil edibdir. Ümumilikdə tərəfindən LPO olan xxxx ASC-yə kredit müqaviləsi üzrə 6343 ABŞ dolları pul ödənişi etmişdir. Bu ödənişlə təkcə 0.78 kurs ilə deyil, həm də 1.05, 1.54, 1.70 kursu ilə də baş vermişdir. Bu ödənişlərin tərkibinə kreditin faizi, dəbbə pulu, (penya, cərimə) da daxildir. X4 Əliyevin əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədi ilə imzaladığı möhtəşəm 28 fevral 2019-cu il tarixli, fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı kasıb və aztəmiantlı əhalinin vəziyyətinin yaxşılaşdırlmasına yönəldilmiş iqtisadi dəyişim aktı idi. Həmin Fərmana uyğun olaraq cavabdeh LPO xxxx ASC keçmiş Maliyyə Bazarlarına nəzarət Palatasına təqdim edilmiş məlumatlar əsasında keçmiş palata ona 3084.12 manat əsas borc məbləği hesablamışdır. Sual olunur ki, 4400 ABŞ dolları götürdüyü halda və həmin pulu tam məbləğdə faizləri ilə birgə ödədiyi halda necə olubdur ki, keçmiş MBN Palatasına təqdim edilmiş məlumatda cavabdeh LPO xxxx ASC iddiaçıya 3084.12 manat kredit borcu hesabladır, özü də əsas borc kimi? İddiaçıda bütün ödəniş qəbzləri olmaqla bərabər, həmin qəbzlərin kötükləri cavabdeh LPO xxxx ASC-də də vardır. Hansı əsasla və hansı məntiqlə ona əlavə, əsası olmayan kredit borcu yazılır? LPO xxxx ASC bunu iddia edərkən gecikmələrə görə hesabladığı faiz və dəbbə pullarını irəli sürür tələb olaraq. Lakin bu doğru iddia deyil və həqiqəti əks etdirmir. Bir daha xatırladır ki, iddiaçı kredit ödənişi tam edilmişdir. Belə olan halda cavabdeh LPO bank ləğv edilmiş MBN Palatasına ABŞ dollarının 1.70 kurus ilə rəqəmlər təqdim edibdir. Ləğv edilmiş Palata isə 01 mart 2019-cu il tarixinə hesablanmış 3084.12 manat kredit borcu üzrə restrukrizasiya tətbiq etməyi təklif edibdir. Halbuki, müqavilə üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirmişdir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir. İddiaçı İbrahimov X2 rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib,şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi, iddiaçı ödədiyi pulları bank onun əsas borcundan deyil, öz nəfinə uyğun olaraq, cərimə, penya, faiz borcuna yönəltiyini bildirmişdir. Bu da Prezidentin Problemli Kreditlərlə bağlı verdiyi 28.02.2019-cu il tarixli Fərmana uyğun deyil. “xxxx” Bərdə filialı Maliyyə Bazarlarına Nəzarət Palatasına şişirdilmiş rəqəm təqdim etdiyi üçün kompensasiya çıxıldıqdan sonra borcu 3084 manat qalıb. İşin hallarından görünür ki, “xxxx” ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında 20.11.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə görə kredit alan illik faiz dərəcəsi 24% olmaqla 36 ay müddətinə 7650.00 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan ödəniş qrafikində alınmış kredit vəsaitlərinə ödənilməli olan faizin həcmi 3157,13 ABŞ dolları məbləğində nəzərdə tutulmuşdur. Kredit müqaviləsinin 2.5-ci maddəsinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 48 (qırx səkkiz) % dərəcəsi ilə, aylıq isə 4,00 (dörd) % dərəcəsi ilə faiz hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. “xxxx” ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında 20.11.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesablanmış borc məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 04.06.2020-tarixli, 9/586 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 6381,76 ABŞ dolları, faiz borcu üzrə 1629,35 ABŞ dolları hesablanmışdır. “xxxx” ASC («kredit verən») ilə İddiaçı («kredit alan») arasında 20.11.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə hesablanmış borc məbləği Məhkəmə Ekspertizası Mərkəzinin 12.01.2021-ci tarixli, 9/3955 saylı ekspert rəyinə əsasən əsas borc üzrə 6381,76 ABŞ dolları, faiz borcu üzrə 1629,35 ABŞ dolları hesablanmışdır. Hazırki ekspertiza tədqiqatı zamanı hesabdan çıxarışdan göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı AZN hesabına 3250,72 manat məbləğində kompensasiya ödənilmişdir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi İddiaçı tərəfindən 20.11.2014-cü il tarixdən 01.03.2019-cu il tarixədək aldığı kredit vəsaitinə görə “xxxx" ASC-yə cəmi 6346,56 ABŞ dolları məbləğində ödəniş aparılmışdır . Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi” Qaydasının 3.3-cü bəndinə əsasən, devalvasiya nəticəsində fiziki şəxsin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq (artan məzənnə fərqi) kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılandığı hallarda, dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkilatının və ya ləğvetmə prosesində olan kredit təşkilatının qarşıladığı hissə qədər azaldılır. Həmin fiziki şəxslərin siyahısı, habelə kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı tərəfindən qarşılanan məbləğ müvafiq kredit təşkilatı, ləğvetmə prosesində olan kredit təşkilatlarına münasibətdə isə ləğvedici funksiyalarının həvalə olunduğu şəxs tərəfindən Palataya təqdim edilir. Göründüyü kimi, Fərmanın təsir dairəsinə düşən kredit müqaviləsi üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisələndirilən iddia tələblərinə də Fərmanda nəzərdə tutulan güzəştlər tətbiq olunmuşdur. Belə ki, ekspert rəylərindən də göründüyü kimi, iddiaçnın cari hesabına 3250,72 manat məbləğində kompensasiya ödənilmişdir. İddiaçı bəhs edilən Fərmana əsasən ona kompensasiya ödənildikdən sonra cavabdeh banka hər hansı borcunun qalmadığını bildirsə də, keçirilmiş hər iki ekspertizanın nəticələrinə əsasən müəyyən edilmişdir ki, 01.03.2019-cu il tarixə iddiaçının 6381,76 ABŞ dolları məbləğində banka əsas borcu olmuşdur. Habelə qeyd olunur ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hal “4400 ABŞ dolları götürdüyü halda və həmin pulu tam məbləğdə faizləri ilə birgə ödədiyi halda necə olubdur ki, keçmiş MBN Palatasına təqdim edilmiş məlumatda cavabdeh LPO xxxx ASC iddiaçıya 3084.12 manat kredit borcu hesabladır, özü də əsas borc kimi?” mövcud deyildir. Tərəflər arasındakı 20.11.2014-cü il tarixli müqavilədən göründüyü kimi, iddiaçı 4400 ABŞ dolları məbləğində deyil, 7650 ABŞ dolları məbləğində kredit götürmüşdür, eyni zamanda həmin krediti illik 24 faiz dərəcəsi ilə 300.21 aylıq annunitetlə ödəməli olduğu halda öz öhdəliklərini lazımi qaydada icra etməmişdir ki, bunun nəticəsində də əsas borcu 01.03.2019-cu il tarixə 6381,76 ABŞ dolları həcmində olmuşdur. Bununla belə, tərəflər arasındakı kredit müqaviləsi üzrə borc Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın təsir dairəsinə düşmüşdür. Müvafiq olaraq da iddiaçının banka olan borcundan silinmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar