Məhkəmə qərarları › İş №2(103)-5167/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5167/2023

23.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5167/2023 23.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququnun tanınması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Hafiz oğlunun iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-865/2023 nömrəli 10 may 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2 Məmmədəli oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi isə əvvəlcə - bu iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə X8 xüsusi mülkiyyətində olmuşdur. Sonradan evin mülkiyyətçisi dəyişmiş, xx.xx.2023-cü il tarixdə Cavabdeh ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bu səbəbdən cavabdeh X14 əsl Cavabdeh ilə əvəz edilmişdir.

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır. İddiaçı1 1984-cü ildə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 14 A ünvanına gəlin köçmüş, İddiaçı2 isə 1985-ci ildə həmin evdə doğulmuşdur. Hər iki iddiaçı hazırda da həmin evdə yaşayırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X13 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı1 1984-cü ildən və İddiaçı2 isə doğulduğu vaxtdan, yəni 1985-ci ildən hazırkı vaxtadək ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki: “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsi, ev 14 ünvanında yerləşən ev mərhum qaynatam İddiaçı2 Məmmədəli oğlunun adına, ünvan 4 ünvanında yerləşən ev isə qaynım X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilmiş və hal-hazırda onun mülkiyyətindədir. X5 xx.xx.1984-cü ildə X15 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşam. 1984- cü ilin iyun ayından hal-hazırkı vaxtadək daimi olaraq Bakı şəhəri, ünvan 5 ünvanında yaşayıram. Lakin qeydiyyata alınan zaman texniki səhv olaraq şəxsiyyət vəsiqəmdəki ünvan 14A əvəzinə 14 kimi göstərilmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəmi dəyişmək istəyən zaman bu anlaşılmazlığın aradan qaldırılmasına cəhd göstərsəm də, mənə 14A saylı ünvanın mülkiyyətçisinin cavabdeh X18 olması, həmin şəxsin yazılı razılığı olmadan mənim 14A saylı ünvana qeydiyyata alınmağımın mümkünsüz olması bildirilmişdir. İddiaçılar olaraq onlar, yəni X9 1984-cü ildən və İddiaçı2 isə doğulduğu vaxtdan yəni 1985-ci ildən hal-hazırkı vaxtadək Bakı şəhəri, ünvan 6 ünvanında yaşayırlar. Dəfələrlə cavabdehə müraciət edərək onlara ünvanın dəyişdirilməsinə köməklik göstərməsini xahiş etsələr də, bunun nəticəsi olmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. İddiaçıların istifadə hüququnun tanınmasını xahiş etdiyi evin mülkiyyətçisi dəyişdiyindən iddia ərizəsində cavabdeh kimi göstərilmiş X18 əsl Cavabdeh ilə əvəz edilmişdir.

6. İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək iddia ərizəsində istifadə hüququnun tanınması tələb olunan yaşayış evinin yerləşdiyi küçənin “Məktəbli” deyil, “Məktəb” kimi nəzərə alınmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsində İddiaçı1 iddianı müdafiə edərək bildirmişdir ki, o, 1984-cü ildə ünvan 7 ünvanına gəlin köçmüşdür və hazırda da həmin ünvanda yaşayır. Lakin yaşayış yeri üzrə qeydiyyatı həmin ünvanda yerləşən 14 nömrəli evədir. Halbuki həmin evdə qaynı yaşayır. Bir hissəsində ailə üzvləri ilə birlikdə yaşadığı 14A ünvanında yerləşən ev isə hazırda cavabdehin mülkiyyətindədir. Həmin ev iki hissədən ibarətdir və onların yaşadığı hissə - iki otaq, mətbəx, sanuzel hissələri ayrıdır. Həmçinin onların qaldıqları hissənin ayrıca həyəti, qapısı var. Həyət 1986-cı ildən bölünmüşdür. Bundan başqa, evlər də bölünmüş, ona iki otaq düşmüşdür. O da ona düşən hissədə yoldaşı və uşaqları ilə birlikdə yaşamışdır. Həmin vaxtdan bu günə qədər heç vaxt 14 ünvanında yerləşən evdə yaşamamışdır. Həmin ünvanda qayınanası yaşadığı dövrdə yalnız ona qulluq etmiş, özü isə həmişə ailəsi ilə birlikdə 14A ünvanında yaşamışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı2 iddianı müdafiə edərək bildirmişdir ki, o, 1985-ci ildə doğulduğu gündən ünvan 7 ünvanında yaşamışdır. Yalnız 2007-ci ildə evləndikdən sonra 14 ünvanına köçmüş, 3-4 il orada yaşamışdır. Lakin artıq orada yaşamır və həmin hissə hazırda boşdur. Həmçinin həmin ev olduqca köhnə və yaşayış üçün yararsız evdir. Bundan başqa, həmin evə oğlunu qeydiyyata aldırması da mümkün olmamışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğulduğu vaxtdan yaşadığı evə istifadə hüququnun tanınmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, anadan olandan ünvan 7 ünvanında yerləşən evdə yaşayır. İddiaçı da ailəsi ilə birlikdə həmin evdə, lakin onlardan ayrı yaşayır. Belə ki, ev faktiki olaraq iki hissəyə bölünmüşdür və hər hissədə bir ailə yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, ev 14 ünvanında yerləşən ev isə iddiaçının qayınatasının, onun isə babasının adınadır. İddiaçı da həmin ünvanda qeydiyyata alınmış, lakin orada yaşamamışdır. Digər İddiaçı2 isə doğulduğu vaxtdan 2008-ci ildə ailə qurana qədər 14A-da yaşamış, ailə qurduqdan sonra üç il 14 ünvanında qalmış, ailəsindən ayrılandan sonra yenidən 14A-ya qayıtmışdır və hazırda da orada yaşayır. İddiaçılar 14 A ünvanında yaşadıqları halda nəyə görə 14 ünvanında qeydiyyata alınmalarının səbəbini bilmir. Belə ki, o, 1995-ci ildə dünyaya gəlmişdir və gözünü açandan iddiaçının ailəsi ilə birlikdə 14 A ünvanında yaşadığını görmüşdür. Lakin 14 A ünvanında yerləşən ev onun mülkiyyətində olduğu üçün iddiaçıların həmin evə qeydiyyata alınmalarını istəmir. İddiaçı1 və uşaqları onun babasının evi olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, ev 14 ünvanda qeydiyyatdadırlar. Həmin ev iki hissəyə bölünmüşdür. Bir hissəsi Zəfər əmisinə verilmişdir və hazırda da ailəsi ilə birlikdə orada yaşayır, digər hissəsi isə vaxtilə iddiaçının mərhum əri Fizuliyə verilmiş, bir müddət İddiaçı2 həmin evdə yaşamışdır. Hazırda 14 nömrəli evin çıxarışı da İddiaçı2 Məmmədəli oğlunun adınadır. Qəbul edir ki, hazırda ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi ünvanında yerləşən 14A saylı fərdi yaşayış evinin bir hissəsində - iki otaq, bir eyvan, hamam və mətbəxdən ibarət hissədə iddiaçı və ailəsi yaşamışdır və hazırda da yaşayır. O, bundan sonra da iddiaçı və ailəsinin həmin evdə yaşamalarına etiraz etmir, sadəcə olaraq onların evə qeydiyyata alınmalarını istəmir. Məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-865/2023 nömrəli 10 may 2023-cü il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınmış, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi qət edilmişdir.

11. Məhkəmə öz mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarına, Azərbaycan SSR Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür) 53, 54 və 123-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 54.1, 88, 106.3, 217.2, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X6 birinci instansiya məhkəməsinə vermiş olduğu iddia ərizəsi və ifadəsində göstərdiyi xüsusatlarda yanlışlıq vardır. Bu yanlışlıq məhkəmənin ədalətsiz və əsassız qərar verməsinə gətirib çıxarmış, bunun nəticəsi olaraq mənim konstitutsion hüquqlarım pozulmuşdur. Belə ki, iddiaçı X10 iddia ərizəsi və məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.1984-cü ildə əmisi X25 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və 1984-cü ilin iyun ayından halhazıradək daimi olaraq ünvan 9 ünvanına gəlin köçməklə, orada yaşayır. Oğlu digər iddiaçı isə doğulduğu vaxtdan yəni 1985-ci ildən həmin evdə yaşayır. Lakin qeydiyyat zamanı texniki səhv olaraq şəxsiyyət vəsiqəsindəki ünvan 14A əvəzinə 14 kimi göstərilmişdir. Hazırda şəxsiyyət vəsiqəsini dəyişmək istəyir, lakin 14A nömrəli evin sahibi Yaşar Bünyatov buna razılıq vermədiyi üçün qeydiyyata alınması mümkünsüzdür. Halbuki, o, yəni iddiaçı 1984-cü ildən, oğlu İddiaçı2 isə doğulduğu vaxtdan, yəni 1985-ci ildən Məktəbli küçəsi 14A ünvanında yaşayırlar. Əslində isə bu belə deyildir. İddiaçı xx.xx.1984cü ildə əmisilə evlənərək babası Həmidulla Bunyatova məxsus evə, yəni Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəbli küçəsi 14 nömrəli evə gəlin köçmüşdür. Həmin ev hazırda mərhum babası Həmidulla Bunyatovun mülkiyyətindədir. İddiaçı Günlarə Bünyatovanın əri, (əmisi) mərhum X26 xx.xx.1982-ci il tarixdən vəfatına kimi, iddiaçı Gülnarə Bunyatova isə xx.xx.2005-ci ildən (nikah əsasında) mərhum babasına məxsus Məktəbli küçəsi ev 14 nömrli evdə qeydiyyata alınmaqla həmin evdə yaşamışdır. Burada hər hansı bir texniki səhv ola bilməz, 14 nömrəli evlə, 14A nömrəli ev qonşu olsalar da, ayrı-ayrı torpaq sahəsində yerləşən ayrı evlərdir. İddiaçıların əvvəllər atası Yaşar Bunyatov, hazırda isə ona məxsus olan ev Məktəbli küçəsi 14A ünvanında yerləşən evə qeydiyyata düşməsi üçün hər hansı bir əsas olmamış və ola da bilməz. Məhkəmə yalnışlıqla iddiaçı Gülnarə Bunyatovanın 1984-cü ildən, Məktəbli küçəsi 14 A nömrəli ünvana gəlin köçməsini və digər İddiaçı2 1985-ci ildə həmin evdə, yəni 14A nömrəli evdə doğulmasına əsaslanaraq hazırki əsassız qənamasinə qəbul etmişdir. Halbu ki, hazırda ona məxsus olan Məktəbli küçəsi 14A nömrəli evi atası Yaşar Bünyatov xx.xx.1986-cı ildə alqı-satqı müqaviləsi əsasında X1 almış, xx.xx.1986-cı il tarixdə həmin evə dair atasının adına qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı və oğlunun 1984-1985-ci ildərdə necə 14 A saylı evdə yaşaya bilərlər? O zaman həmin ev heç atamın belə olmamışdır. İddiaçının gəlin köçdüyü və oğlunun doğulduğu dövdə həmin evin sahibi başqa şəxs olmuşdur. Onlar həmin evi sonradan, yəni 1986-cı ildə əldə etmişlər. Atası xx.xx.2022-ci ildə ürək əməliyyatı olunduğu üçün həmin bu evi ona bağışlamış və hazırda Məktəbli küçəsi 14A nömrəli ev onun xüsusi mülkiyyətindir. Evə dair mülkiyyət hüquqlarının xx.xx.2023-cü il tarixdən dövlət tərəfindən qeydiyyata alınmışdır. Mülkiyyətçi olaraq iddiaçı şəxslərin ona məxsus evdən istifadə hüququnun tanınmasına qəti etiraz edir. Bu qarşıda ona problemlər yarada bilər. Birinci instansiya məhkəməsi yalnışlıqla, iddiaçının ona evə gəlin köçməsi və oğlunun onların evdə doğulmasına əsaslanaraq hazırki mübahisənin xx.xx.2000-ci ilədək yaranmış hüquq münasibətləri olduğunu güman etmiş və Azərbaycan SSR Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə əsaslanmaqla hazırki ədalətsiz və qanunsuz qətnaməsini qəbul etmişdir. Halbuki, İddiaçı1 gəlin köçdüyü və oğlu İddiaçı2 doğulduğu ev Məktəbli küçəsi 14 A saylı ev deyil, 14 nömrəli evdir. Ola bilsin evlər qonşu torpaq sahəsində yerləşdiyindən evlərin nömrəsində hər hansı bir texniki səhv olsun. Belə olduğu halda iş üzrə cavabdeh onlar deyil, onun babası və ya əmisi olmalıdır. Çünki cavabdeh İddiaçı1 onların evdə deyil, babasının mülkiyyətində olan 14 nömrəli evə gəlin köçmüş, orada yaşamış, sonra da nikahlı ərinin qeydiyyatda olduğu evə nikah əsasında daimi qeydiyyata alınmışdır. Həmin ünvanda yaşadıqları üçün oğlu digər iddiaçı dünyaya gəlmişdir. Qanunvericiliyin hazırki tələbinə görə iddiaçıların ona məxsus evə istifadə hüquqlarının tanınması üçün yazılı razılaşmanın bağlanması, həmin razılaşmanın notarial qaydada təsdiqlənməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Əgər göstərilən şərtlərin hər hansı biri mövcud deyilsə, onda istifadə hüququnun yaranması mümkün deyildir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 Hafiz oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə İddiaçı2 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı:

18. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür).

19. Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

20. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

21. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin hüquq və vəzifələri. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları.

26. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

27. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Hazırki halda cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini, kassasiya instansiyası məhkəməsinin göstərişlərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-865/2023 nömrəli 10 may 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

37. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsi, 14 saylı fərdi yaşayış evi X4 adına, ünvan 8 saylı fərdi yaşayış evi isə X8 adına qeydiyyata alınmış və mülkiyyətindədirlər.

38. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 8 ünvanında 0.013870 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 109.2 m2 olan fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.

39. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 829 nömrə ilə qeyd edilmişdir.

40. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022- ci il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 xx.xx.2005-ci il tarixdən ünvan 10 ünvanda İddiaçı2 da qeydiyyatdadır.

41. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edərəkən qənaətini onunla əsasllandırmışdır ki, hər iki iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququ var. Belə ki, onların bu hüququ həmin evdə yaşamağa başladıqları vaxt qüvvədə olan Mənzil Məcəlləsinə əsasən yaranmışdır. Belə ki, İddiaçı1 icarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxs (gəlin) kimi, digər İddiaçı2 isə icarədarın ailə üzvünün köçürdüyü (həmin evdə doğulmuş) uşaq kimi ev üzərində istifadə hüququ əldə etmişdir. Həmçinin nəzərə alınmalıdır ki, evin mülkiyyətçisinin sonradan dəyişməsi iddiaçıların evə olan istifadə hüququnun xitamına səbəb olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

42. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı2 bir müddət həmin evdə yox, başqa ünvanda yaşaması (işin bu halı da mübahisələndirilmir) onun həmin evdən istifadə hüququnu itirməsinə səbəb olmamışdır. Belə ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir (Azərbaycan SSR Mənzil Məcəlləsi, maddə 60).

43. Məhkəmə kollegiyası iddia tələbinin təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmir.

44. Belə ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Məktəb küçəsində iki ayrı-ayrı 14 və 14A ünvanda mənzillər mövcuddur. 14 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı2 Məmmədəli oğlunun xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. 14A ünvanında yerləşən fərdi yaşayış evi isə əvvəlcə - bu iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdə X8 xüsusi mülkiyyətində, sonradan evin mülkiyyətçisi dəyişmiş xx.xx.2023-cü il tarixdə Cavabdeh ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 14 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır.

45. Hazırki iddia tələbində iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarının tanınmasını xahiş etsə də, iddia tələləbinin əsaslandırılması (hüquqi əsası) ilə xahiş etdi hissəsi və işin faktiki halları bir-biri ilə uzlaşmır.

46. Belə ki, İddiaçı1 1984-cü ildən, digər İddiaçı2 isə doğulduğu 1985-ci ildən İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşadıqlarını qeyd etsə də, iş materiallarına əlavə edilən və apellyasiya icraatı zamanı tədqiq edilmiş 22 yanvar 1986-cı il tarixli müqavilədən görünür ki, satıcı X12 özünə məxsus Bakı şəhəri, Əmircan qəsəbəsi, Məktəb küçəsi, ev 14 a-nı alıcı X13 35.000 manata satmışdır.

47. Göründüyü kimi, fərdi yaşayış evi İddiaçı2 tərəfindən 22 yanvar 1986-cı il tarixində əldə edildiyi halda İddiaçı1 1984-cü ildən, digər İddiaçı2 isə doğulduğu 1985-ci ildən həmin evdə yaşaması işin faktiki halları baxımından qəbul edlilən deyil.

48. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçlar iddia tələbində şəxsiyyət vəsiqələrində ünvanlarının texniki səhv olaraq 14 a əvəzinə 14 kimi qeyd edildiyini, halhazırda şəxsiyyət vəsiqəsin dəyişmək istəyən zaman anlaşılmazlıq yarandığını göstərsələr də, iş materialarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, İddiaçı1 xx.xx.2005 və 01.07. 2014-cü illərdə (iki dəfə), digər İddiaçı2 isə xx.xx.2003 və xx.xx.2022-ci illərdə (iki dəfə) şəxsiyyət vəsiqəsini dəyişdirmiş və hər iki iddiaçının qeydiyyat ünvanı ünvan 12mişdir. Bu müddət ərizədə iddiaçılar həmin halı mübahisələndirməmişlər. Nəzərə alınmalıdır ki, iddiaçıların iddia tələbində qeyd etdikləri hallar həmin şəxslərin fərdi yaşayış evinə istifadə hüququnu tanınması tələbinin deyil, başqa bir tələbin əsasını təşkil edir ki, bu isə iddia tələləbinin işin faktiki halları uzlaşmadığını bir daha təsdiq edir.

49. Kollegiya qeyd edir ki hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

51. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

52. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.

53. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

54. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

55. Kollegiya hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçılarnın özünə, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilməlidir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-865/2023 nömrəli 10 may 2023cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. İddiaçılar tərəfindən iddia ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıların özünə, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu isə cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar