Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5182/2023 05.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 4666/2022 nömrəli qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış 20 dekabr 2019-cu il tarixli, MK/03205/73/15 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən borc alana illik 29 faiz ödənilməsi şərti ilə 41 ay müddətinə 6000 manat məbləğdə kredit vermişdir.
2. 20 dekabr 2019-cu il tarixli, MK/03205/73/15 nömrəli kredit müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə zaminlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
3. 15 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka borcu 5354,54 manat əsas borc, 1659,61 manat faiz borcu olmaqla, cəmi 7014,15 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ASC cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə aralarında bağlanmış 20 dekabr 2019-cu il tarixli, MK/03205/73/15 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5354,54 manat əsas borc, 1659,61 manat faiz borcu olmaqla, cəmi 7014,15 manat məbləğdə borcun və 91 manat dövlət rüsumunun bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 20 dekabr 2019-cu il tarixli, MK/03205/73/15 nömrəli kredit müqaviləsinə əsasən bank borcluya 41 ay müddətinə, illik 29% olmaqla 6000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli’’nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdeh2 (zamin) həmin sazişə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borcluya aid bütün öhdəlikləri icra etməlidir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 4666/2022 nömrəli qətnaməsinə əsasən iddia təmin edilmişdir.
7. Qətnamənin əsaslarına görə, iddiaçı müvafiq müqavilə üzrə öhdəliklərini yerinə yetirdiyi halda, kredit alanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Habelə, Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin edilməli, kredit müqaviləsi ləğv edilməklə, cavabdehlərdən 5354,54 manat əsas borc, 1659,61 manat faiz borcu olmaqla, cəmi 7014,15 manat məbləğində borc və 91 manat məbləğdə dövlət rüsumu bankın xeyrinə tutulmalıdır.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 448, 467, 739-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, dəyişdirilib, ona münasibətdə iddianın rədd olunmasını xahiş etmişdir.
10. Şikayətin dəlillərinə görə, Cavabdeh1 Cavabdeh2 keçmiş həyat yoldaşıdır. Aralarında olan ailə münasibətlərinə 2016-cı ildə məhkəmə qaydasında xitam verilmişdir və onlar ayrı yaşayırlar. Cavabdeh2 şəhid ailəsidir. Cavabdeh2 oğlu X3 polis orqanlarında işləmiş və xidməti vəzifəsinin icrası zamanı şəhid olmuşdur. O, 2009-cu ildən “sağ süd vəzisinin” onkoloji xəstəsidir və səhhətində ciddi problemlər vardır. 2019-cu ildə keçmiş həyat yoldaşı Cavabdeh1 ona bildirmişdir ki, o , İddiaçı ASC-dən 6000 manat məbləğində kredit götürür. Bu barədə qeyd olunan bankla onun arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunan bank ona kredit verilməsi üçün bir nəfər şəxsin zamin durmasını tələb edir. Zamin olmasa, bank kredit vermir. Cavabdeh1 ona bildirmişdir ki, guya bank arasında bağlanan zaminlik müqaviləsi formal xarakter daşıyır. Elman özü vaxtlı-vaxtında banka olan borclarını ödəyəcəkdir. Həmin borcların ödənilməsinə görə Cavabdeh2 heç bir məsuliyyət daşımır. O keçmiş həyat yoldaşı Elmana və bank əməkdaşlarına inanıb həmin zaminlik müqaviləsinə imza atıb. Həmin zaminlik müqaviləsində yazılanlardan dəqiq məlumatı olmamışdır. Cavabdeh1 ilk vaxtlarda banka olan kredit borcunu hər ay vaxtlı-vaxtında ödəmiş, sonradan pandemiya ilə bağlı həmin kreditin ödənilməsində müəyyən çətinliklər yaranmışdır. Hazırda da Cavabdeh1 kreditini hər ay vaxtlı-vaxtında ödəyir. Cavabdeh1 kredit ödənişlərini banka ödəməkdən yayınmır, qeyd olunduğu kimi üzrlü səbəbdən kredit ödənişlərini vaxtında ödəyə bilməmişdir. Cavabdeh2 isə kredit ödənişlərini ödəməyə maddi imkanı yoxdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdeh2 apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətinin təmin olunmasını xahiş etdi.
13. Cavabdeh1 da şikayəti təmin olunmasını xahiş edərək, borcun onun özü tərəfindən ödəniləcəyini bildirdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
18. Cavabdehin apellyasiya şikayəti ilə qətnamənin yalnız Cavabdeh2 münasibətdə iddia təmin olunan hissəsi mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
20. İşdə olan mötəbər sübutların məcmusu ilə təsdiq olunur ki, İddiaçı tərəfindən Cavabdeh1 illik 29 faiz ödənilməsi şərti ilə 41 ay müddətinə 6000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 kredit müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə zaminlik öhdəliyini götürmüşdür.
21. Cavabdeh2 iddianın ona münasibətdə təmin olunmamalı olması barədə dəlillərini əsaslandırarkən, Cavabdeh1 onun həyat yoldaşı olması, aralarında olan ailə münasibətlərinə məhkəmə qaydasında xitam verilməsi, onun özünün şəhid ailəsi olması, onkoloji xəstəlikdən əziyyət çəkməsi və s. faktları sadalamışdır. Lakin, kollegiya qeyd edir ki, göstərilən xüsusatların heç biri zaminin məsuliyyətini istisna edən hal deyil.
22. Cavabdeh2 eyni zamanda şikayətində Cavabdeh1 kreditini hər ay vaxtlıvaxtında ödədiyini bildirir. Bu dəlilə münasibətdə nəzərə alınmalıdır ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
23. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı qismən təmin etməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 4666/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, e-2(004)- 4666/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev