Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5172/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ("xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh və vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ("xxxx" Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-146/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. "Zamin Bank” ASC (kreditor) ilə Cavabdeh (borcalan) arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli, 122 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcalana illik 15% olmaqla 156 ay müddətinə qaytarmaq şərti ilə 170.000 manat məbləğində kredit verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirilməsini öhdəsinə götümüşlər. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit borcalana ünvan 1 ünvanında yerləşən binanın B blokunda 59 saylı mənzilin alınmasına verilir.
2. "Zamin Bank” ASC (ipoteka verən) ilə Cavabdeh (ipoteka qoyan) arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli 122/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, "Zamin Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli, 122 nömrəli kredit müqaviləsinə əsasən ipoteka saxlayan tərəfindən Cavabdeh ayrılmış 170.000 manat məbləğində kreditin təminatı üçün ipoteka verən şəxsi mülkiyyətində olan mənzili ipoteka qoyur. Müqavilənin 1.3-cü bəndinə əsasən, ipoteka qoyulan Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən binanın B blokunda 6-cı mərtəbəsində istifadədə olan 159.kv.m ümumi sahəsindən ibarət 4 otaqlı 59 saylı mənzildir.
3. İcraçı "Lalə” MTK ilə alıcı Cavabdeh arasında bağlanmış 27 dekabr 2010-cu il tarixli 141/R nömrəli müqavilədən görünür ki, müqavilənin predmeti icraçının tikintisini həyata keçirdiyi 16 mərtəbəli çoxmənzilli yaşayış binasındakı mənzillərdən birini tərəflərin razılaşdığı qiymətlə alıcıya satmasından, alıcının isə aldığı mənzilin dəyərini müəyyən edilmiş müddətdə ödəməsindən ibarətdir.
4. 21 may 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh LPO "Zamin Bank” ASC-yə 27 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 168.771,69 manat əsas, 324.447,90 manat faiz, AR MM-nin 445.7-ci maddəsinə əsasən 2976,88 manat faiz borcu olmaqla, cəmi borcu 496.196,47 manat təşkil edir.
5. LPO "Zamin Bank” ASC-nin Cavabdeh ünvanladığı 21 may 2024-cü il tarixli bildirişin surətindən müəyyən olunur ki, cavabdeh 27 dekabr 2010-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyindən 496.196,47 manat məbləğində borcun ödənilməsinin 3 (üç) gün ərzində təmin edilməsi, əks təqdirdə Bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
6. Azərbaycan Respublikasının Baş Prokurorluğu Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi məhkəmənin sorğusuna 2-2- 2-2-02/3/2-202026262/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Baş İdarənin İstintaq idarəsində ********* nömrəli cinayət işi üzrə Ləğvetmə prosesində olan "ZaminBank” ASC-nin bank lisenziyası əsasında fəaliyyət göstərdiyi dövrdə bir sıra fiziki şəxslərə "Lalə” MTK tərəfindən tikilən çoxmərtəbəli yaşayış binasından mənzil almaq məqsədilə müxtəlif məbləğlərdə kreditlər verilməsi faktı, eləcə də, Cavabdeh müraciəti ilə bağlı istintaq aparılır. İstintaq zamanı Cavabdeh ifadəsində göstərmişdir ki, qohumu (qudası) X6 "Zamin bank” ASC-nin rəhbəri Nadir İsmayılovla dostluq əlaqəsi olduğundan 2007-ci ildə sonuncu tərəfindən inşa edilən, "Lalə” MTK-ya məxsus, ünvan 1, B bloku, 6-cı mərtəbədə yerləşən, 159 kv. metr ölçüdə 4 otaqlı, 59 nömrəli mənzili ipoteka ilə almış, ilkin ödəniş kimi təxminən 48.000 manat ödəniş edilmiş, sənədlərin kötüyü ƏSF-da olduğundan və onlara heç bir sənəd təqdim edilmədiyindən məbləği dəqiq deyə bilməmişdir. 2007-ci ildən qudası ilə birlikdə mənzili təmir etdirmişlər, 2008-ci ildə kürəkəni Hilal Qasımov və qızı övladları ilə orada yaşamağa başlamışlar, təmirə təxminən 100.000 manat civarında pul xərclənmiş, aylıq 1800-2000 manat olmaqla 2009-cu ilin dekabr ayına qədər Nadir Qasımov tərəfindən mütəmadi ödəniş edilmiş, 2009cu ilin dekabrın 5-də sonuncu həbs edilmiş və hipotekanın ödənişində gecikmələr olmuş, bu səbəbdən 2010-cu ilin dekabr ayında ipoteka onun adına keçirilmiş, xx.xx.2010-cu il tarixdə qudası türmədə ola-ola onun adına olan 135.552,49 manat əsas, 20.458.63 manat faiz olmaqla cəmi 156.011,12 manat borc bank tərəfindən bağlanmış və 170.000,20 manat olan qrafik açılmış, nə üçün borcun 156.011,12 manat olduğu halda 170.000,20 manat olmasını soruşanda faiz hesablandığını bildirmişlər. 4 ay fasiləsiz 2.482,49 manat məbləğində ödəniş etmiş, 4 aydan sonra ödənişin edilməsini çatdıra bilməmiş və 3-4 ay fasilə yaranmış, Bank və MTK mənzili sataraq onların pulunu verməyi, ya da ki, evdən çıxmağı, özləri satıb təmir pulunu verəcəklərini demişlər və bu məqsədlə 3-4 ay vaxt vermişlər, mənzili sata bilmədiklərindən mənzildən çıxmışlar, mənzildən çıxarkən MTK və Bankla razılıqları olmuş ki, mənzili satıb ipotekanın pulunu götürəndən sonra qalan pulu onlara verəcəklər. Təxminən 1 il sonra öyrənmiş ki, həmin mənzili adını bilmədiyi şəxs alaraq orada yaşayır. Beləcə nə ipoteka onun adından çıxarılmış, nə evin təmir pulu verilmiş, nə də ki, mənzil geri qaytarılmışdır.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/6349 saylı ekpert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş iş materiallarında öz əksini tapmış hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında imzalanmış 27 dekabr 2010cu il tarixli 122 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı "Zaminbank” Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə və maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu 2972,62 manat.
8. "X5 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, 004-069/2025 saylı, 21 may 2025-ci il tarixli rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, ünvan 2 ünvanında yerləşən binanın B bloku, 6-cı mərtəbəsində 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı 59 saylı mənzilin qiymətləndirmə tarixinə bazar dəyəri 353.000 AZN, likvid dəyəri 317.700 AZN təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Ləğv prosesində olan "Zaminbank” ASC-nin "Lalə” Mənzil Tikinti Kooperativi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdeh qarşı "kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 168771,69 manat əsas borc və 324447, 90 manat faiz borcu, 0 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2976,88 manat faiz məbləği olmaqla, cəmi 496196,47 manat məbləğində kredit borcunun və ödənilmiş 787 manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan "Zaminbank” ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının B blokunda 6-cı mərtəbəsində yerləşən 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı 59 saylı mənzilə yönəlməsi, qeyd edilən əmlakların ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlak açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin mənzil boşaldılaraq, alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010- cu il tarixli, 122 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 156 ay müddətinə, illik 15% faiz ödənilmək şərtilə 170000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi "xxxx" MTK iləCavabdeh arasında bağlanmış 141/R saylı müqavilə əsasında Cavabdeh məxsus olan Bakı şəhəri, Ə.Quliyev küçəsi, 2-ci yaşayış binasının B blokunda 6-cı mərtəbəsində yerləşən 159 kv.m ümumi sahədən ibarət 4 otaqlı 59 saylı mənzili İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Mənzilin ipotekaya qoyulması barədə Bank və Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, 122/1 saylı ipoteka müqaviləsi bağlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 168771,69 manat əsas borc və 324447, 90 manat faiz borcu, 0 manat cərimə və kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2976,88 manat faiz məbləği olmaqla, cəmi 496196,47 manat məbləğində kredit borcu mövcuddur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1.3-cü maddəsinə və tərəflər arasında bağlanılmış İpoteka müqaviləsinin 8.1-ci bəndinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilən hüquq normalarının tələblərinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kimi Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinn tələblərinə uyğun olaraq ipoteka qoyanlara bildiriş göndərilmiş və həmin bildirişlərin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-146/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 168.630,91 manat əsas, 319.325.57 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2972,67 manat faiz olmaqla, cəmi 490.929,15 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 780,93 manat hissəsinin tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 145 manat pulun Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim X1 qızı)
12. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, müqavilə üzrə kreditor üzərinə düşən öhdəliyi yerinə yetirsə də, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh isə həmin kreditin ünvan 3 ünvanında yerləşən binanın B blokunda 59 saylı mənzilin alınması üçün götürüldüyünü, 4 ay kredit borcunun mütəmadi olaraq ödənildiyini, lakin daha sonra sonra ödənişi həyata keçirə bilmədiyi, 2011-ci ildən həmin mənzildə yaşamadığını və evin başqasının adına olduğunu, ev onda olmadığından satıb pulu ödəyə bilmədiyini, faiz məbləğləri ilə razı olmadığını qeyd edir. Lakin cavabdeh öz mövqeyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edə bilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 avqust 2024-cü il tarixli, 9/6349 saylı ekpert rəyindən görünür ki, Cavabdeh iddiaçı "Zaminbank” Açıq Səhmdar Cəmiyyətinə müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixə və maliyyə arayışında borcun hesablandığı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcu aşağıdakı kimi müəyyən olunur, xx.xx.2023-cü il tarixə: əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, xx.xx.2024-cü il tarixə əsas borc üzrə 168.630,91 manat, faiz borcu üzrə 319.325,57 manat, illik 5 faiz hesablanmaqla gecikdirilmiş faiz borcu 2972,62 manat. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi borc hissəsində qismən təmin edilməli, Cavabdeh 168.630,91 manat əsas, 319.325.57 manat faiz, kredit müqaviləsinin müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 2972,67 manat faiz olmaqla, cəmi 490.929,15 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. iddiaçı ilə Cavabdeh arasında bağlanmış ipoteka müqaviləsi qanunvericiliyin tələb etdiyi formada bağlanmadığından, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından etibarsızdır. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307-ci, 309.1-ci, 337-ci, 351.1-ci, 385.1-ci, 386.1-ci, 442-ci, 448.1-ci, 462.1-ci, 743.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 119.1-ci, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə "xxxx" MTK-nı dəvət etmək məqsədilə qeyd edilən ünvana bildiriş göndərməklə kifayətlənmiş, bu səbəbdən də üçüncü şəxsin faktiki işdə iştirakı təmin edilmədən natamam araşdırma aparılmışdır. Onunla bank arasında qarşılıqlı razılaşma əsasında kredit müqaviləsinə xitam verilmişdir. O, bankdan nağd şəkildə kredit almamışdır. Bankın ona verdiyi kredit "xxxx" Mənzil tikinti Kooperativinin bankda olan hesabına köçürülmüşdür.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasında cavabehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etməklə əlavə olaraq izahatında qeyd etdi ki, onun təmsil etdiyi şəxs tərəfindən ev təhvil verilmişdir. Bununla da o hesab etmişdir ki, artıq onunla bağlanan kredit müqaviləsi üzrə qarşılıqlı razılaşma əsasında xitam verilmişdir. Bu baxımından da onun banka hər hansı bir borcu yoxdur.
18. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər;
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
24. Hazırkı apellyasiya şikayətində Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edilsə də, şikayətin dəlillərindən ondan tutulan pul məbləğinin, yəni qətnamənin təmin edilən hissəsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamə mübahisələndirilən hissədə yoxlanılır. ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəflərin izahatının dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
26. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tərəflər arasındakı münasibəti öhdəlik hüququndan irəli gələn münasibətlər çərçivəsində qiymətləndirmişdir. Belə ki, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir.
27. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin tələblərinə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
28. Bununla belə, borcun hesablanması qüvəddə olan qanunvericiliyin və müqavilənin şərtlərinə uyğun aparılmışdır. Qeyd edilənlər cavabdehin bununla bağlı dəlillərinin əsassız olmasını təsdiq edir. Bu səbəbdən birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixə yaranmış borc məbləği ilə bağlı gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur.
29. Cavabdehin apellyasiya şikayətinin dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, bankın ona verdiyi kredit "xxxx" Mənzil tikinti Kooperativinin bankda olan hesabına köçürülsə də, həmin kreditin təyinatı ünvan 1 ünvanında yerləşən binanın B blokunda 59 saylı mənzilin alınmasına yönəlmişdir. Belə ki, həmin mənzilin dəyərini bank cavabdehin əvəzinə "xxxx" Mənzil tikinti Kooperativinə ödəmiş və bu səbəbdən də kredit müqaviləsi üzrə borc məbləği də cavabdeh tərəfindən banka ödənilməlidir. Kredit müqaviləsi üzrə öhdəliyin qarşılıqlı razılaşma əsasında evin başqa şəxsə verilməsi ilə xitam verilməsi barədə dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, hazırda həmin müqaviləyə xitam verilməmiş, həmin müqavilə üzrə öhdəlik də icra edilməmiş qalmışdır.
30. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmədiyindən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-146/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.