Məhkəmə qərarları › İş №2(103)-5180/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5180/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5180/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair 2(004)-454/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 55000 ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)- 454/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 55000 ABŞ dolları (əlli beş min ABŞ dolları) (tutulduğu anda Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-454/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(103)-14718/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-454/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-454/2019 saylı qətnaməsinin surətinin rəsmi qaydada ona təqdim edilməsini xahiş etmişdir. Cavabdeh təkrarən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-454/2019 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 2(004)- 454/2019 saylı qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-454/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadının 41-ci bəndində qeyd edilir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Həmin qərardadın 42-ci bəndində isə göstərilir ki, şikayətin bu əsasla geri qaytarılması apellyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, hazırda Cavabdeh tərəfindən təkrarən mübahisələndirilən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-454/2019 saylı qətnaməsinə cavabdehin apellyasiya şikayəti üzrə artıq bir dəfə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılaraq hüquqi qiymət verilmişdir. Belə olan halda, Cavabdeh tərəfindən tərarən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və həmin apellyasiya şikayəti geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 363.1.4, 363.2, 363.3-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2019-cu il tarixli, 2(004)-454/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və həmin apellyasiya şikayəti geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar