Məhkəmə qərarları › İş №2(103)-5175/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5175/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5175/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə əsasında nümayəndələri X2 və X1, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və İddiaçı QSC-nin etibarnamə əsasında nümayəndəsi X4 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh1 və cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X6 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetlərinə yönəldiləsi tələbinə dair” iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada bankın xeyrinə 25R000001319 saylı kredit razılaşması üzrə 31.825,73 ABŞ dolları əsas, 14.516,88 ABŞ dolları faiz, 33.091 ABŞ dolları cərimə borcu olmaqla cəmi 79.433,61 ABŞ dolları, 25R000001734 saylı kredit razılaşması üzrə 17.408,94 ABŞ dolları əsas, 8.278,2 ABŞ dolları faiz, 18.007,21 ABŞ dolları cərimə borcu olmaqla cəmi 43.694,35 ABŞ dolları, 25R000003529 saylı kredit razılaşması üzrə 40.916,58 ABŞ dolları əsas, 19.914,15 ABŞ dolları faiz və 43.014,6 ABŞ dolları cərimə borcu olmaqla cəmi 103.845,33 ABŞ dolları, 3 kredit razılaşması üzrə ümumilikdə 226.973,29 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin Cavabdeh2 mülkiyyətinə olan Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində yerləşən 7 nömrəli evin 20 saylı mənzilinə və Bərdə rayonu Mustafağalı kəndində Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X5 paylı mülkiyyətində olan 0,14 ha. torpaq sahəsi və həmin torpaq sahəsi üzərində olan Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evinə (fərdi yaşayış evinin göstəriciləsi 2 mərtəbəli 3 otaqlı ümumi sahəsi 217,3 kvm.etr, Liter B-də 1 mərtəbəli, 102,8 kv.metr olan Təs*-damı) yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, həmin məbləğ kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, ipoteka predmeti olan əmlaklara tutma yönəldikdən və satıldıqdan 1 ay sonra boşaldılaraq alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və öhdəliyə xitam verilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 25L000000817 saylı kredit xətti müqaviləsinin təminat üsulu kimi bank ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002110 saylı, Cavabdeh4 ilə bank arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002109 saylı, Cavabdeh2 ilə bank arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli 25S000001628 saylı zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərə xitam verilməsi, Cavabdeh2 ilə bank arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 25M000000212 saylı, Cavabdeh3, Cavabdeh4 və X8 ilə bağlanmış 13 fevral 2014-cü il tarixli 25M000000220 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci tarixli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsi üzrə 31.825,73 ABŞ dolları əsas, 14.516,88 ABŞ dolları faiz, 4.089,8 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 50.432,41 ABŞ dolları; 14 fevral 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşması üzrə 17.408,71 ABŞ dolları əsas, 8.278,2 ABŞ dolları faiz, 2.217,89 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 27.904,8 ABŞ dolları; 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə isə 40.916,58 ABŞ dolları əsas, 19.914,15 ABŞ dolları faiz, 5.193,7 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 66.024,43 ABŞ dolları olmaqla hər 3 kredit razılaşması üzrə ümumilikdə 144.361,64 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına olan məzənnə ilə Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X5 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 25L000000817 saylı kredit xətti müqaviləsinin təminat üsulu kimi İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002110 saylı, Cavabdeh4 ilə İddiaçı QSC arasında bağlanmış 13 fevral 2014-cü il tarixli 25S000002109 saylı, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli 25S000001628 saylı zaminlik müqavilələri ilə müəyyən edilmiş öhdəliklərə xitam verilməsi, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli 25M000000212 saylı, Cavabdeh3, Cavabdeh4 və X8 ilə bağlanmış 13 fevral 2014-cü il tarixli 25M000000220 saylı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, ilk iddia üzrə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin 15 manat məbləğində hissəsinin Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddia üzrə dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Cavabdeh2 ödənilməsi, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 120 manat məbləğində pul vəsaitinin 45 manat məbləğində hissəsinin İddiaçı QSC-dən, 75 manat məbləğində hissəsinin isə Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və İddiaçı QSC-nin etibarnamə əsasında nümayəndəsi X4 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci tarixli qətnaməsi ilkin iddia üzrə iddiaçının iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilərək iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalıdır. Qətnamə ilə üç ədəd kredit sazişi üzrə Cavabdeh1 cəmi 90.151,02 ABŞ dolları məbləğində əsas borcun, 42.709,23 ABŞ dolları məbləğində faiz borcunun və 11.501,39 ABŞ dolları məbləğində cərimə borcun tutulması qət edilmişdir. Göründüyü kimi kredit faizləri həddindən artıq olduğundan faiz borcunun məbləği əsas borcun məbləğindən bir qədər azdır. Cərimə borcu da çox miqdarda tutulur. Tutulması nəzərdə tutulan cərimə məbləği ağılabatan deyildir, şişirdilmişdir. İddiaçı ilə müqavilə bağlayarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmiş, bu isə müqavilə şərtlərinə yenidən baxmağa əsas verir. Əvvəldən ölkədə manatın daha ciddi devalvasiyaya uğrayacağını, manatın məzənnəsinin ABŞ dollarına nisbətdə öz dəyərini əhəmiyyətli dərəcədə itirəcəyini bilsəydi göstəilən müqavilələri həmin şərtlərlə bağlamaz, ABŞ dolları ilə kredit götürməzdi. Devalvasiyadan əvvəl ölkəyə satmaq üçün gətirdiyi malları sonradan ölkə rəhbərliyinin tövsiyyəsinə əsasən əvvəlki qiymətlərlə satmış, yaxud yeni qiymətlər sabitləşənədək külli miqdarda zərər qaçılmaz oldu. Bank tərərfindən Cavabdeh1 banka dəvət edərək əsas borcdan 75 min ABŞ dolları məbləğində ödəniş etməklə borcların bağlanması təklif edilmişdir. Ancaq maliyyə imkanları olmadığından həmin təklifdən bəhrələnə bilməmişdir. Tutmanın Cavabdeh1 məxsus ipoteka predmetinə yönəldilməsi barədə bildiriş qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmamışdır, daha doğrusu bildiriş ona təqdim edildiyi vaxtdan üç gün müddətində qeydiyyatdan keçirilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın ilkin iddia üzrə Cavabdeh1 faiz və cərimə borclarının tutulması, tutumanın Cavabdeh1 məxsus ipoteka predmetinə yönəldilməsi hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndəsi X3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin qismən - ilk iddia ərizəsinin təmin edilməyən hissəsində və qarşılıqlı iddianın təmin edilmiş hissələrində əsassızdır, ona görə də apelyasiya qaydasında baxılaraq ləğv edilməli, ilk iddia ərizəsi tam təmin edilməli və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4. 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2019- cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyi düzgün tətbiq etməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi kredit xətti müqaviləsi çərçivəsində bağlanmış kredit razılaşmaları üzrə ipoteka qoyanların ödəniş planları ilə tanış olması, verilmiş kreditin məbləği, müddəti, faiz dərəcəsi və valyutası haqqında məlumatlı olmasını nəzərə almamış, əsassız olaraq ipoteka müqavilələrinin etibarsız hesab edilməsi qənaətinə gəlmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, ilk iddia üzrə iddiaçının məhkəməyə təqdim etdiyi kredit razılaşmalarına dəyişiklik edilməsi barədə 01,03.2016-cı il tarixli sazişlər üzrə ödəniş planları zamin Cavabdeh2 tərəfindən 12.05.2016- cı il tarixdə imzalanmışdır. Bu isə onu göstərir ki, bank ilə əsas borclu arasında razılaşma imzalanarkən zamin Cavabdeh2 razılığı əldə olunmamışdır. Cavabdeh2 kredit razılaşmalarına dəyişiklik edilməsi barədə sazişləri 12.05.2016-cı il tarixdə imzalayaraq, sazişlərdə müəyyən edilmiş şərtlərlə bağlı razılığını ifadə etmiş, verilmiş kreditlərin müddəti, məbləği, valyutası və faiz dərəcəsi ilə tanış olmuş, başqa sözlə onları bəyənmişdir. Bundan başqa Bərdə rayonunda yerləşən ipoteka predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi Cavabdeh1dur. Məhkəmə həmin əmlakla bağlı ipoteka müqaviləsini etibarsız hesab edərkən torpaq sahəsi üzərindəki fərdi yaşayış evinin mülkiyyətiçisinin həm də kredit müqaviləsi üzrə əsas borclu olması halını nəzərə almamışdır. Hazırki iş üzrə kredit razılaşmaları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 zamin olduğu kredit xətti müqaviləsi müddətində bağlanılmaqla sonuncuların zaminlik götürdüyü kredit məbləğindən yüksək məbləğdə kredit verilməmiş, bununla da onların məsuliyyətinin artmasına və digər əlverişsiz nəticələrə səbəb olmamışdır. Zaminlik müqavilələrinin zaminin hüquq və vəzifələrini nəzərdə tutan 3-cü maddəsində kreditin məbləğinin faizlə veriləcəyi, kreditdən istifadə üçün faiz hesablanacağı, zaminin də həmin faiz məbləği üçün məsuliyyət daşıdığı qeyd edilmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin kredit borcunun zaminlərdən tutulmaması və tutmanın ipoteka predmetlərinə yönəldilməməsi hissələrində, qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə ləğv edilməsi, ilk iddia ərizəsinin həmin hissələrdə tam təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1, cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X8 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil verdiyi apelyasiya şikayətini müdafiə etdiyini, İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, qarşılıqlı iddia ərizəsində göstərilənlərə və verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, verdiyi apelyasiya şikayətinin təmin edilməsini, bank tərərfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin ilkin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, iddianın ilkin iddia üzrə Cavabdeh1 faiz və cərimə borclarının tutulması hissəsində rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndələri X4 və X3 bank tərərfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiklərini, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərərfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiklərini bildirərək, ilk iddia ərizəsində göstərilənlərə və bank tərərfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdilər, bank tərərfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərərfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsinin kredit borcunun zaminlərdən tutulmaması və tutmanın ipoteka predmetlərinə yönəldilməməsi hissələrində, qarşılıqlı iddia ərizəsinin təmin edildiyi hissədə ləğv edilməsi, ilk iddia ərizəsinin həmin hissələrdə tam təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin isə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndələri Şahin Sadıqov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini, xahiş etməklə, qətnaməni tam, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin faiz və cərimə hissəsində dəyişdirilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin nümayəndələri Şahin Sadıqovun və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 29 noyabr 2013-cü il tarixədək 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 25R000001319 saylı kredit razılaşması müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 25R000001319S saylı sazişdən görünür ki, kreditin müddəti 05 yanvar 2018-ci il tarixədək, 01 mart 2016-cı il tarixli, 25R000001319SA saylı sazişdən isə görünür ki, 01 fevral 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 fevral 2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq 1,6667 faiz hesablanmaqla 36 ay müddətinə 25.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 25R000001734S saylı sazişdən görünür ki, kreditin müddəti 16 iyul 2018ci il tarixədək, 01 mart 2016-cı il tarixli, 25R000001734SA saylı sazişdən isə görünür ki, faiz dərəcəsi 02 mart 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti 04 yanvar 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC Cavabdeh1 aylıq 1,5 faiz hesablanmaqla 36 ay müddətinə 50.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı QSC Cavabdeh1 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 aprel 2015-ci il tarixli, 25R000003529S saylı sazişdən görünür ki, kreditin müddəti 28 avqust 2017-ci il tarixədək, 01 mart 2016-cı il tarixli, 25R000003529SA saylı sazişdən isə görünür ki, faiz dərəcəsi 02 mart 2016-cı il tarixdən 1,3333 faizə endirilməklə kreditin müddəti 01 fevral 2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan, 16 iyul 2019-cu il tarixli Maliyyə arayışlarından görünür ki, Cavabdeh1 25R000001319 saylı, 05.12.2013-cü il tarixli kredit razılaşması üzrə 15.05.2019 tarixə 31.825,73 ABŞ dolları əsas, 14.516,88 ABŞ dolları faiz, 33.091 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə borcun məbləği 79.433,61 ABŞ dolları; 25R000003529 saylı, 27.08.2014-cü il tarixli kredit razılaşması üzrə 15.05.2019 tarixə 40.916,58 ABŞ dolları əsas, 19.914,15 ABŞ dolları faiz, 43.014,6 ABŞ dolları cərimə borcu olmaqla ümumi borcun məlbəği 103.845,33 ABŞ dolları; 25R000001734 saylı, 14.02.2014-cü il tarixli kredit razılaşması üzrə 15.05.2019 tarixə 17.408,94 ABŞ dolları əsas, 8.278,2 ABŞ dolları faiz, 18.007,21 ABŞ dolları cərimə borcu olmaqla ümumi borcun məbləği 43.694,35 ABŞ dolları təşkil edir. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 25S000001628 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli, 25S000002110 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli, 25S000002109 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh4 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə Cavabdeh1 tərəfindən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərlərinə götürmüşdür. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi 7-də çoxmərtəbəli binada yerləşən, 67,1 m2 ümumi, 47,2 m2 yaşayış, 19,9 m2 yardımçı sahədən ibarət, 3 otaqlı 20 saylı mənzil Cavabdeh2 mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 1416 nömrəli kitabın 129587 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Mustafağalı kəndində 0,14 hektar torpaq sahəsində yerləşən 217,3 m2 ümumi, 86,2 m2 yaşayış, 131,1 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğulara – Liter B: 102,8 m2 sahədən ibarət Təs-Damı ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh4, ¼ hissədə Cavabdeh3 və ¼ hissədə X5 mülkiyyətindədir. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 38 nömrəli kitabın 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan, 29 noyabr 2013-cü il tarixli, 25M000000212 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 mülkiyyətindəki Bakı şəhəri, Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsi 7-də çoxmərtəbəli binada yerləşən, 67,1 m2 ümumi, 47,2 m2 yaşayış, 19,9 m2 yardımçı sahədən ibarət, 3 otaqlı 20 saylı mənzil 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı kredit müqaviləsindən və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmasından irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlak 63.144,20 manat məbləğində qiymətləndirilir. İş materiallarında olan, 13 fevral 2014-cü il tarixli, 25M000000220 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ¼ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh4, ¼ hissədə Cavabdeh3 və ¼ hissədə X5 mülkiyyətindəki Bərdə rayonu, Mustafağalı kəndində 0,14 hektar torpaq sahəsində yerləşən 217,3 m2 ümumi, 86,2 m2 yaşayış, 131,1 m2 yardımçı sahədən ibarət, 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibindəki həyətyanı tikili və qurğulara – Liter B: 102,8 m2 sahədən ibarət Təs-Damı 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı kredit müqaviləsindən və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşmasından irəli gələn öhdəliklərin icrasını təmin etmək üçün ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndində göstərilir ki, ipoteka ilə yüklü edilmiş əmlak 21.963,20 manat məbləğində qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası həmçinin kredit müqaviləsi üzrə faizin hesablanması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İddia tələbindən göründüyü kimi İddiaçı QSC tərəfindən Cavabdeh1 verilmiş kredit məbləğlərinə görə 05.12.2013-cü tarixli, 25R000001319 saylı kredit razılaşması üzrə bankın borcludan tələb etdiyi məbləğ - 15.05.2019-cu il tarixə əsas kredit məbləğ üzrə 31.825,73 ABŞ dolları, faiz məbləği üzrə 14.516,88 ABŞ dolları, dəbbə pulu 33.091 ABŞ dolları olmaqla cəmi 79.433,61 ABŞ dolları; 27.08.2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə - 15.05.2019-cu il tarixə əsas kredit məbləğ üzrə 40.916,58 ABŞ dolları, faiz məbləği üzrə 19.914,15 ABŞ dolları, dəbbə pulu 43.014,6 ABŞ dolları olmaqla cəmi 103.845,33 ABŞ dolları;14.02.2014-cü il tarixli, 25R000001734 saylı kredit razılaşması üzrə - əsas kredit məbləğ üzrə 15.05.2019-cu il tarixə 17.408,94 ABŞ dolları, faiz məbləği üzrə 8.278,2 ABŞ dolları, dəbbə pulu 18.007,21 ABŞ dolları olmaqla, cəmi 43.694,35 ABŞ dolları təşkil edir. Məhkəmə kоllegiyası Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin əsas dəlili olan İddiaçı QSC tərəfindən faiz pulunun və cərimə məbləğinin artıq hesablanması və birinci instansiya məhkəməsi tərəfindən isə bu halın kifayət qədər nəzərə alınmaması barədə dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apelyasiya şikayətinin dəlilləri ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 2807 saylı, 10 mart 2020-ci il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqavilələrində qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh1 borcu 05 dekabr 2013-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən 15 may 2019-cu il tarixdə əsas borc 32.872,52 ABŞ dolları, faiz borcu 17.678,11 ABŞ dolları, cərimə borcu 4.089,8 ABŞ dolları; 14 fevral 2014-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən 15 may 2019-cu il tarixdə əsas borc 17.408,71 ABŞ dolları, faiz borcu 10.357,85 ABŞ dolları, cərimə borcu 2.217,89 ABŞ dolları; 27 avqust 2014-cü il tarixli kredit razılaşması üzrə maliyyə arayışında göstərilən 15 may 2019-cu il tarixə əsas borc 43.268 ABŞ dolları, faiz borcu 20.943,44 ABŞ dolları, cərimə borcu 5.193,7 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması və məhkəmə-mühasibatlıq ekspertizasının 2807 saylı, 10 mart 2020-ci il tarixli ekspert rəyi nəzərə alınaraq, 05 dekabr 2013-cü tarixli, 25R000001319 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC tərəfindən 33.091 ABŞ dolları həddində müəyyən edilmiş cərimə borcunun 4.089,8 ABŞ dolları həddində, 27 avqust 2014-cü tarixli, 25R000003529 saylı kredit müqaviləsi üzrə İddiaçı QSC tərəfindən 43.014,6 ABŞ dolları həddində müəyyən edilmiş cərimə borcunun 5.193,7 ABŞ dolları həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və iddiaçının mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin dəbbə pulu və faiz hissəsində gəldiyi nəticə əsaslı və qanuni olduğundan həmin tələblərlə bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa məhkəmə kоllegiyası İddiaçı QSC-nin nümayəndəsi Şahin Sadıqov apelyasiya şikayətində göstərilənləri araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və kredit razılaşmaları üzrə Cavabdeh1 öhdəliklərinin icrası ilə bağlı məsuliyyəti öz üzərilərinə götürsələr də, həmin kredit razılaşmalarına sonradan bank və Cavabdeh1 tərəfindən imzalanmış müxtəlif tarixli sazişlərlə dəyişiklik edilməsi barədə onların razılığı müəyyən edilməmişdir. Odur ki, kredit razılaşmalarında dəyişiklik edilməsinə dair bankla Cavabdeh1 arasında imzalanmış sazişlərdə göstərilən şərtlərin zaminlərə tətbiq olunmaması və zaminlərin öhdəliklərinin kredit razılaşmalarının müddətlərinin bitdiyi tarixədək müəyyən olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Beləliklə, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Eyni zamanda, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2012-ci il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. İş materialları ilə müəyyən edilir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 05 dekabr 2013-cü il tarixli, 25S000001628 saylı, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 13 fevral 2014cü il tarixli, 25S000002110 saylı və İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli, 25S000002109 saylı zaminlik müqavilələri 29 noyabr 2013-cü il tarixli, 25L000000817 saylı Kredit Xətti Müqaviləsi və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razılaşması üzrə borclunun, yəni Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə bağlanmışdır. İddiaçı QSC birinci instansiya məhkəməsinə məhkəməyə ərizə ünvanlayaraq 27 avqust 2014-cü il tarixli, 25R000003529 saylı kredit razılaşması üzrə 01 mart 2016-cı il tarixli, 25R000003529SA saylı sazişin bağlanmasından zamin Cavabdeh2 məlumatlı olmasını, hətta razılaşmaya imza etməsini bildirsə də, bu hal öz təsdiqini tapmamışdır. Bu isə onu göstərir ki, bank ilə əsas borclu arasında razılaşma imzalanarkən zamin Cavabdeh2 razılığı əldə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, zaminlərə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmçinin məhkəmə kоllegiyası İddiaçı QSC-nin nümayəndəsi Şahin Sadıqovun apelyasiya şikayətində qeyd etdiyi, birinci instansiya məhkəməsinin ipoteka predmetləri ilə bağlı qətnamədə gəldiyi nəticələrin qanunsuz və əsassız olması ilə bağlı dəliləri ilə əlaqədar aşağıdakiları qeyd edir. İpoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka oyanın razılığı alınmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.5-ci maddəsinə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Həmin Qanunun 10.6-cı maddəsinə əsasən, ipoteka ilə təmin edilən öhdəlik hissəhissə icra olunmalıdırsa, ipoteka müqaviləsində müvafiq ödənişlərin müddətləri və ya dövriliyi, onların məbləğləri və ya bu məbləğləri müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlinir ki, ipoteka müqavilələrində əsas öhdəliyin mahiyyəti aydın göstərilməli olduğu halda İddiaçı QSC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli, 25M000000212 saylı, eləcə də İddiaçı QSC ilə Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və X8 arasında bağlanmış 13 fevral 2014-cü il tarixli, 25M000000220 saylı ipoteka müqavilələrində Cavabdeh1 bank tərəfindən ayrılmış kredit xəttinin ümumi məbləği və müddəti göstərilmiş, verilmiş kreditin konkret məbləği, faizləri və ödəniş qaydası konkretləşdirilməmiş, bank ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşmaları və həmin razılaşmalara dəyişiklik edilməsinə dair sazişlər “ipoteka qoyan”lar tərəfindən razılaşdırılmamış, onların prosessual iştirakları təmin edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair hissəsində də gəldiyi nəticə əsaslı hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun nəyicəyə gələrək hesab edir ki, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və İddiaçı QSC-nin nümayəndəsi Şahin Sadıqov ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və İddiaçı QSC-nin nümayəndəsi Şahin Sadıqovun apеlyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayətləri təmin еdilmədən saxlanılmalıdır. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-102/2021 saylı, 19 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar