Məhkəmə qərarları › İş №2(103)-518/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-518/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-518/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi X2 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2024- cü il tarixli, e-2(011)- 750/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2014-cü il tarixli 14/200 saylı kredit müqaviləsinə əsasən borverən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.metr olan 10a nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 40400 manat məbləğində borcalana kredit vermişdir.

2. Satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh1 arasında bağlanmış mənzilin alqı-satqısı haqqında 09 oktyabr 2024-cü il tarixli müqavilənin surətindən görünür ki, satıcı Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF-Park” yaşayış massivində inşa edilən (inşa edilmiş) 240C saylı 8 mərtəbəli yaşayış binasında ümumi sahəsi 68 kv.metr olan 1 otaqdan ibarət 10a saylı mənzili alıcıya satmışdır.

3. "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə ilə Abşeron rayonu, Xirdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14 faizlə 120 ay müddətə qədər kreditləşməsi ilə əlaqədar tərəflər razılığa gəlmişdir. Həmin müqavilənin 4.3-cü maddəsinə əsasən, bu müqavilənin 2.1-ci bəndinə əsasən müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən olmayaraq, cəmiyyət həmin günə mövcud olan kredit borcunu va ona hesablanmış faizləri mənzilin alqı-satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla va ya öz vəsaiti hesabına tam şəkildə Banka ödənilməsini öhdəsinə götürür va özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu banka verir.

4. 18 sentyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 221İKNW142820001 saylı müqaviləyə əsasən İddiaçı ASC-nə 30116,38 manat əsas borc, 20175,14 manat faiz borcu və 126,41 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 50417,93 manat borcu vardır

5. 15 fevral 2022-ci il tarixli bildirişindən görünür ki, İddiaçı ASC tərəfindən "xxxx" MMC və Cavabdeh1 borcun ödənilməsi barədə xəbərdarlıq göndərilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 09 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 30116,38 manat əsas borc, 20175 manat faiz borcu və 126,41 manat cərimə borcu olmaqla, cəmi 50417,93 manat borcun və 241,25 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, AAAF-İnşaat” MMC ilə "xxxx" arasında 18 mart 2014-cü il tarixli əməkdaşlıq müqaviləsi bağlanmışdır. Əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq bank tərəfindən müxtəlif dövrləri əhatə edən tarixlərdə müştərilərə "xxxx" MMC Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında inşa etdiyi yaşayış mənzillərinin alınması məqsədilə kreditlər verilmişdir. Həmin kreditlərdən biri "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2014-cü il tarixli, 14/200 saylı kredit müqaviləsidir. Həmin müqaviləyə görə Cavabdeh1 09 oktyabr 2014-cü il tarixli 14/200 saylı kredit müqaviləsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 68 kv.metr olan 10a nömrəli mənzilin alınması üçün 120 ay müddətinə, 14 faiz ödənilməsi şərtilə, 40400 manat məbləğində kredit verilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 may 2024-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2014-cü il tarixli 14/200 saylı kredit razılaşmasının şərtlərinə müvafiq olaraq Cavabdeh1 04 sentyabr 2023-cü il tarixə banka olan borcu ümumilikdə 60814,57 manat (35981,12 manat əsas və 24833,45 manat faiz) məbləğində müəyyən olunmuşdur

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2024- cü il tarixli, e-2(011)- 750/2024 nömrəli qətnaməsi ilə təmin edilmişdir.

10. Qətnamə onunla əsaslandırılmışdır ki, bankla cavabdehlər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində öhdəliklər lazımınca icra edilmədiyi üçün cavabdehlər məsuliyyət daşımalıdırlar. İddiaçı ilə cavabderh "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədə "xxxx" MMC onun müraciəti əsasında müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə, bu barədə Bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq ödəniş gününə mövcud olan kredit borcunu, faizlər daxil olmaqla, Banka tam ödənilməsini öhdəsinə götürmüşdür. Qeyd edilən öhdəliklə bağlı müqavilə yazılı qaydada bağlanmışdır. Həmin müqavilənin 4.3-cü bəndinə görə "xxxx" MMC gələcəkdə yaranacaq öhdəliyin icrasına təminat vermişdir. Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən, öhdəlik təkcə girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə deyil, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. "xxxx" MMC mənzil satdığı müştərilərinə mənzilin dəyərinin ödənilməsi üçün ayrılmış kredit üzrə borcun geçikdirilməsinə görə həmin borcu ödəməyi öhdəsinə götürdüyündən, Cavabdeh1 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə məsuliyyət daşıyır.

11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 442, 448, 460, 462-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qismən ləğv olunmasını və iddianın "xxxx" MMC-dən 50417,93 manat məbləğinin tutulması hissəsinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şikayətin dəlillərinə görə, qətnamədə xx.xx.2014-cü il tarixli razılaşmaya əsasən borcun tutulmasını qət etməsinə baxmayaraq tərəflər arasında heç bir razılaşma olmamışdır, bu razılaşma naməlum olaraq qalır. Birinci instansiya məhkəməsi cavabdeh "xxxx" MMC ilə "xxxx" arasında xx.xx.2014-cü il tarixli Əməkdaşlıq müqaviləsini Zaminlik müqaviləsi kimi qiymətləndirilməsi düzgün deyildir. Çünki qanunvericilik zaminliyə dair zəruri müddəaları müəyyən etmişdir. Əməkdaşlıq müqaviləsinin hüquqi mahiyyətini tərəflərin niyyətini və qarşılıqlı razılaşmanı özündə əks etdirir. Digər tərəfdən, cavabdeh LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə borc alan Cavabdeh1 arasında bağlanmış 09 oktyabr 2014-cü il tarixli 14/200 saylı Kredit müqaviləsinin 4.1-ci bəndinə görə, müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu alınacaq mənzilin ipotekasıdır; 9.2-ci bəndinə görə,...yaranmış borc və ya vurulmuş zərur Borcalanın hesabından akseptsiz qaydada silinir; 9.3-cü bəndinə görə, gecikdirilmiş borc yarandığı tarixdən Borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada Borcalanın öhdəliklərinin icrasının təminata yönəldilməsi prosedurasına başlayır; 15.5-ci bəndinə görə, borcalan öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməməsinə görə Borcverənə dəymiş zərər məbləğində tam məsuliyyət daşıyır; 15.9-cu bəndinə görə, ...mənzil borcalana verilmədikdə və ya vaxtında təhvil verilmədikdə Borcverən bu hallara görə heç bir məsuliyyət daşımır və Borcalan bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin icrasından azad edilmir. Sadalanan bəndlərdən göründüyü kimi sözügedən kredit öhdəliyinin təminat üçün girov və ipoteka predmeti olan daşınmaz əmlak mənzil çıxış edir. Lakin kredit müqaviləsində öhdəliyin icrasının təminatı olaraq xx.xx.2014-cü il tarixli Müqavilə barədə müddəa, həmçinin konkret kredit öhdəliyin icrasının gecikdirilməsi halında Cəmiyyətin məsuliyyəti, habelə Cəmiyyətin iddiaçı bankda olan bank hesablarından akseptsiz qaydada silinməsinə dair tələblər, hətta əlaqələndirici, yönəldici şərtlər göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 04 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstəriş; Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında həmçinin belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Plenum hesab edir ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: İlkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Lakin cavabdeh MMC borc alan Cavabdeh1 ilə iddiaçı LPO "xxxx" ASC-nin Sumqayıt filialı ilə xx.xx.2014-cü il tarixli 14/200 saylı kredit müqaviləsi üzrə yaranmış kredit öhdəliyinə görə məsuliyyəti üzərinə götürməmişdir. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansımüddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Maddi normadan göründüyü kimi xx.xx.2014-cü il tarixli Korporativ müqaviləni zaminlik müqaviləsi hesab etmək olmaz. Bu müqavilə ancaq Bank və Kooperativ tərəflər arasında qarşılıqlırazılıq niyyətlərini əks etdirir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi.

16. İddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

17. Cavabdeh1 nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsinə razı olmadığını bildirdi.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 470.2. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Maddə 471. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin qismən - iddianın "xxxx" MMC-dən 50417,93 manat məbləğinin tutulması hissəsinin ləğv edilib, bu hissədə iddianın rədd edilməsi tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında müqavilələr bağlanmaqla həmin müqavilələrdən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı 18 mart 2014-cü il tarixli əməkdaşlıq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək Cavabdeh1 "xxxx" MMC-də mənzil alqı – satqısı üçün kredit vəsaiti ayırmış, bu barədə Cavabdeh1la 09 oktyabr 2014-cü il tarixdə kredit müqaviləsi imzalayaraq kredit vermiş, lakin sonuncu öhdəliyi lazımi qaydada icra etməmişdir.

23. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 18 mart 2014-cü il tarixli əməkdaşlıq müqaviləsinin 2.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin predmetini Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında tikintisi aparılan çoxmərtəbəli yaşayış kompleksində müştərilərə satılmış mənzillərin dəyərinin 85 faizindən artıq olmayan hissəsinin illik 14%-lə 120 ay müddətə qədər kreditləşdirilməsi ilə əlaqədar tərəflərin qarşılıqlı öhdəlikləri təşkil edir.

24. Müqavilənin 5.2-ci bəndində qeyd olunmuşdur ki, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə cəmiyyətə bildiriş verməklə 30 təqvim günündən gec olmayaraq həmin günə mövcud olan kredit borcunun və ona hesablanmış faizlərin tam şəkildə banka ödənilməsini tələb etmək hüququ vardır.

25. Müqavilənin 4.3-cü bəndində qeyd olunmuşdur ki, müştəriyə verilmiş kredit üzrə ödənişlər 60 gündən artıq gecikdirildikdə bu barədə bankdan bildiriş aldığı gündən etibarən 30 təqvim günündən gec olmayaraq cəmiyyət həmin günə mövcud olan kredit borcunu və ona hesablanmış faizləri mənzilin alqı – satqı müqaviləsini ləğv etməklə həmin mənzili digər şəxsə satmaqla və ya öz vəsaiti hesabına tam şəkildə banka ödənilməsini öhdəsinə götürür və özünə məxsus müəyyən edilmiş bank hesabından göstərilən borcun akseptsiz qaydada silinməsi hüququnu banka verir.

25. Apellyatorun kredit müqaviləsi üzrə zamin olmadığı və zaminliklə bağlı müqavilə bağlamadığı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1, 4.3 və 5.2-ci bəndləri Mülki Məcəllənin 470.1 və 470.2-ci maddəsinin tələblərinə cavab verir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Bundan başqa həmin Məcəllənin 470.2-ci maddəsində qeyd olunur ki, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

26. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" MMC mənzil satdığı müştərilərinə mənzilin dəyərinin ödənilməsi üçün ayrılmış kredit üzrə borcun gecikdirilməsinə həmin borcu ödəməyi öhdəsinə götürdüyündən, hətta özünə məxsus müəyyən edilmiş bank hesabından borcun akseptsiz qaydada silinməsi hüququnu banka verdiyindən Cavabdeh1 iddiaçıdan aldığı kreditin qaytarılmamasına görə məsuliyyət daşıyır.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. 28 Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2024- cü il tarixli, e-2(011)- 750/2024 nömrəli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2024- cü il tarixli, e-2(011)- 750/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar